”Füzuli Əliyev məndən 200 min manat istədi”

Zərgər Dubaydan gətirdiyi zinət əşyalarına görə incidilib

Source:
Milli Təhlükəsizlik Nazirliyi, (arxiv foto)


Zərgər Dubaydan gətirdiyi zinət əşyalarına görə incidilib

Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan sabiq idarə rəisi Sübahir Qurbanov və digərləri iş adamlarını hədələyərək külli miqdarda pul əldə etməkdə təqsirli bilinirlər.

Dubaydan qızıl-brilyant gətirirdim

Meydan TV istintaq materiallarını əldə edib. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Azad Əzimov istintaq zamanı ifadəsində bildirib ki, 1999-cu ildən etibarən zərgərlik fəaliyyəti ilə məşğul olub. Son zamanlar maddi çətinliklə əlaqədar olaraq zərgərlik fəaliyyəti ilə məşğul olmur. 2012-ci ilin sentyabr ayının 27-nə qədər Dubay şəhərinə gedib oradakı ticarət mərkəzlərindən brilyant və qızıl-zinət məmulatları alaraq Bakıya gətirib. Bu sahə ilə tez-tez məşğul olduğundan və həmişə düzgün işlədiyindən Dubayda zərgərlik məmulatlarını satanların etibarını qazanıb. Buna görə ona nisyə mal veriblər:

“Sonuncu dəfə 2012-ci ilin sentyabr ayının 21-i, ya da 22-də Dubaya getdim və orada Vahabeş adlı Hindistan vətəndaşından nisyə olaraq dəyəri 85.300 ABŞ dolları olan müxtəlif çeşidlərdə, keyfiyyətdə və əsasən ucuz brilyant qaşlar aldım. Sentyabrın 27-də Bakıya qayıtdım. Qaşlar təxminən 200 karat ölçüdə 4 şəffaf polietilen paketlərdə idi. Həmin vaxt Dubaydan gələndə özümə plazma televizor da aldım. Brilyant qaşları isə şalvarımın yan cibində saxladım, gizli gətirmək istəmirdim”.

Təyyarədən düşəndən sonra, sərhəd və gömrük nəzarətini keçəndə yadında olmayan hansısa nəzarətçiyə elan edib ki, gətirdiyi televizoru hava limanının dayanacağında saxladığı avtomaşınına qoymaq üçün bayıra çıxıb, onu qoyub gəlib brilyantları ofisdə təqdim edəcək.

Füzulinin adını zərgərlərdən eşitmişdim

Həmin vaxt insanların gələn qonaqları qarşılamaq üçün gözlədikləri yerdə özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim etmiş, adlarını sonradan bildiyi Füzuli Əliyev, Natiq və Zaur adlı əməkdaşları ona yaxınlaşaraq, MTN-nə getməyini tələb ediblər. A.Əzimov onlara cibində brilyant olduğunu, onları gömrük işçilərinə təhvil verib sonra onlarla gedə biləcəyimi bildirib. Füzuli Əliyev isə onun sözlərinə məhəl qoymadan vergidən yayındığını, qaçaqmalçılıq etdiyini söyləyib, onu Natiqin “AUDİ Q7” markalı avtomaşınına mindiriblər. A.Əzimov onlara izah etmək istəyib ki, məqsədi televizoru maşına qoyandan sonra hava limanındakı gömrük məntəqəsinə qayıdıb özü ilə Dubaydan gətirdiyi brilyantları işçilərə təhvil vermək olub.

O, ifadəsində bildirib ki, həmin vaxta qədər Füzuli Əliyevi və onun işçilərinin heç birini görməsə də, Fizulinin adını zərgərlərdən eşidib: “Hamı ölkəyə qızıl-brilyant gətirilənlərə nəzarət edən şəxslərdən birinin Füzuli olduğunu deyirdi”.

Məni məcbur etdilər ki…

Zərərçəkən daha sonra deyir:

“Üzərimdə olan dəyəri 85.300 ABŞ dollarlıq brilyant qaşları Füzuli Əliyev alaraq, daşları yaddan çıxartmağımı, onların artıq mənə məxsus olmadığını və müsadirə olunduğunu bildirdi. Saat təxminən 19 radələrində MTN-nin inzibati binasına çatdıq. Məni nazirliyin komendatura binasının ikinci mərtəbəsinə qaldırdılar. Füzuli Əliyev brilyantları mənə qaytarıb cibimə qoymaq barədə göstəriş verdi. Mən brilyantları cibimə qoyandan sonra iki nəfər adam gətirdilər və onların yanında mən cibimdən brilyantları çıxarıb stolun üstünə qoydum. Bundan sonra onlar protokol tərtib edərək mənə qol çəkdirdilər. Həmin iki nəfər adam da protokolu imzalayıb getdi. Baş vermiş hadisə ilə bağlı Natiq izahatımı aldı. Məni məcbur etdilər ki, qaçaqmalçılıqla məşğul olmağımı etiraf edən izahat verim. Mən də onlardan qorxduğum, şok vəziyyətə salındığım üçün nə diktə edirdilərsə, onu da yazırdım. Bu zaman Füzuli oradan getmişdi. Saat təxminən 22 radələrində Füzuli Əliyev gələrək məndən 200.000 manat verməyimi tələb etdi. Əks halda isə həbs olunacağımı bildirdi. Füzuliyə həmin brilyantları nisyə aldığımı, onun tələb etdiyi məbləğdə pulumun olmadığını dedim. Çox qorxmuş vəziyyətdə idim, ona yalvarırdım ki, pulum yoxdur, imkansızam. Füzuli isə ona dəxli olmadığını, 200.000 manat gətirməsəm həbs olunacağımı bildirərək, məni evə buraxdı. Səhər yenidən MTN-nə onun yanına gəlməyimi tələb etdi.

