Gecələr çörək sexində işləyən müəllimə

Aytən Məmmədova çörək sexində işlədiyinə görə xəcalət çəkdiyini deyir

Source: Specify Source


Dolanışığa görə uşaqlarını internata verib

Salyanın Arbatan kəndində ana dili və ədəbiyyat fənlərindən dərs deyən Aytən Məmmədova aldığı məvaciblə dolana bilmir. İmkansızlıqdan gecələr çörək sexində işləməyə məcbur qalıb.


“Bakı Dövlət Universitetini çörək bişirmək üçün bitirməmişdim”

Üç övladı olan Aytən Məmmədovanın evi yoxdur. Həyat yoldaşı Məftun Məmmədovun ata yurdunda onun payına düşən kiçik hissədə yaşayış yeri düzəltməyə çalışırlar. Nə hamam var, nə də ayaqyolu. Məftun deyir ki, çimməyə hərə bir tərəfə gedir: “Yayda, heç olmasa, uşaqları həyətdə açıq havada çimizdirə bilirik”.

Ailənin əsas yükünü Aytən çəkir. Gecələr çörək sexində işləyir, həftədə üç gün isə Arbatana dərs deməyə gedir: “Sexdə günorta 2-yə, bəzən 4-ə qədər işləyirəm. Cəmi 8 manat verirlər. Başqa çarəm yoxdur. Yaşamağa, uşaqlara görə bu yolu getməyə məcburam”.

Aytən Məmmədova çörək sexində işlədiyinə görə xəcalət çəkdiyini deyir. Şagirdlərinin bundan xəbəri yoxdur: “Müəllim yoldaşlarımı iş yerində görəndə qaçıb gizlənirəm. Bakı Dövlət Universitetinin filologiyasını çörək bişirmək üçün bitirməmişdim”.

image_from_ios (13).jpg
müəllimə çörək sexində

Aytən əvvəldən bildirir ki, şəklini çəkməmizi istəmir. Müəllimin çörək sexində işləməsindən Salyanda çox adam xəbər tuta bilər. Məftun da bunun əleyhinədir. Sonradan Aytən buna razılıq verir.

“On ildir belə dayanmadan işləyirəm. Hər gün! Təsəvvür eləyin, on il hər gün 15-17 saat işləmək nə deməkdi. Uşaqların acından ölməməsi üçün işləyirəm”, – bunu deyib bir müddət susur.


“Yalvardım ki, həyat yoldaşımı işdən çıxarmayın”

Məftun əvvəllər dəmiryolunda işləyirmiş. Onda birtəhər keçinirlərmiş. Məftun işdən çıxarılandan sonra vəziyyətləri çox ağırlaşıb. Aytən danışır:

“Gedib yalvardım ki, həyat yoldaşımı işdən çıxarmayın, acından öləcəyik. Dedim, mən də sizin bacınız, yazığınız gəlsin. Sözümə baxan olmadı”.

Məftun deyir ki, həmin gündən çox çalışsa da, yeni iş tapa bilməyib. İndi müxtəlif yerlərdə fəhləlik eləyir, amma bunu da tapmaq çətindir.

Aytən Məmmədova Salyan Rayon İcra Hakimiyyətində ailənin vəziyyətindən xəbərdar olduqlarını bildirir: “Bir gün getdim ora, dedim, xahiş eləyirəm, təhsil şöbəsinə deyin ki, bir az dərs saatımı artırsınlar. Onda işıqlarımızı kəsmişdilər. İcra hakimiyyətində məni qəbul eləyən adam dedi ki, sənin yerinə işıqpulu ödəməliyəm? Yaxşı, bəs onda icra hakimiyyəti nə üçündür? Kasıb, yoxsul adam acından öləcək, onlar da dayanıb baxacaq?”.

image_from_ios (6).jpg
müəllimə dərsdə

Ailənin 250 manat təbii qaz borcu var. Buna görə gəlib xətti ayırıblar. Məmmədovlar ailəsi qaz balonundan istifadə eləmək məcburiyyətində qalıb.

Bir neçə ay sonra qış gələcək. Pəncərələri olmayan evi qızdırmaq qayğısı Aytəni, Məftunu indidən məyus eləyir. “Analıq eləyə bilmirəm uşağıma” Ailənini böyük qızı Zəhra Mərdəkandakı 2 saylı xüsusi internat məktəbində oxuyur. Aytən bunu xəcalət çəkə-çəkə deyir: “Analıq eləyə bilmirəm uşağıma”.

Zəhranı ora iki il əvvəl göndərmək məcburiyyətində qalıblar. Çünki məktəb xərclərini ödəyə bilmirlər, uşaqların adicə yemək qayğıları həllolunmaz görünür. “İlk günlərdə o qədər ağlayırdı ki… Elə-hey deyirdi ki, ana, darıxıram. Artıq öyrəşib”, – ana sanki özünə təsəlli verir.

image_from_ios (12).jpg
müəllimənin mənzili

Zəhra məktəbdən razıdır. Amma anası, atası üçün darıxdığını gizlətmir. Bu haqda danışanda gözlərinə kədər çökür. Şənbə günlərini xatırlayır. Uşaqların əksəriyyətinin yaxınları gəlib aparır. Zəhra şənbə-bazar günləri məktəbdə bir neçə uşaqla qalır. Valideynləri imkansızdır, onun yanına iki-üç ayda bir dəfə gələ bilirlər. Uşağın gözü yolda qalır…

“Mənim də arzularım vardı… Bataqlıqdayıq. Bir müəllimin evi, güzəranı bu vəziyyətdə olmamalıdır”, – Aytən qəhərdən daha danışa bilmir…

Zəhra yay tətilində anasına çox kömək eləyir, kiçik bacısının, qardaşının qayğısına qalır. Sentyabrın 15-dən sonra yenə evi tərk edəcək. Bu dəfə tək yox. Bacısı Fatimə də onunla internata yollanır…

image_from_ios (14).jpg
müəllimənin mənzili
image_from_ios (15).jpg
Aytən Məmmədova
Ana səhifəBölgəGecələr çörək sexində işləyən müəllimə