Gender fəallar məhkəmə qarşısına çıxarılır (yenilənib)

Məhkəmə. Foto: Meydan TV

Onların barəsində xırda xuliqanlıq maddəsilə protokol tərtib olunub

Cavid Nabiyevlə Əli Məlikov sərbəst buraxılıb.

Məhkəmə Cavid Nəbiyevi 300 manat, Əli Məlikovu isə 70 manat cərimələyib.

***

Mayın 23-də axşam saat 22.30 radələrində Xətai rayonu, 37-ci polis bölməsinin qarşısında saxlanılan bir qrup gender fəalı məhkəmə qarşısına çıxarılır. Onların haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə inzibati xəta protokolu tərtib olunub və məhkəməyə göndərilib. Bu barədə Meydan TV-nin sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, saxlanılanlar arasında Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev var.

Polis bölməsinin qarşısına toplaşan bir qrup gender fəalı iki gün öncə transgenderin saxlanmasına etiraz ediblər.

Mayın 22-də sosial şəbəbəkələrdə Bakının Xətai rayonunda üç transgenderin polislə qarşıdurma görüntüləri yayılıb. Görüntülərdə transgenderin polislə əlbəyaxa olduğu və daha sonra saxlanıldığı görünür.

“Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərində birində 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə 1979-cu il təvəllüdlü şəxsi döyüb, oteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər”, – DİN rəsmisi transgenderlərin saxlanma səbəbini belə izah edib.

Polis bölməsinin qarşısına toplaşanların inzibati qaydada məsuliyyətə cəlb olunmasının səbəbinə gəlincə, iddia olunur ki, onlar tanışlarının saxlanılmasına etiraz olaraq, səs-küy salıblar, polis əməkdaşlarıyla mübahisə yaradıblar.

Ana səhifəSosialGender fəallar məhkəmə qarşısına çıxarılır (yenilənib)