Rövşən Ağayev: “Gəlirlər Neft Fondunun transferlərinin 1 milyard manatdan çox artımı hesabına baş verəcək”
”Dövlət büdcəsinin təhlilində adətən, xərclər daha çox maraq doğurur. Təbiidir, çünki xərcləmələr bütün sosial qrupların – sahibkar və tələbədən tutmuş, həkim, müəllim və əngəlli insanların maraqlarına toxunur. Amma gəlirlər olmasa, xərcləməyə vəsait də olmaz”.
Bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev 2015-ci ilin dövlət büdcəsini müzakirə edərkən deyib.
2015-ci ilin dövlət büdcəsində gəlirlərlə bağlı problemli məsələləri araşdırmağın vacibliyini vurğulayan ekspert bildirib ki, gələn il dövlət büdcəsinin gəlirləri üzrə 5.7 faiz və ya 1.054 milyard manat artım proqnozlaşdırılsa da, bu artımda iqtisadiyyatın potensialı hər hansı rol oynamayacaq: “Büdcə məlumatlarından aydın olur ki, Vergilər Nazirliyi 2014-cü ildə 7.102 milyard manat, gələn il isə 7.112 milyard manat yığmağı planlaşdırır. Yəni, söhbət cəmi 10 milyon manatlıq cüzi bir artımdan gedir. Bu isə büdcənin ümumi artımının cəmi 0.9 faizini təşkil edir. Gəlirlər Neft Fondunun transferlərinin 1 milyard manatdan çox artımı hesabına baş verəcək. Nəticədə Fondun transferlərinin büdcədə payı 50 faizdən 53.5 faizə yüksələcək, Vergilər Nazirliyinin payı 38.6 faizdən 36.5 faizə enəcək”.
Rövşən Ağayevin fikrincə, cəmi 8-10 min nəfərin çalışdığı xarici neft müqavilələri üzrə muzdlu işə görə gəlir vergisinin həcmi az qala 750-800 min nəfərin çalışdığı qeyri-büdcə təşkilatlarının gəlir vergisinə bərabərdir: “Belə ki, 2015-ci ildə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində 300.6 milyon manat, büdcə işçiləri üçün 261.6 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 390 milyon manat gəlir vergisi ödənəcək. Nəzərə alın ki, qeyri-büdcə təşkilatları içərisində Dövlət Neft Şirkəti, “Azərsu”, “Aztelekom”, Metropoliten, Xəzər Dəniz Gəmiçiliyi kimi iri dövlət şirkətləri də var”.
Gələn il neft sektorunun vergilərinin 502 milyon manat azalacağını, bu azalmanın Dövlət Neft Şirkəti üzrə 325 milyon manat, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə 177 milyon manat olacağını qeyd edən iqtisadçı hökumətin vergidən yayınma ilə bağlı sanksiyaları artırmasına da toxunub: “ Hökumət vergidən yayınmalara görə sanksiyaları 29 milyon manat artıraraq, 189 milyon manata çatdırır”.