Gənc siyasi məhbusların məhkəmələrində baş verənlər

Nida Vətəndaş Hərəkatının İdarə Heyəti Aygün Pəncəliyevanın Meydan TV-yə açıqlaması: “Noyabrın 14-ü keçirilən məhkəmə noyabr ayının 5-də baş tutmuş hazırlıq iclasının davamı idi. Proses Cavid Hüseynovun sədrliyi ilə baş tutdu. Keçən dəfəki kimi iclas vaxtından yarım saat gec başladı. Məhkəməni izləməyə gələn müttəhimlərin dostları, qohumları, yaxınları, sadəcə dəstəkləmək istəyənlər zala yarım saat gec buraxıldılar.

Məhkəmə hazırlıq iclası vəkillərin, ittiham olunanların zalda iştirak edib-etmədiklərinin, proses iştirakçılarından, hakimdən narazığın olub-olmamasından soruşulması ilə başladı və vəkillərin keçən dəfədən yarımçıq qalmış vəsatətlərinin verilməsi ilə davam etdi. Vəkillər müvəkkilərinin qəfəsdə yox, onların yanında əyləşməsi, bununla onları daha yaxşı müdfiə edə biləcəkləri ilə bağlı vəsatət verdilər. Lakin hakim Cavid Hüseynov daha bir məhkəmə prosesi olduğu üçün vəsatətlərə cavabın verilməsi növbəti iclasa təxirə salındı və proses noyabrın 21-i saat 15:00-a təyin olundu.”

Azad Gənclik Təşkilatının şərlənərək həbs olunmuş üzvü İlkin Rüstəmzadənin bacısı Nərgiz Rüstəmzadənin  Meydan TV-yə məhkəmə haqqında danışdıqları:

“Məhkəmədə iştirak etmək üçün çox çətinliklə içəri keçə bildik. Biz çalışırdıq ki, valideynlər, qohumlar az girsin, bu dəfə dostları, jurnalistlər, hüquq müdafiəçiləri məhkəməyə daxil ola bilsinlər, onsuz da həftədə bir dəfə gedib görə bilirik onları. Lakin onlar israr etdilər ki, ancaq qohumlar gəlsin. Biz içəri daxil olandan sonra Əli Kərimli və İsa Qəmbər də məhkəməyə daxil oldular. Məhkəmədə 2 sıra tamamilə boş idi, mən pəncərədən digərlərinə dedim ki, burda boş yerlər var. Daha sonra məhkəmə zalına Aygün Pəncəliyeva daxil oldu, ondan sonra heç kimə icazə vermədilər gəlsin. Məhkəmə başlayanda hakim çox zəif səslə danışırdı, heç nə eşidilmirdi, içəri çox havasız idi və pəncərələri bağlamışdılar. Zaur Qurbanlının anası Səkinə Qurbanova hakimə dedi ki, bir az ucadan danışın heç nə eşitmirik. Daha sonra hakim bir az yüksək tonla danışmağa başladı. Vəkillərdən birinci Xalid Bağırov danışmağa başladı, demək olar ki, 25 dəqiqə çıxış etməyə başladı, İlkin Rüstəmzadəyə qarşı irəli sürülmüş maddələri.Konstitusiyaya uyğun olaraq bir-bir sadaladı və qeyd etdi ki, xuliqanlıq vitrin yandırmaq, polisə müqavimət göstərməkdir, lakin Harlem Shake videosunda bu hallara rast gəlinməyib. İrəli Gənclər Birliyi Harlem Shake videosunu çəkəndə adını mədəniyyət, irəliləyiş qoyursunuz, müxalif gənclər bunu edəndə adını xuliqanlıq qoyursunuz?

Məhkəmədə biz Xalid bəyi alqışladıq, bayırda isə gəncləri dəstəkləməyə gələn insanlar alqış səsini eşidib onlar da alqışlamağa başladılar. Hakim pərt olmuş şəkildə baxırdı.

Daha sonra məhkəmədə vəkil Elton Quliyev çıxış etməyə başladı. Qeyd etdi ki, əgər bu ittihamda heykəldən söhbət gedirsə deməli, yalnız o heykəl dağıdıldığı halda hansısa zərərvurmadan söhbət gedə bilərdi. İndiki halda isə heykəlin şəxsi həyatı ilə bağlı video görüntülərin internetə yerləşdirilməsindən söhbət gedə bilər ki, bu da xüsusi ittiham qaydasında həll olunası məsələdir. Özü də şəxsin müraciəti əsasında. İndiki halda isə heykəlin özünün müraciəti olmalı idi. Əgər prokurorluq heykəlin qayğısına qalırsa o zaman prokurorluq bu addımı heykəlin etibarnaməsi əsasında ata bilər. Mən dediklərimdə ciddiyəm, çünki bunun başqa hüquqi yolu yoxdu. Sayı çoxaltmaq üçün belə absurd ittihamlar yaraşmaz. Hakim etiraz olaraq soruşdu ki, siz mənimlə ciddi danışırsınız ya zarafat edirsiniz? Elton bəy dedi ki, mən ciddi danışıram və faktla danışıram.

Prosessual Məcəllənin tələblərinin pozulması ilə bağlı vəsatətlərdən danışarkən Müsavat başqanı İsa Qəmbər replika atdı:

– Bu məhkəmənin özü başdan ayağa pozuntudur.

Hakim:

– Kimdir o?

– Mən.

– Qalx ayağa.

– Xeyir ola? Sizin kimi hakimin qarşısında ayağa qalxmaq olmaz. Ağsaqqal adamsız, günahsız uşaqları burda dəmir barmaqlıqlar arxasında saxlayıb axşam evdə necə rahat olursuz? Bu cür ağsaqqallardır günahsız uşaqları həbs edib sonra da yekə-yekə Prosessual Məcəllədən danışırlar.

Daha sonra hakim dedi ki, xahiş edirəm zalı tərk edin, birinci çıxmaq istəmədi. Bundan sonra İsa Qəmbər üzünü dəmir barmaqlıqlar arxasında olan səkkiz gəncə tutdu:

– Millətin sütunu sizsiniz! Biz sizinlə fəxr edirik! Eşq olsun sizlərə! Gün gələcək biz ölkəmizi xilas edəcəyik! Bağışlayın ki, bu tamaşanı bundan artıq izləməyə səbrim çatmır” İsa Qəmbər nitqini bitirdikdə gənclər onu alqışladı. Məhkəmə binasının çölündə də eşidilən alqış səslərinə ora toplaşanlar da alqışla cavab verdi.

Gənclər alqış səsini eşidəndə çox sevindilər, onlar da alqışlamağa başladılar, gözləri parıldayırdı, həddindən artıq pozitivdirlər.

Vəkil Elton Quliyev məhkəmədən xahiş etdi ki, təqsirləndirilən şəxslər dəmir barmaqlıq arxasından çıxarılsın və vəkillərin yanında əyləşsinlər. Çunki bu təqsirsizlik ehtimalı prinsipinin pozulmasına gətirib çıxarır. Polislər maneçilik törədirdilər, birini gördüm ki, facebookdadır baxıb telefona gülürdü, məhkəmə zalında gəzirdilər, ayaqqabılarının səsindən hakimin və vəkillərin səsini eşidə bilmirdik.

Daha sonra hakim dedi ki, başqa məhkəmə prosesi var və məhkəmənin davamı 21 noyabr, 2013, saat 15.00 da olacaq. ”

Ana səhifəXəbərlərGənc siyasi məhbusların məhkəmələrində baş verənlər