Gecikən yardım və ya nazirin şirəli siyasəti

Nəticədə də hamı gedib İranda diaqnoz qoydurur…

Source:

Deyirlər, əcəl adamın canına çökdüsə, yüz təbib gələ, xilas edə bilməz. İnsan özünü bu təsəllilərlə nə qədər ovutsa da, yenə düşünür; bəlkə təcili yardım yetişsəydi, xilas etmək olardı…

Hələ indiyədək kimsədən “nə yaxşı ki, təcili yardım vaxtında yetişdi” – kəlməsini eşitməmişəm. Həmişə gecikmiş yardımın gərəksizliyindən gileylənib insanlar.

Təcili yardım xidməti Azərbaycan səhiyyəsinin mahiyyətidir, iç üzüdür. Bu xidmətdən istifadə ilə əslində səhiyyənin necə bərbad olduğunu müəyyənləşdirmək olur.

Bəyənmədiyimiz Əli İnsanov dönəmində heç olmasa problemini anlatmağa kimsə tapılırdı. Ən azı nazirlikdən kimsə dəstəyi qaldırırdı və sən də izah edə bilirdin ki, məsələn, Xətai rayonundaki təcili tibbi yardım stansiyasının həkimləri elə stansiyanın ikiaddımlığında baş verən qəzaya vaxtında yetişmədiyindən  xəstə dünyasını dəyişdi. Yaxud da elə bu stansiyanın həkimləri ora üz tutan xəstə ölümcül olsa belə, “103” xidmətinə zəng etməmişdən öncə müayinə etmirlər.

Dərdini dinləyən nə gəzir? Eşidən olsaydı deməyə hələ çox söz var. Məsələn, onu da demək olardı ki, adını çəkdiyim stansiyanın ekspertizası meyiti yarmamaq üçün 300 manat rüşvət istəyir. Adını da qoyur “halallıq”.

Yoxdu, bu məmləkətdə hansısa dərdlini dinləyəcək bir insanoğlu yoxdu. Ümumiyyətlə, artıq bizdə “səhiyyənin inkişafı”, “xəstəliyin qarşısının alınması” kimi ifadələr “yeni bina” deyimi ilə assosiasiya olunur. Bu ifadələrin hansını çox işlədirlərsə, o anlama gəlir ki, yeni bina tikiləcək. Məsələn, talassemiyalı xəstələrin artmasından o qədər danışdılar ki, sonda Bakının göbəyində beynəlxalq standartlara uyğun möhtəşəm bina tikildi. İçərisini də avadanlıqlarla doldurub, üstünə yazdılar “Talassemiya Mərkəzi”. Sonra da səhiyyənin şirəsini çəkən nazir Oqtay Şirəliyev də gedib lentini kəsdi, vəssalam. İndi heç o xəstəlikdən danışan da yoxdur. Çünki xəstələrin hamısı üz tutur İrana, Türkiyəyə, Almaniyaya…

Mən hələ rayonlarda tikilən diaqnostika mərkəzlərindən danışmıram. Eləsi var indiyədək içərisindəki aparatlar torbasından çıxarılmayıb. İldən ilə də  büdcədən ayrılan vəsait artırılır. Tikməyə yer olmayanda da köhnəni söküb təkrar inşa edirlər. Nəticədə də hamı gedib İranda diaqnoz qoydurur.

Bu gün elə bir rayon yoxdur ki, orda İrana xəstə aparan xüsusi maşınlar olmasın. Ucuz və rahat şəkildə xəstəni İranın istənilən xəstəxanasına aparıb-gətirirlər. Hətta hansı xəstəliyə görə kimə müraciət etmək lazım gəldiyini də əla bilirlər.  Şirəli nazirimizin azca insafı olsaydı, heç olmasa təcili yardım maşınlarına ayrılan yanacağı onlara yönəldərdi. Camaat da bilərdi ki, bizim səhiyyəmiz də bir işə yarayır.

Hələ Səhiyyə Nazirliyi durub açıqlama da verir ki, respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artıb. Təxminən 669 milyon manat. 2014-cü il üçünsə 725 milyon vəsait nəzərdə tutulub. Yenə xəstəyə yox, çarpayıya vəsait ayrılacaq.

İndi də yeni kampaniyaya başlayıblar. Guya rayonlardakı həkim briqadaları vətəndaşları müayinədən keçirir. Büdcə təşkilatlarında çalışanlar siyahı ilə xəstəxanalara aparılır, seçilmiş adamlar aparatların qarşısında uzanıb tv-lərə bir-iki poz verir, sonra da qol çəkdirilib yola salınır. Adı da olur tibbi müayinə.

Hələ bir utanmadan efirə çıxıb deyirlər ki, cənab prezidentimizin qayğısı nəticəsində vətəndaşlarımız mayın 1-dək pulsuz  müayinə olunacaq. Bəs  deyirdilər dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdu? Səhiyyə pulsuzdursa, niyə kampaniya keçirilir? Pulludursa, niyə pulsuz kimi sırınır?

Suallar çoxdu, sadəcə onu cavablandırmaq səlahiyyəti yalnız cənab nazir Şirəliyevdədir. Amma onu da tapmaq üçün gərək gözləyəsən hansısa xəstəxananın açılışı olsun. Bu il xeyli rayonda xəstəxana tikiləcək. Yəni, ümid var. Səhiyyənin inkişafına yox ha, naziri görüb nəsə soruşmağa.

Ana səhifəMənim FikrimcəGecikən yardım və ya nazirin şirəli siyasəti