Fuad Ağayev: Ciddi düşünməyin vaxtıdır


”Say məhdudiyyəti olmadan eyni şəxsin prezident ola biləcəyə dövlətdə, səlahiyyət müddətinin artırılması artıq avtoritarizmdən çox, totalitarizmi xatırladır”



Prezident İlham Əliyevin iyulun 18-də Konstitusiya Məhkəməsinə təqdim etdiyi “Referendum Aktı” layihəsinə gələn həftə baxılacaq. Artıq siyasi dairələr, hüquqşünaslar və media layihəni müzakirə obyektinə çevirib. Hüquqşünas Fuad Ağayevlə söhbətimizdə layihənin müəyyən qismini müzakirə etməyə çalışdıq.


– Fuad bəy, prezident İlham Əliyev iyulun 18-də


“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi


ni birbaşa Konstitusiya Məhkəməsinə göndərib. Bu, qanunvericiliyin tələblərinə cavab verirmi?

– Əvvəla, mən layihə müəlliflərinin, təşəbbüskarlarının əsl niyyətlərindən xəbərdar deyiləm. Lakin sənədin təhlili onu göstərir ki, qəbul ediləcəyi təqdirdə, o, istər vətəndaş hüquq və azadlıqlarına, istərsə də hakimiyyətlərin bölgüsünə mənfi təsir edəçək, xalq hakimiyyətinin daha da məhdudlaşdırılmasına yönələcək.

Sualınızın məğzinə gələk, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 5.2-ci maddəsinə əsasən, həmin digər normativ aktlarla yanaşı referendum aktları da qanunun tələblərinə cavab verməlidir. Birinci növbədə, layihənin qəbulu planlaşdırılmalıdır. Bu o deməkdir ki, referendum aktı layihəsinin hazırlanması planlı şəkildə həyata keçirilməli (41.1-ci maddə); bu barədə məlumat Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidentinin qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planına daxil edilməlidir (42.1-ci maddə). İkinci, sənəd hazırlandıqdan sonra məcburi ekspertizalardan keçməlidir, söhbət, ilk növbədə, hüquqi ekspertizadan gedir, daha sonra ən azı ekspert rəyləri, müəlliflərinin siyahısı əlavə edilməli; onun qəbul olunması zərurətinin əsaslandırılması vacibdir. Bura yerli qanunvericiliyin və onun tətbiqi təcrübəsinin, xarici dövlətlərin qanunvericiliyinin, kütləvi informasiya vasitələrində dərc olunmuş materialların, layihənin hüquqi tənzimləmə predmetinə dair fiziki və hüquqi şəxslərin müraciətlərinin təhlili; aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması və s. əlavə edilməlidir (48-ci maddə). Ancaq iş bununla məhdudlaşmır, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 42, 43, 52,53 və 61-ci maddələrinə əsasən həm hüquqi, həm də digər ekspertizaların keçirilməsi məcburidir. Bura linqvistik və sui-istifadyə yol verilməməsinə dair ekspertizaların keçirilməsi daxildir. Linqvistik ekspertizada terminoloji qarışıqlığa yol verilməməsi və aktın dilimizin qaydalarına, qrammatik normalarına uyğun yazılmasını özündə ehtiva edir. Sui-istifadə ekspertizası o deməkdir ki, qanunvericilik aktı sui-istifadələrin, o cümlədən, inzibati aktlar, məhkəmələr də daxil başqa dövlət porqanları tərəfindən sui-istifadələrin yol verilməsinin qarşısını minimuma endirsin. Təəssüf ki, bu cür mühüm layihənin ekspertizasının olmaması kədərli haldır.



Bəs əvvəlki illərdə, 2002 və 2009-cu illərdə Konstitusiyaya dəyişikliklər təklif olunanda dediyiniz tələblər yerinə yetirilirdimi?

– Hələ 1977-ci ildə SSRİ-nin və 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiyası qəbul olunandan bir neçə il əvvəl layihələr müzakirə olunanda bütün müəssisələr, elm və təhsil ocaqlarında müzakirə predmetinə çevrildi. Kimsə bunu formal hesab edə bilər, olsun. 1995-ci ildə müstəqil Azərbaycanın konstitusiyası qəbul olunandan əvvəl komissiya təsis edildi və layihə geniş müzakirə olundu. Bundan başqa, KİV-də və peşəkar hüquqşünaslar arasında diskussiyalar açıldı. Həmin müzakirələrin nəticəsi, nə dərəcədə nəzərə alındı, bu, ayrı söhbətdir. Ancaq müzakirə açıldı, ziddiyyətli fikirlər söylənildi. 2002-ci ildə təqdim olunan layihə barədə əhatəli müzakirələr oldu, ola bilər ki, bunlar ümumxalq səviyyəsinə qalxmadı. Amma Azərbaycan Dövlət Televiziyası mənim və digər ekspertlərin, QHT nümayəndələrinin, siyasətçilərin qatıldığı dəyirmi masanı yayımladı. Həmin dəyirmi masaya ATƏT-nin Bakıdakı səfiri moderatorluq edirdi.  Ancaq 2009-cu ildə təklif edilən refendum aktı zamanı sadaladıqlarımın heç biri olmadı.



