Gəncədə həbs edilən AXCP üzvünə qarşı irəli sürülən  ittiham ağırlaşdırıldı

Razi Alışov, foto: facebook hesabı

Razi Alışovun apelyasiya şikayətinə baxılıb

İyunun 2-də Gəncə Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Razi Alışov haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. Hakim Teyyub Muxtarovun sədrliyilə keçirilən məhkəmə prosesində Razi Alışovun özü də iştirak edib.

Məhkəmədə məlum olub ki, Razi Alışova qarşı irəli sürülmüş ittiham maddəsini dəyişərək, daha da ağırlaşdırıblar. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülmüşdü. Bu maddədə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sonradan ittiham Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (satış məqsədilə bir qrup şəxs tərəfindən külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrinə tövsif olunub.

Razi Alışov məhkəmədə deyib ki, ittihamı qəbul etmir, onun üzərində narkotik olmayıb. O, narkotik maddə ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmadığını vurğulayıb.

Lakin Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası onun barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Razi Alışov mayın 28-də AXCP-dən olan yoldaşlarıyla birlikdə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısında Respublika Gününü qeyd etdikdən və bu haqda “Facebook” hesabındakı paylaşımından az sonra tutulub.

AXCP-nin Gəncə şöbəsinin başqa bir fəalı, şahmat məşqçisi Şahin Hacıyev də bir neçə ay əvvəl narkotik ittihamıyla həbs olunaraq, 6 il azadlıqdan məhrum edilib. O da təqsirsiz olduğunu, “Facebook” hesabındakı paylaşımlarına görə şərləndiyini bildirib.

Razi Alışovun işi üzrə istintaqı da Şahin Hacıyevin istintaqını aparmış müstəntiq Şahəddin Məmmədov aparır.

Ana səhifəSiyasətGəncədə həbs edilən AXCP üzvünə qarşı irəli sürülən  ittiham ağırlaşdırıldı