Gəncə sakini: “Günahsız bir adama dördüncü ildir ki, zülm eləyirlər…”

Polad İsmayılov. Fotolar: ailə albomundan

Rumiyyə İsmayılova: “Ali Məhkəmənin qərarından sonra ümidim yaranıb, amma yenə də qorxuram”

Gəncə sakini Rumiyyə İsmayılova deyir ki, həyat yoldaşı 3 ildən çoxdur törətmədiyi cinayətə görə cəza çəkir. Onun sözlərinə görə, aprelin 25-də Ali Məhkəmənin aşağı instansinın qərarını ləğv edib, işi təkrar araşdırmaya qaytarması bir qədər ümid yaratsa da, yenə narahatlıqları var.

“Bu pozuntuları aşağı məhkəmələrin hakimləri görmürdü?”

O qərardan sonra ümidim yaranıb, amma yenə qorxuram. İşin içində o qədər qanun pozuntuları, o qədər haqsızlıq, o qədər ziddiyyət var, saymaqla bitmir. Ali Məhkəmə də bunlara görə qərarı ləğv elədi. Bu pozuntuları aşağı məhkəmələrin hakimləri görmürdü? Onlar da görürdü. Günahsız bir adama dördüncü ildir ki, zülm eləyirlər”, – Rumiyyə İsmayılova Meydan TV-yə danışır.

Həyat yoldaşı, 1973-cü il təvəllüdlü Polad İsmayılov 2020-ci ilin fevralından həbsdədir. O, 9 il öncə – 2011-ci il fevralın 24-də Zaqatalada 1950-ci il təvəllüdlü Seyran Əyyubovanı qətlə yetirməkdə təqsirləndirilərək həbs edilib.

Seyran Əyyubova evini müxtəlif şəxslərə, o cümlədən ayrı-ayrı bölgələrdən ticarət məqsədilə müvəqqəti Zaqatalaya gələnlərə gündəlik kirayə verirmiş. “Mega Trans” MMC-də sürücü işləyən (yük maşınları idarə edirdi), həmçinin o dövrdə Zaqatala bazarında mişar daşlarının satışıyla məşğul olan Polad İsmayılov da ara-sıra Seyran Əyyubovanın evində gündəlik kirayə qalan 10-15 nəfərin arasında olub.

“Çarpayıya görə adam öldürərlər?”

Cinayət işinin materiallarında iddia olunur ki, Polad İsmayılov qadını ona istədiyi çarpayıda yatmağa icazə vermədiyinə görə qisas almaqdan ötrü öldürüb. Hadisə baş verən günün gecəsi Polad İsmayılov o evdə qalanda qadın ona istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqa qonağı yatacaq. Amma səhər yuxudan oyananda görüb ki, həmin çarpayı boşdur, orada heç kim yatmayıbmış, qadın onu aldadıb. İttihama əsasən, Polad İsmayılov qohumuyla birlikdə çıxıb bazara getsə də, günorta qayıdıb və mübahisə zəminində Seyran Əyyubovanı qətlə yetirib.

Rumiyyə İsmayılovanın qətlindən sonra o evdə qalmış bir çoxu kimi, Polad İsmayılovu da sorğu sual ediblər. Onun bu işə aidiyyəti olmadığını görüb, sərbəst buraxıblar:

“Çarpayıda yatmağa görə adam öldürərlər? Biz sözlə demirik ki, Polad günahkar deyil, faktlarla danışırıq. Araşdırma zamanı evdən qadınla yanaşı, bir kişiyə məxsus da qan damcıları tapılıb. Həmin qan üçüncü qrupdur. Yoldaşımın qan qrupu isə birinci qrupdur. Deməli, hadisə zamanı o adam da xəsarət alıb ki, yerə qan damcılayıb. Halbuki, o vaxt yoldaşımı yoxlamışdılar, onun üstündə heç bir xəsarət olmamışdı. Olsaydı, dərhal saxlayardılar. Şahidlər var ki, hadisə baş verən vaxt Poladın bazarda olduğunu, maşın düzəltdiyini təsdiqləyən şahidlər var…”.