Məbləğ 100 minə enir

MTN-dən çıxıb evə gələrək, yorğun olduğum üçün səhərə qədər yatdım. Ertəsi gün, yəni sentyabırın 28-də saat 10 radələrində atam Həzrətqulu məni yuxudan oyadıb bildirdi ki, Füzuli müəllim adında bir adam məni axtararaq ev telefonuna zəng edib. Hadisənin tarixləri dəqiq yadımda qalıb, çünki 26 sentyabr uşağımın anadan olan günüdür, özüm isə gecikib Dubaydan 1 gün gec gəlmişdim. Saat təxminən 11 radələrində MTN-nə Füzuli Əliyevin yanına gəldim. Orada aparılan söhbət zamanı yenə də Füzuliyə pulumun olmadığını bildirdim. O isə harasa gedib guya öz rəisi ilə məsləhətləşərək, təxminən yarım saatdan sonra qayıdıb mənə gömrüyə pul ödənilməsi adı ilə Moskva Univermağında işləyən tanışlarımdan pul borc alıb verməyimi təklif etdi. Füzuliyə dedim ki, zərgərlər hamısı bilir ki, gömrüyə ödənilən rüsumun məbləği bu qədər ola bilməz. Füzuli isə həmin pulu tapıb gətirməyi tələb etdi. Mən yenə də imkanım olmadığını dedim. Məbləğ barədə razılığa gələ bilmədiyimiz üçün məni evə buraxıb fikirləşməyimi, yoxsa tutulacağımı bildirdi. Evə gedib bu barədə atam Həzrətquluya danışdım. O, özü də sabah mənimlə gəlib Füzulidən vəziyyətlərini nəzərə almağı xahiş edəcəyini dedi. 28 sentyabr 2012-ci il tarixdə atam da mənimlə birlikdə MTN-nə getdi. Lakin onu içəriyə buraxmadılar. Ertəsi gün, yəni sentyabrın 29-da, saat təxminən 12-13 radələrində Füzuli zəng edib MTN-nə çağırdı. MTN-nə gedib komendaturanın ikinci mərtəbəsində Füzuli Əliyevlə görüşdüm. Füzuli rəisi ilə danışıqlar aparıldığını bildirərək, sərbəst buraxılmam üçün Dubaydan gətirdiyim brilyant daş-qaşların onlarda qalmasını və əlavə 100.000 manat pul verməyimi tələb etdi. Ona yenə də bu məbləğdə pul tapa bilməyəcəyini bildirdim. Füzuli dedi:”Pulun yoxdursa, o zaman sənin mallarını rəsmiləşdirərəm, 5-6 ay həbsdə qalarsan, sonra isə apellyasiya məhkəməsi ilə işini qurtararsan, xərcin də az çıxar”.

