Evi sökülən Gəncə sakininin şikayəti ilə bağlı Ali Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin qərardatını ləğv edib.
Gəncənin Nizami küçəsində aparılan yolgenişləndirmə işləri zamanı evi sökülən sakinlərdən biri, Rövşən Ağamirov aprelin 2-də Ali Məhkəmədə keçirilən prosesdən də qane edici cavab ala bilməyib. Rövşən Ağamirov Nizami küçəsində evi sökülən 100-dən artıq mülk sakiblərindən biridir. Onun hüquqlarını müdafiə edən Azad İqtisadiyyata Yardım İctimai Birliyindən verilən məlumata görə, evləri sökülənlərə heç bir kompensassiya ödənilməyib. Evləri tamamilə sökülən sakinlərə isə torpaq sahələri verilsə də, sənədləşmə aparılmayıb.
Təşkilatın hüquqşünası Emin Abbasovun sözlərinə görə, evinin sökülməsi ilə bağlı Rövşən Ağamirovun Gəncə İcra Hakimiyyətinə qarşı şikayətinə məhkəmələrdə müsbət baxılmır:
“Nə Gəncə İqtisad, nə də Gəncə Ali Məhkəmədə məsələyə baxılmadı. Qurumlardan hesab etdilər ki, iş baxılmamış saxlanılmalıdır. Daha sonra biz bununla bağlı Ali Məhkəməyə müraciət etdik. Aprelin 2-də keçirilən iclasda Gəncə Ali Məhkəməsinin qərardadı ləğv edilərək şikayətə yenidən baxılması üçün adiyyatı üzrə məhkəməyə göndərilib”.
Emin Abbasov deyir ki, Gəncə məhkəmələrində hesab edilir ki, İcra Hakimiyyətinə qarşı şikayət etmək olmaz.
Rövşən Ağamirov iddiası Gəncə şəhər İcra Hakimiyyətinin heç bir hüquqi əsası olmadan yolun genişləndirilməsi adı ilə onun evini sökməsi ilə bağlıdır. Buna görə vətəndaşa heç bir kompensasiya da ödənilməyib:
“Məhkəmədə Gəncə şəhər İcra Hakimiyyətinin hüquqşünası bildirib ki, o yol barədə məlumatsızdır. Yolun genişləndirilməsini Nizmai rayon Bələdiyyəsi reallaşdırır. Lakin ikinci qurumun nümayəndəsi bu işin İcra Hakimiyyəti tərəfindən görüldüyünü bildirib. Belə deyək ki, şəhərin ortasında yol genişləndirilir, evlər sökülür, dağıdılır və bundan hamı guya xəbərsizdilər. Absurd bir vəziyyət yaranmışdı”.
Gəncənin Nizami küçədə olan sakinlərin şikayətləri ilə bağlı Meydan TV reportaj da təqdim edib.