Prokurorluq: “Sübut olunub”

Prokurorluq isə fərqli mövqedədir. Zaqatala Rayon Prokurorluğunun yaydığı məlumatda iddia olunur ki, Polad İsmayılovun Seyran Əyyubovanı qətlə yetirməsiylə bağlı yetərincə dəlil-sübutlar var:

Cinayət işi üzrə müvafiq ekspertizalar keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.

Bu cinayət işinə əvvəlcə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və Polad İsmayılov 11 il azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verilsə də, nəticə dəyişməyib – Şəki Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Lakin aprelin 25-də Ali Məhkəmə belə nəticəyə gəlib ki, aşağı instansiya məhkəməsində bu cinayət işi hərtərəfli araşdırılmayıb. Ona görə də Ali Məhkəmədə Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası qərarı ləğv edərək, işi yenidən araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.

Polad İsmayılov.

Rumiyyə İsmayılova düşünür ki, hüquq-mühafizə orqanları 9 il aça bilmədikləri cinayəti həyat yoldaşının üzərinə qoymaq yolunu seçdiklərinə görə o, bu gün həbsdədir. Polad İsmayılovun işgəncələrə məruz qaldığını, övladlarıyla hədələndiyini deyən İsmayılovanın sözlərinə görə, Zaqatala Rayon Polis Şöbəsində tutulandan bir neçə gün sonra ərini görəndə o, tanınmaz halda idi.

“Ona o qədər işgəncə vermişdilər, sözlə deyiləsi deyil. Deyir ki, canımı qurtarmaq istəyirdim, ona görə qol çəkdim. Həm də onu uşaqlarımızla hədələyiblər. Bir də deyiblər ki, belə razılaşmasan, yazılacaq ki, qadını zorlamısan. O da ailənin adını, şərəfini fikirləşib…”.

Cinayət işinin materiallarından məlum olur ki, Polad İsmayılov 2020-ci il fevralın 24-də Zaqatala Rayon Polis Şöbəsinə telefonla çağırılıb. O, həmin gün polis şöbəsinə getsə də, polisə müqavimət ittihamıyla inzibati qaydada həbs olunur. Bu müddətdə isə ondan ərizə alınıb. Ərizənin isə məzmunu belədir ki, Polad İsmayılov 9 il əvvəl törətdiyi cinayətə görə vicdan əzabı çəkir, bu üzdən onu etiraf etmək qərarına gəlib:

Uşaq da görür ki, bu iş quramadır. Adam öz ayağı ilə polisə gəlir, onun haqqında polisə müqavimət ittihamıyla qərar çıxarırlar. O qərarın məqsədi o idi ki, həbs eləsinlər, o müddətdə əllərinin altında saxlayıb işgəncə versinlər”.

“Günahsız adamı ləkələyirlər”

Rumiyyə İsmayılova mediadan da narazıdır. Deyir ki, həyat yoldaşının təqsirsizlik prezumpsiyası hüququ pozulub, prokurorluq onu cəmiyyətə cinayətkar kimi təqdim edib. Media da heç bir araşdırma aparmadan, qarşı tərəf kimi, onların fikrini öyrənmədən həmin materialları yayımlayıb:

“Təsəvvür edin, aprelin 25-də Ali Məhkəmə yoldaşımla bağlı aşağı instansiyanın qərarını ləğv edib, təkrar araşdırmaya göndərib, amma “Xəzər” telekanalı anons verirdi ki, aprelin 27-də gecə saatlarında veriliş yayımlanacaq, yoldaşım orada cinayətkar kimi təqdim olunacaq. Biz gündüz telekanala getdik, qərarı göstərdik, tələb elədik ki, o veriliş yayımlanmasın. Məsləhətləşdilər, yayımlamadılar. Günahsız bir adamı ləkələmək bu qədər asan olmamalıdır axı… Bu adamın ailəsi, övladları var”.

Ana səhifəBölgəGəncə sakini: “Günahsız bir adama dördüncü ildir ki, zülm eləyirlər…”