İntihara sürükləyən gender problemi
Bu yaxınlarda, 20 yaşlarında bir qız, 12-si apreldə, növbəti “kosmonavtika günü”, Bakının boz bir mikrorayonunda, “İnşaatçılar” metrosunun yaxınlığında, Şərifzadə və Rəhimov küçələrinin çarpazında yerləşən hündürmərtəbəli binanın damından özünü ataraq, intihar etdi. Aşağıda yığılmış seyrçiləri kütləsinin gözü önündə, özünü atmazdan öncə keçirdiyi kiçik bir tərəddüddə baxmayaraq yenə də bu müdhiş hərəkəti etdi.
Deyilənə görə, ailəsi bu qızı məcburi olaraq sevmədiyi insana ərə vermək istəyirmiş, onun intiharına səbəb də bu imiş. Onun ailəsi və yaxınları bu haqda danışmaq istəmədi, onların fikrincə qızın izdivacla bağlı olmayan psixoloji problemləri varmış. Mütəxəssislər isə intiharın, ümumiyyətlə bu cür halların kökündə “gender diskriminasiyası” olduğunu deyirlər.
Gender stereotipi
Uzun illərdir Azərbaycanda gender probleminin həlli istiqamətində işlər görülür. Bu istiqamətdə fəaliyyət göstərən bir çox dövlət və qeyri-dövlət təşkilatları yaradılıb, maarifləndirici layihələr həyata keçirilib, hətta elmi işlər də yazılıb. Cinslərin sosial bərabərliyi haqda maddə özünü milli qanunvericilikdə də tapıb.
Bərabərlikdən danışmaq hələ çox tezdir
10 iyul 1995-ci ildə, Azərbaycanda “Qadınlara qarşı ayrı-seçkiliyin, bütün formalarının ləğv edilməsi haqqında” BMT-nin Konvensiyası ratifikasiya edilib.
“Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyi
tərəfindən hələ 2009-cu ildə “Qadınlara Qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyasının Azərbaycanda həyata keçirilməsinin monitorinqi aparılıb və monitorinq əsasında hazırlanmış alternativ hesabat hazırlayıb. Orada deyilir: “Keçirilən tədqiqatlar göstərir ki, cəmiyyətdə gender stereotiplərinin köklü şəkildə möhkəm olduğuna görə, qadınların vəziyyətinin kişilərlə bərabərləşməsi tendensiyası haqqında danışmaq hələ
çox tezdir
. Gender stereotipi bir çox amillər üzrə ictimai və iqtisadi inkişaf prosesini hələ də idarə etməkdədir. Hərçənd, bəzən qadınlar iqtisadiyyat sahəsində kiçik mövqeləri tutmağa cəhd göstərirlər, lakin bu halda da onların fəaliyyəti ətalətli xarakter daşıyır.
Respondentlərin əksəriyyəti hesab edir ki, yoxsulluq şəraitində yalnız gündəlik-maddi problemləri həll etmək lazımdır. Həm kişilər, həm də qadınlar ənənəvi-patriarxal cəmiyyətin normalarına riayət edirlər, bu isə hətta ən aktiv qadınların fəaliyyətini çətinləşdirir”.
Qadın qadını dəstəkləmir
Psixoloq
Vəfa Əkbər
hesab edir ki, söhbət bir ailədə qadına olan zorakılıqdan gedirsə, bunun başlıca səbəbi o qadının, başqa qadın tərəfindən dəstəklənməməsindən qaynaqlanır. Çünki bir ailədə bir qız uşağı böyüyürsə, onun ən yaxın, ən səmimi rəfiqəsi öz anası olmalıdır. Lakin ana ilə qızı arasında bir uçurum var, el arasında buna “pərdə” deyirlər. Və görünən budur ki, bu “pərdə”nin gətirib çıxardığı problemlər artıq insanları narahat etməkdədir.”
“Bu uçurum nədən yaranır?” – psixoloq
Vəfa Əkbər
aydınlaşdırır.
“Ana daim övladı ilə arasındakı məsafəni, bu arealı saxlamaqla evdə üstünlüyünü, öz reputasiyasını göstərmək istəyir. Bununla da sanki demək istəyir ki, mən böyüyəm, mənimlə məsafəli davranmaq lazımdır və mənə hörmət etmək gərəkdir. Bir növ bu hörmət artıq qibtəyə gəlib çıxır – mənə qibtə etmək lazımdır.”