Mən diqqətinizi Konstitusiyanın 155-ci maddəsinə çəkmək istərdim. Deyilir ki, Konstitusiyanın III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Ancaq prezidentin 18 iyulda təqdim etdiyi təkliflərdə həmin maddələr var. Bu barədə nə deyə bilərsiniz?

– Son illərdə Azərbaycanda ən çox pozulan hüquqlardan biri mülkiyyət hüququdur. Mülkiyyət hüququ istənilən dövlət üçün ciddi məna kəsb edir. O cümlədən, xarici investisiyaların cəlb olunması baxımından. Baxın, azərbaycanlılar xarici ölkələrə investisiya yatırırlar, bunun səbəbi onların vətənlərində qoyacaqları investisiya üçün təminat görməmələridir. Mülkiyyət hüququnun kütləvi və kobud şəkildə pozulması olduqca xoşagəlməyən haldır. Son 7-8 ildə bu tendensiya halını alıb. Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələrində, Xutorda, keçmiş Sovet məhılləsində baş verənlər olduqca ciddi xətalardır. Doğrudur, Avropa İnsan Hüquqları Məhkəməsi ötən il mülkiyyət toxunulmazlığıyla bağlı iki qərar qəbul etdi. Birincisi, “Haqverdiyev Azərbaycana qarşı” işidir, Xutorda onun evini sökmüşdülər, digəri Füzuli küçəsində Nuriyyə Hariqovaya məxsus mənzildir ki, o da sökülüb, bu mənzil 3 mərtəbəli mədəniyyət abidəsidir. Sökülmə zamanı Nuriyyə xanımın azadlıq hüququ da pozulub. Amma mülkiyyət hüququna konkret təminat məhz dövlətin özü tərəfindən verilməlidir. Bu təminat yalnız kağızda yox, reallıqda təsbit edilməlidir. Lakin Konstitusiyanın “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsinə təklif edilən düzəlişlərə baxanda əksini görürük. Son dövrlərdə iqtidara yaxın mediada fikirlər yayılırdı ki, oliqarxlar və nazirlər iri torpaq sahələrini ələ keçiriblər.


