TƏBİB xəstəxanalarda 12 nəfərin müalicə aldığını deyir
Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” adlı gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri – Fərqanə Eynullayeva aprelin 6-da vəfat edib.
1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri olub.
Bu barədə TƏBİB məlumat yayıb.
TƏBİB hazırda tibb müəssisələrində 12 nəfərin müalicə aldığını qeyd edib:
“Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb”.
Aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə klubun işçisi Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.
Hadisə ilə əlaqədar Baş Prokurorluq cinayət işi açıb. Aprelin 4-də partlayışa görə 3 nəfər həbs olunub.
“İstintaq zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. “Eyni zamanda, ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi İdarəsinin inspektoru Ruslan Məmmədovun vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, o Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”, – prokurorluğun məlumatında qeyd olunub.