Qızların nikaha daxil olma yaşı: 12-16 arası
Azərbaycanda ailə haqqında olan qanunlar kodeksində yalnız könüllü əsaslarla nigah bağlanması nəzərdə tutulur. Azərbaycan Respublikasının 1998-ci ildə qəbul edilmiş Uşaq Qanununa (maddə 1) və 1992-ci ildə Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş Uşaq Hüququ üzrə Konvensiyaya (maddə 1) əsasən, 18 yaşı tamam olmamış şəxslər uşaq sayılır və bu səbəbdən nigah əlaqələrinə cəlb edilə bilməz.
Lakin bunlara rəğmən ölkədə erkən dini nigah bağlanmaları faktlarına da rast gəlmək mümkündür.
Hüquq müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları qətiyyətlə təkid edirlər ki, respublikada 10 mindən çox erkən nigah qeydiyyatdan keçib və onların sayı ildən ilə artır. Son illər cənub bölgələrində müxtəlif ictimai təşkilatlar tərəfindən keçirilmiş tədqiqatlar zamanı 12-16 yaş arasında olan qızların erkən nigah hallarının sürətlə artması müşahidə olunur. Ən çox Cəlilabad və Masallı rayonlarında rast gəlinən bu faktlar zamanı həmin qızların yalnız ibtidai təhsilə malik olduqları məlum olub.
Qadınların vəziyyəti – son 100 il ərzində nələr dəyişib?
Tarixən sərt gender qayda-qanunlarının hökm sürdüyü Azərbaycan cəmiyyətində qadınlar ailədən kənarda ola bilməzdilər, ilk öncə ata (və yaxud yaxın qohum) evində, nigah yaşı çatandan sonra isə – ər evində qalmalı idilər. Məhz bu səbəbə görə tarixən Azərbaycanın qadın əhalisi, faktiki olaraq ailədən kənar olaraq heç bir şeyə malik deyildi və evlilik onlar üçün praktiki olaraq yeganə vəsait mənbəyi idi. Qapalı cəmiyyətdə yalnız ailə qurmaq qadınların evlə təmin olunmasına şərait yaradır, onlara mülk, sosial-iqtisadi müdafiə verir, dünyaya uşaq gətirmək üçün vasitə rolunu oynayırdı.
Burada mənbə kimi Azərbaycan klassik ədəbi irsinə müraciət etmək olar: Mirzə Cəlildən başlayaraq (“Danabaş kəndinin əhvalatları” povestindən “Eşşəyin itməkliyi” hekayəsi, “Ölülər” və “Dəli yığıncağı” pyesləri və s.), Qurban Səidin Avropada çox məşhur romanı “Əli və Nino”, Cəfər Cabbarlının pyesləri (“Sevil”, “Almaz”, “Od gəlini” və s.), Sabirin poeziyası, Üzeyir bəyin publisistikasına kimi bütün bu ölməz əsərlərdə, o zamanın müstəmləkə şəraitində yaşayan geri qalmış müsəlman cəmiyyətində qadınlara qarşı dəhşətli bərabərsizlik və zorakılıq çox realistik təsvir edilir, o dövrün saxta “ictimai əxlaqı” qətiyyətlə ifşa olunur.
Təəssüflə qeyd etmək lazımdır ki, bu kontekst son yüz ildə o qədər də dəyişməyib və Azərbaycan cəmiyyəti indi də bu mövzulara qapalı olaraq qalır. Bu səbəblərdən erkən nigah problemi də kifayət qədər qapalıdır və onun ictimai müzakirəsi hansısa böyük nəticələrə gətirib çıxarmır.
Hazırda rəsmi statistika, dövlət xidməti olan Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) İdarəsində qeydə alınmış nigahların və boşanmaların hesabatını aparır. Vətəndaşların nigah vəziyyətinin qeydə alınmasının yalnız bu forması hüquqi qüvvəyə malikdir. Həddi-buluğa çatmamış qızların məcburi şəkildə nigaha cəlb olunması, onların özləri istisna olmaqla, bu prosesin bütün iştirakçılarının cinayəti kimi qiymətləndirilir. Buna görə də erkən nigah hallarının aşkara çıxarılması çətinləşir. Regionlarda bu mövzu isə təəssüf ki, lap aktualdır, belə ki, lap bu yaxınlarda
Əziz Elxanoğlu
nun
verdiyi məlumata görə Oğuz rayonunda 14 yaşlı bir qızı nişanlamışdılar.
Oğlan övladının üstünlüyü fenomeni
“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri
Şəhla İsmayıl
deyir ki, Azərbaycanda tarixən özünü çox qabarıq surətdə ifadə edən fenomen – oğlan övladının üstünlüyü fenomeni var.
