Külək Qərb bölgəsinə ziyan vurub
Gəncə çayında suyun səviyyəsinin artması təhlükəli həddə çatıb. Bu gecə çayın sol sahilindəki 10-a yaxın ev su altında qalıb.
Bu barədə məlumatı „Kəpəz TV“ yayıb.
Məlumatda bildirilir ki, su çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinə tərəf axmağa başlayıb və onların həyətinə dolub. Nəticədə evlər qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər aidiyyəti qurumlara xəbər veriblər. Bir neçə saatdır əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Suyun istiqaməti dəyişdirilib. Yaşayış evlərinin həyətlərinə dolan xüsusi qurğularla su çəkilir.
Mayın 24-də əsən güclü külək və dolu isə Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəy rayonlarında fəsadlar yaradıb. Belə ki, kənd təsərrüfatı, elektrik və yol infrastrukturuna ziyan dəyib.
Təbii fəlakət Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlərə səbəb olub. Əksər dağ kəndlərində evlərin dam örtükləri yararsız hala düşüb, 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Güclü külək ticarət köşklərini aşırıb, sınan ağaclar çoxmərtəbəli yaşayış binalarının eyvanlarına və avtomobillərin üzərinə düşüb. 400 hektara yaxın taxıl, 100 hektardan çox kartof sahəsinə zərər dəyib. İri və xırdabuynuzlu heyvanlar tələf olub. 10 elektrik dirəyi aşıb, 1000 metrdən çox elektrik xətti sınıb.
Tovuzda güclü külək və dolu kartof sahələri və meyvə bağlarına ziyan vurub. Elektrik naqilləri, dirəkləri və sayğaclar sıradan çıxıb. Sakinlərin şəxsi təsərrüfatında 100-dən artıq toyuq-cücə də tələf olub. Daha çox Kirən, Böyük Qışlaq, Çatax, Yanıxlı və Köhnə Qala kəndlərinə ziyan dəyib.
Gədəbəydə sakinlərin qazanc yeri olan kartof sahələrinə xeyli ziyan dəyib. Külək rayonda yerləşən Avtomobil Məktəbinin dam örtüyünü də uçurub. Elektrik naqillərinə qismən ziyan dəyib.
Şəmkir rayonunda elektrik və yol təsərrüfatı təbii fəlakətdən ziyan çəkib. Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacın aşması nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərdə fərdi yaşayış evlərinin, sosial obyektlərin dam örtüyünü külək qoparıb.
Şəmkir Rayon FHK-nın sədri Qüdrət Əliyev deyib ki, dolu nəticəsində Şəmkir rayonunun Tatar və Zəyəm-Cırdaxan kəndlərində təsərrüfatlara ziyan dəyib: „Eyni zamanda rayon mərkəzi də daxil olmaqla müəyyən yaşayış məntəqələrində ağaclar qırılaraq yolları bağlayıb. Düyərli kəndində iki ağac qırılaraq magistralı bağlayıb. Bundan başqa, Dəllər qəsəbəsində Sərhəd Xidmətinə aid 5 mərtəbəli yaşayış binasının dam örtüyünü də külək qoparıb. Fəsadlar qismən aradan qaldırılıb. Müəyyən yüngül işlər qalıb, onlar da qısa zamanda öz həllini tapacaq”.
Rayonlar üzrə Fövqəladə Hallar Komissiyasının üzvləri yerlərdə dəyən ziyanın miqdarını araşdırır.