2016-cı ilə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 59,3 milyon manat (3,3 faiz) çoxdur
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təşkil edəcək. Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinin proqnozunda xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Sənəddə qeyd edilib ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.
Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi isə 1,05 manat qəbul edilib.
Gələn il Azərbaycanda dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılacaq vəsaitin 4,2 faiz azaldılması nəzərdə tutulur. 2016-cı ildə dövlət büdcəsindən səhiyyə sahəsinə 744,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2015-ci illə müqayisədə 4,2 faiz azdır. 2015-ci ildə dövlət büdcəsindən səhiyyə sahəsinə 777,7 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb ki, onun da 759,2 milyon manatının icra ediləcəyi gözlənilir.
Büdcə proznozlarına görə, 2016-cı ildə müdafiə sahəsinə 1 milyard 837 milyon 800 min manat ayrılması gözlənilir. Məlumata əsasən, gələn ilə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 59,3 milyon manat (3,3 faiz) çoxdur.
Ümumiyyətlə isə Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3 faizi həcmində vəsait nəzərdə tutulub.
Gələn ilin büdcə xərclərinin 16,264 milyard manat olacağı proqnzlaşdırılır.