Gecələr ağlayıram (VİDEO)

Doğrusu, onunla müsahibəni heç planlaşdırmamışdıq. Dostların doğum gününü Fatmayi kəndində qeyd etməyi qərar aldıq. Bir az keçmiş çox yaşlı, əllərini damarları, üzünü qırışları örtmüş bir nəfər darvazanın qapısını asta-asta açıb bizə yaxınlaşdı. Təklikdən darıxıb dostunun bağına gəlmişdi. Elə bizimlə bir süfrə arxasında oturdu.

O zaman bildik ki, əsasına söykənib asta-asta gəzən qoca İkinci Dünya Müharibəsi iştirakçısı Ərşad Cabbarovdu. “Mən birinci qrup əliləm. Kürəyim yoxdu. Döyüşlərin birində bir də ayıldım ki, başım qıçlarımın arasından keçib. Öz-özümə düşünürəm ki, sağam, yoxsa ölmüşəm. Hər tərəf meşəlik idi. Silahım da meşədə qalmışdı.

Fikirləşdim ki, sürünə-sürünə gedib avtomatı götürüb özümü vuraram, əsir düşmərəm. Ancaq tərpənə bilmirdim. Qan şalvarıma dolmuşdu, lığ-lığ lığıldayırdı” – deyir Ə.Cabbarov. O, Fatmayidə mərhum oğlunun aldığı bağda nəvəsi ilə birgə yaşayır.

Oğlunun eks prezident Əbülfəz Elçibəyin vaxtında rabitə nazirinin müavini olduğunu deyir: “Siruz Abbasbəyli ilə işləyib. Gəldi ki, bu bağı almışam. Bizi bura gətirdi. Ancaq qəfil öldü – 42 yaşında. O, rəhmətə gedəndən burda qalıram – qışda da, yazda da. İndi kimsə gəlib mənə deyəndə ki, buranı sataq, razılaşmıram.

Bu bağ mənə oğlumdan xatirədi. Satsam, ürəyim partlayar”. Ə.Cabbarov əslən Qubadlı rayonundandı. Müharibə bitdikdən sonra Almaniyada qalmaq şansı olsa da, orda yaşamayıb. Bir dostunun sözü ilə geri qayıdıb. Dostu ona “ölsən burda nə səni ağlayan olacaq, nə də üstünə gələn” deyibmiş.

İndi isə peşmandı keçmiş döyüşçü, deyir, orda fərqli həyatım ola bilərdi. “Bir neçə gün bundan əvvəl Qara dənizdə dəniz qüvvələrində qulluq etdiyim vaxt olan hadisə yuxuma girmişdi. Dostumu yanımda vurdular, öldü. O da bizə Moskvada yaşayan valideynlərinə, “oğlunuz öldü, Simferopolda basdırdılar deyərsiniz”-dedi.

Yuxuda necə ağlamışamsa, nəvəm səsimə gəlib, məni yuxudan oyatdı”. Günün böyük hissəsini bağına qulluqla keçirir. Ağacları göstərib hamısını özü əkdiyini deyir. Bağda ikimərtəbəli baxımsız evi yerləşir. Sadə əşyaları var. Otaqların birində bir çarpayı qoyulub. Orda yatır qoca döyüşçü. Hələ də siqaret çəkir.

Həyat yoldaşının yoxluğundan danışmır. Darıxsam da, heç nə dəyişməyəcək deyir. Ə.Cabbarov aramla danışır. Yüksək qan təzyiqindən əziyyət çəkir. Xatirələrə daldıqca da gözləri bir nöqtədə ilişib qalır. Dilimiz dinc durmadı. Ondan Qarabağ sabaşı ilə bağlı da soruşduq. Müharibə olmasın dedi: “Müharibə heç kimə xeyir gətirmir. İnsanlar ölür.

Nə qədər həyat yarımçıq qalır. Qarabağ da bir oyundu…” Veteran xatirələrini çözələdikcə ölümlə burun-buruna gəldiyi anlarını xatırlayır: “Məni yaralı-yaralı buraxdılar xəstəxanadan. Öz günahım idi. Elə xəstəxandan çıxıb küçədə dayanmışdım, iki dənizçi zabit yaxınlaşdı mənə.

Biləndə ki, gedəcək yerim yoxdu məni dənizçilər məktəbinə gətirdilər. Oranı bitirdim. Sonra gəmi ilə Azov dənizinə göndərildik. Kerş şəhərinə. Mən uşaq olanda Molla Yaqub adında biri falıma baxmışdı. Anama demişdilər ki, Ərşadın ölümü su ilə olacaq. Orda yadıma düşdü.

Fikir məni götürmüşdü. Ancaq dənizçilər ürək-dirək verirdi. Bu dəqiqələrdə də gəmi batmağa başladı… Kapitan Brodiski qışqırdı ki, suya tullanın. 100 adamdan 10-u sağ qaldı…”

Ana səhifəVideoGecələr ağlayıram (VİDEO)