Cəsur Məmmədov: “Moskva Bəyannaməsi Rusiyanın boyunduruğuna girməyi hədəfləyir”

Mənbə: president.az

“Sənəd anti-NATO mahiyyətlidir”

“22 fevral Moskva Bəyannaməsi Azərbaycanın hər hansı hərbi toqquşmasız, “ağrısız olaraq” Rusiyanın hərbi boyunduruğuna girməsini hədəfləyir”.

Bunu “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni şərh edərkən bildirib.

Cəsur Məmmədov hesab edir ki, Moskvanın məqsədi Cənubi Qafqazın bu vacib ölkəsini “ömürlük nəzarətdə saxlamaq”dır:

“Bəyannamə eyni zamanda gələcək hərbi-siyasi-iqtisadi məsələlərdə Bakının Moskvaya sadiqliyini nümayiş etdirir. Sənədin birinci və ikinci müddəalarında “ərazi bütövlüyünə hörmət”, “bir-birlərinin daxili işlərinə qarışmamaq” və “müstəqil xarici siyasət”dən danışılır. Sonrakı maddələrdən də bəlli olur ki, tərəflərin, xüsusilə də Azərbaycanın bu razılaşma üzrə gələcək fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılacaq”.

“Elə sənədin giriş hissəsində “beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyi” qeyd olunub. Beləliklə, sənəddə Avroatlantik dəyərlər, NATO-nun sülhyaratma siyasəti və s. kənar saxlanılır. Ümumilikdə bu, sənədin anti-NATO mahiyyətindən xəbər verir”, – Cəsur Məmmədov deyib.

Onun fikrincə, Azərbaycan yaxın perspektivdə MDB çərçivəsində, xüsusilə də onun Müdafiə Nazirləri Şurası strukturu üzrə əməkdaşlığını gücləndirəcək. Bu, ona gətirib çıxaracaq ki, Azərbaycan hərbi-siyasi yönüm baxımından Moskvaya fokuslanacaq:

“Azərbaycanın digər beynəlxalq təşkilatlar, xüsusilə də NATO və ona üzv ölkələr, eyni zamanda bir sıra qeyri-NATO ölkələri (misal üçün İsrail) ilə indiyədək əldə etmiş əməkdaşlıq nailiyyətlərini səngidəcək. Əvəzində Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT, ODKB) çərçivəsində sülhməramlı əməliyyatlara cəlb edə bilər. Bu proses təxminən qarşıdakı 2-3 il ərzində sürətlənə bilər”.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi”nə toxunaraq qeyd edib ki, rəsmi Bakının ötən bir il ərzində “Türkiyə modelli ordu” ilə bağlı səsləndirdiyi bəyanatlar əslində Rusiyaya mesaj imiş:

“Yəqin ki, Azərbaycan və Rusiya arasında imzalanmış Bəyannamədə Azərbaycan ordu quruculuğunun perspektivləri (hərbi standartlar, müştərək və ya birgə ordu, hərbi kadrlar, hərbi elm və s.) ilə bağlı hər hansı konkret müddəa, fikrin əks olunmaması bu mesajların və eyni zamanda Türkiyənin mümkün müdaxiləsi nəticəsində mümkün olub”.

“Amma bu, o demək deyil ki, imzalanmış Bəyannamə Azərbaycanda Təhlükəsizlik və Müdafiə Sektorunun gələcəyinə kölgə salmır, əksinə, birbaşa olmasa da, dolayısı ilə Azərbaycanda NATO standartları ilə bağlı olmayan (və yaxud NATO ölkələri tərəfindən dəstək göstərilməyən) bir ordunun yaradılıması arzusu, məqsədi və ya hədəfi hiss olunur”, – ekspert vurğulayıb.

Cəsur Sümərinli
Foto: Cəsur Məmmədovun şəxsi arxivindən

O, Bəyannamənin Azərbaycan üçün aşağıdakı təhlükəsizlik problemləri yaratdığı qənaətindədir. Hesab edir ki, ümumilikdə sənəd Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda bir sıra hüquqi, struktur və idarəetmə dəyişikliklərinə gətirib çıxaracaq:

“Sənəd Azərbaycanın NATO və o cümlədən Türkiyə Silahlı Qüvvələri ilə hərbi və hərbi-texniki əməkdaşlığına mənfi təsir göstərəcək. Azərbaycanla NATO arasında mövcud hərbi əməkdaşlığı tormozlayacaq. Hərbi dəyişikliklər, islahatlar proqramında tez-tez ziddiyyətlər ortaya çıxacaq”.

Ekspertin fikrincə, Azərbaycan və Türkiyə arasında hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesində əməkdaşlıq istiqamətində də müəyyən maneələr ortaya çıxa bilər:

“Azərbaycanın strateji sənədlərinin – Hərbi Doktrinanın və Milli Təhlükəsizlik Konsepsiyasının dəyişidirilməsinə səbəb ola bilər; Azərbaycanın silahlanmasında, ordunun maddi-texniki təchizatında problemlər yarada bilər; Azərbaycanın Silahlı Qüvvələrinin kadr heyətinin təminatı üzrə gələcəkdə ciddi problemlər ortaya çıxara bilər”.

“Rusiya Silahlı Qüvvələrinin Azərbaycanda hərbi mövcudluğunun hüquqi əsaslarını yaradacaq, bu sənəd eyni zamanda Dağlıq Qarabağdakı Rusiya əsgərlərinin fəaliyyətini möhkəmləndirir, onların qalma müddətini uzada bilər. Azərbaycandakı mövcud və gələcək siyasi proseslərə Rusiyanın mümkün hərbi-siyasi müdaxiləsinin əsaslarını formalaşdırır. Qafqaz və Xəzər regionunda Rusiyanın hərbi baxımdan hegemon vəziyyətdə olmasına və gələcəkdə bu rolunun daha da möhkəmlənməsinə səbəb olacaq”, – Cəsur Məmmədov qeyd edib.

Onun fikrincə, Bəyannamədən sonra Azərbaycan Silahlı Qüvvələrinin demokratikləşməsi, şəffaflıq, hesabatlıq, vətəndaş cəmiyyətinin nəzarəti və s. kimi məsələlərdən danışmaq çətin görünür.

Fevralın 22-də Moskvada “Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Sənədi prezidentlər Vladimir Putin və İlham Əliyev imzalayıb.

Bəyannamə 43 bənddən ibarətdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Bəyannamə “İki dövlət arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və prezidentlərin 1 sentyabr 2018-ci il tarixli birgə bəyanatına əsaslanıb.

Ana səhifəSiyasətCəsur Məmmədov: “Moskva Bəyannaməsi Rusiyanın boyunduruğuna girməyi hədəfləyir”