“Elə bu faktorun özü həyəcan təbilini çalmaq üçün böyük bir əsasdır. Qadınlara qarşı münasibət, qız övladına qarşı konkret neqativ münasibət də məhz burdan doğur. Bu məsələni ipucu kimi götürsək, ardınca gələn bu zəncirin bütün halqalarını, fəsadlarını görəcəyik.”
Şəhla İsmayıl
ın
sözlərinə görə, problemin səbəb və fəsadlarına həm təhsil problemləri və ümumiyyətlə, cəmiyyətin dərin məsuliyyəti aiddir.
“Çünki burada şübhəsiz ki, ailədən gələn təpkilər də böyük rol oynayır. Ümumiyyətlə, qadının özünü reallaşdırması üçün Azərbaycanda müəyyən baryerlər və maneələr mövcuddur. Bu da qadınların cəmiyyətdə həm siyasi, həm iqtisadi, həm də sosial iştirakçılığının qarşısını alır. Biz öz fəaliyyətimizdə bir çox mənfi fenomenlərlə qarşılaşırıq, misal üçün intihar fenomeni ilə tez-tez rastlaşırıq. Belə ki, intihar öz-özlüyündə çox mənfi bir hadisədir, amma intihar sadəcə fəsadlardan biridir. Qadınlar intihara, deyək ki, bütün başqa çarələr tükəndikdən sonra, çarəsizlikdən ən son anda əl atırlar.
Sual olunur ki, niyə bu çarələr tükənir, niyə bu qapılar bağlıdır, niyə qadın bu işlərin həllini ailə səviyyəsində, cəmiyyət səviyyəsində, nəhayət, dövlət mühafizəsi səviyyəsində almamalıdır ki, sonda da intihara əl atsın?” – ekspert sual edir.
Qanun deyir ki…
İntihar həddinə çatdırma əslində qanunla cinayət hesab olunur. Belə ki,
Cinayət Məcəlləsinin 125-ci maddəsində
aydın şəkildə göstərilir:
Özünü öldürmə həddinə çatdırma
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Səbəblər araşdırılmalıdır
Uzun müddət Qadın Krizis Mərkəzində psixoloq kimi fəaliyyət göstərən
Azad İsizadə
hesab edir ki, əsas risk qrupları yeniyetmələr və ahıl yaşa yaxın insanlardır. Bu qruplar daim öyrənilməlidir: “Bu risk qrupları ilə işlənilməlidir. Məktəblərə, valideynlərə uyğun nazirliklərə bilgilər verilməli, tövsiyələr çatdırılmalıdır. Bir sözlə, qabaqlayıcı tədbirlər görülməlidir”.
Psixoloq Azərbaycanda belə önləyici tədbirlər sisteminin olmadığını deyib: “Biz ancaq nəticələrə qarşı mübarizə aparırıq. Əgər intihar edən sağ qalarsa, onda izah edirik ki, bunu etmək olmaz . Bu da ki, “daldan atılan daş topuğa dəyər” aforizminə bənzəyir”.
Son zamanlar intiharların sayca artmasını narahatlıqla qarşıladığını deyən
Azad İsazadə
bunu Şərq insanı üçün xarakterik saymır: “Ümumiyyətlə, intihar Şərq insanı üçün xarakterik deyil. Ona görə də intiharların sayının artması narahatedicidir. Burada yaş qrupundan əlavə, qadınların, kişilərin intihar səbəbləri öyrənilməlidir. Bunu tam şəkildə öyrənə bilmədən ona qarşı mübarizə effektsiz olacaq”.
Bir çox ədəbi tənqidçilərin XIX əsrdə qadın haqqında yazılmış ən yaxşı roman kimi qeyd etdikləri “Anna Karenina” əsərində Lev Tolstoy o zamanın Çar Rusiyasının ictimai əxlaq çərçivələrindən kənara çıxmış qadının faciəsini təsvir edib. Onun faciəsi yazıçı tərəfindən o dövrün cəmiyyətinə verilmiş diaqnozu və eyni zamanda hökmüdür. Tolstoy bu möhtəşəm əsərdə o zamanın ictimai refleksiyalarına, bərabərlik və mənəviyyat haqdakı müzakirələrə bir növ yekun vermişdi.
Maraqlıdır, Azərbaycanda arxaik ictimai əxlaqın diktəsi və tələblərinə itaətdən imtina edərək intihara məcbur olan müasir qadınların həyatında nələrisə dəyişmək mümkündürmü? Yoxsa bu məsələ o qədər müşkül və həlledilməzdir ki, qarfın dirilib romanı yeni redaksiyada yazması zərurəti var?