Evimi satdım

Bundan sonra Füzuli yenə məni evə buraxıb və qısa müddət ərzində 100 000 manatı tapıb gətirməyimi tapşırdı. Bundan sonra oktyabr ayında Füzuli dəfələrlə zəng edərək mənimlə Bakı şəhərində Mərkəzi Klinki Xəstəxananın həyətində, “Ulduz” metrostansiyasının yaxınlığındakı MTN Akademiyasının qarşısında, MTN-nin inzibati binasının yaxınlığında görüşüb söhbətləşirdi. Hər dəfə də ona pulumun olmadığını bildirirdim. Sonuncu dəfə oktyabrın sonlarında Bakı şəhərində Mətbuat prospektindəki “Ovçular evi”nin qarşısında görüş təyin etmişdi. İstədim atam da onunla görüşsün. Çünki fikirləşirdim ki, atam yaşlı kişi olduğuna görə yəqin rəhmi gələr. Həmin gün saat təqribən 15-16 radələrində “Ovçular evi”nin qarşısında Füzuli ilə görüşən zaman atam da bizə yaxınlaşdı. Füzuli atamı görüb qəzəbləndi və işimin daha da pisləşəcəyini deyib, görüşdən imtina edərək çıxıb getdi. Bundan sonra Füzuli dəfələrlə zəng edərək pulu tələb etdi. Məni MTN-nə çağırtdırıb pulu tapmaq üçün çox vaxt verdiyini, lakin bu müddət ərzində pulu çatdırmadığımdan cinayət işi açılacağını və həbs ediləcəyimi bildirirdi. Ona borc tapa bilmədiyimi, satmağa heç bir əmlakımın olmadığını və yalnız ailə üzvlərim ilə yaşadığım ikiotaqlı evimin olduğunu dedim. Füzuli isə nəyi satacağımın ona dəxli olmadığını, əgər pulu çatdırmasam həbs olunacağımı bildirdi. Bundan sonra çarəsiz qalıb 2012-ci ilin noyabr ayının əvvəllərində alqı-satqı müqaviləsi əsasında mənzilimi satdım. Evin pulunu əldə etdikdən sonra noyabr ayının əvvəllərində MTN-nin komendaturasının ikinci mərtəbəsində Füzulidən yalvararaq xahiş etdim ki, 30-40 min manata söhbət həll olunsun. Lakin o, Dubaydan gətirdiyim brilyant daş-qaşlar onda qalmaq şərti ilə konkret olaraq 50.000 manat pul verməyimi tələb etdi. Bundan sonra ilk dəfə 2012-ci ilin noyabr ayının əvvəllərində saat 15 radələrində Füzuli ilə zəngləşib və pulu vermək üçün hazır olduğumu söylədim. O, MTN-nin Akademiyasının yanına gəlməyini tapşırdı. Onun dediyi vaxtda, yəni saat 15 radələrində MTN-nin Akademiyasının yanına gəlib orada təklikdə Füzuli Əliyevlə görüşdüm. MTN-nin Akademiyasının qarşısında gətirdiyim 25.000 ABŞ dollarını şəxsən Füzuliyə verdim. O, nəyə görə pulu tam olaraq gətirmədiyimi soruşduqda dedim ki, istəyirəm ki, pulun qalanına birotaqlı ev alım. O isə etiraz edərək qalan pulu da tez bir zamanda gətirməyimi tapşırdı. Təxminən 10 gün keçəndən sonra yerdə qalan pulun bir hissəsini, yəni 15.000 ABŞ dollar pulu da ona verdim. Füzuli yenə də pulu tam gətirmədiyimə görə iradını bildirdi və qalan 10.000 ABŞ dollarını da qısa müddətdə gətirməyimi tapşırdı. Mən qalan pulu güzəştə getməsini xahiş etsəm də, heç bir xeyri olmadı. Bir neçə gün ərzində Füzulinin adamları Natiq və Zaur bir neçə dəfə mənə zəng edərək qalan pulu çatdırmağımı tələb edirdilər. Ona görə də bir neçə gündən sonra yerdə qalan 10.000 ABŞ dollarını da Füzuli ilə görüşüb şəxsən özünə verdim. Sonuncu dəfə ondan pulu alanda Fizuli bu cür işləri 150.000 – 200.000 dollardan aşağı görmədiklərini bildirdi. Bu barədə heç kimə deməməyimi tələb edərək, qaçaqmalçılıqla məşğul olan zərgərlər barədə onlara məlumat verib pul qazanmağımı təklif etdi. Mən isə bu təklifi qəbul etmədim. 2012-ci ilin noyabr ayından etibarən ailəmlə kirayədə qalırıq, maddi vəziyyətimiz olduqca pisdir, heç Dubaydan aldığım və Füzuli Əliyevin müsadirə etdiyi dəyəri 85.300 ABŞ dolları dəyərində olan brilyantların da pullarını verə bilməmişəm”.

DTX-nın məktubu

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanına təqdim etdiyi məktubundan görünür ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən heç bir qanuni əsas olmadan təşkil olunmuş, Füzuli Əliyevin təşəbbüsü ilə Məmmədov Zaur İbiş oğlunun tərtib etdiyi və Sübahir Qurbanovun imzaladığı tapşırıqla Azad Əzimovun mobil telefon nömrələri 25.09.2012-ci il tarixdən, yəni zərərçəkmiş şəxslərin qanunsuz saxlanılmasından əvvəl nəzarətə götürülərək dinlənilib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində qeyd olunan faktla bağlı aparılmış araşdırma zamanı müəyyən olunub ki, Sübahir Qurbanovun rəhbərliyi ilə Füzuli Əliyevin yaratdığı “qrup” və həmin “qrupun” üzvü olmuş Zaur Məmmədov telefonların dinlənilməsi barədə tapşırığı Əzimov Azad Həzrətqulu oğluna, ümumiyyətlə, aid olmayan hadisə və onu törətmiş şəxs ilə əsassız əlaqələndiriblər. Dövlət Təhlükəsizliyi Xidmətinin arayışından görünür ki, Əzimov Azad Həzrətqulu oğlunun mobil telefon nömrələrinin dinlənilməsinə dair 25.09.2012-ci il tarixli tapşırıq bundan sonrakı dövrdə məhv edilib.

Ana səhifəXəbərlər”Füzuli Əliyev məndən 200 min manat istədi”