– Elə prezident sonuncu müşavirədə bu barədə danışdı…

–  Bəli, belə fikirlər söylənildi və qarşısının alınacağı deyildi. Düşünürəm ki, heç kəs özbaşına zəbt edilmiş, qanunların kobud posulmasıyla bağlı ədalətin bərpa edilməsinə etiraz etməz. İndi kimlərsə deyəndə ki, 29-cu maddəyə edilən düzəliş məhz həmin şəxsləri nəzərdə tutur, üzr istəyirəm, həmin maddədə göstərilir ki, mülkiyyət hüququ sosial öhdəliklər yaradır. Məsələ ondadır ki, “sosial öhdəliklər” anlayışı adi vətəndaşlara münasibətdə tətbiq olunan anlayış deyil. Sosial öhdəliklər, ilk növbədə, dövlətin üzərinə götürdüyü öhdəliklərdir. Bura pensiya, sosial yardım, müavinətlər, elm, təhsil və sairə daxildir. Çox az-az hallarda və dar çərçivədə sahibkarların, müxtəlif şirkətlərin üzərinə götürdüyü öhdəliklər də olur. Amma sahibkarlara münasibətdə bu termin haqda yekdil fikir yoxdur. Buna baxmayaraq, 18 iyul təkliflərindən görünür ki, vətəndaşlar barəsində tətbiq olunmayan sosial öhdəliklər termini birinci dəfə Azərbaycanda bütün mülkiyyətçilərə şamil olunur. 29-cu maddənin V hissəsinə təklif olunan yenilikdə isə xüsusi mülkiyyətin kimə aid olunduğuna fərq qoyulmur – bizə isə yaxşı məlumdur ki, mülkiyyətçilərin əksəriyyəti sahibkar deyil. Məsələn, mülkiyyətində bircə evi, yaxud tək mənzili olan şəxslər. Lakin təklif olunan meyarın qeyri-müəyyənliyi səbəbindən məhz adi mülkiyyətçilərin üzərinə yeni öhdəliklər qoyulmasına cəhd göstərilir. Eyni maddəyə təklif olunan VI hissə də mülkiyyət hüququ sahəsində son 8 ildə baş verən xoşagəlməz vəziyyəti daha da dözülməz edə bilər. Yaxud “Sosial ədalət” və “torpaqlardan səmərəli istifadə” anlayışlarının qeyri-müəyyənliyi burada çox ciddi özbaşınalıqlara şərait yarada bilər ki, nəticədə oliqarxlar deyil, adi insanlar zərər çəkər. Bilirsiniz, sosial ədalət anlayışı üzərində filosoflar və hüquqşünaslar uzun zaman mübahisə apara bilərlər. Bu, konkret məna kəsb edən ifadə deyil, müəcərrəd ifadədir. Məsələ ondadır ki, qeyri-müəyyən anlayışlardan istifadə edilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə də yasaqlanır. Çünki belə hallar hakimlərin və inzinbati orqanların öz mülahizələrinə uyğun olaraq insan hüquq və azadlıqlarını poza biləcək özbaşına qərarlara yer verir.  Biz Azərbaycan məhkəmələrinin, inzibati orqanlarının yanaşmalarına yaxşı bələdik. Belə olan təqdirdə konstitusiya kimi normativ hüquqi akta belə anlayışların daxil edilməsi yolverilməzdir. Bir daha deyirəm, hər bir mülkiyyətçinin üzərinə sosial öhdəliklər qoyulması düzgün deyil. Oliqarxların və latifundistlərin özbaşınalıqlarının qarşısını almaq üçün bir formula tapmaq olardı. Sayları az olan qanunvericilik texnikasına bələd olanlar üçün bu formulanı tapmaq problem deyildi. Kimsə deyə bilər ki, konstitusiyada belə yazırıq, amma Torpaq və Mülki Məcəllələrdə bunlar konkretləşdiriləcək. Belə konkretləşdirməyə ehtiyac yoxdur. Çünki bu cür qeyri-müəyyən ifadələrdən istifadə edərək, məntiqəzidd, insan hüquq və azadlıqlarının mahiyyətinə zidd qanunlar qəbul oluna bilər. Biz Azərbaycan Milli Məclisinin nəyə qadir olduğunu bilirik. Qanunlar da qəbul olunanda mütəxəssislər kənarda qalır və heç cür təsir göstərə bilmirlər. Hələ bu harasıdır, Milli Məclisdə olan az-çox hüququ bilənlər ya bu cür qanunların məzmununa  təsir edə bilmirlər, ya da təsir göstərmək istəmirlər. Ancaq söhbət konstitusiya dəyişikliklərindən gedirsə, biz etirazımızı bildirməliyik. Buna yol vermək olmaz. Nəhayət, 29-cu maddəyə edilən düzəlişlər Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin bəzilərinə, o cümlədən, İnsan hüquq və azadlıqları Konvensiyasına dair 1 saylı protokolun birinci maddəsinə ziddir.


– Mən bir az geriyə, layihənin 9-cu maddəsinin I hissəsinə edilən təklifə diqqət çəkmək istəyirəm: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”. Bəzi həmkarlarınız bu təklifi o qədər də ciddi məsələ hesab etmirlər. Siz bu barədə nə deyə bilərsiniz?

– Elə fikir söyləyənlərə ciddi yanaşmıram. Ekspert, mütəxəssis hansısa fikir söyləməzdən əvvəl müqayisə etməlidir, hazırki Konstitusiyada bununla bağlı nə nəzərdə tutulub və təklif olunan dəyişiklik keçsə, vəziyyət nə dərəcədə dəyişmiş olacaq.  Qüvvədə olan mətn ilə müqayisə etsək, görərik ki, ilk baxışdan redaktə səciyyəli dəyişiklik təsiri bağışlayan düzəliş əslində çox ciddi xarakter daşıyır. Belə ki, hazırda Silahlı Qüvvələrdən fərqləndirilən başqa silahlı birləşmələr var, prezident isə Konstitusiyanın 9-cu maddəsinin III hissəsinə görə yalnız Silahlı Qüvvələrin Baş Komandanıdır. Təklif olunan düzəliş “Başqa silahlı birləşmələri” (Daxili qoşunlar, Fövqəladə Hallar Nazirliyinin mülki qoşunları və s.) də Silahlı Qüvvələrin tərkibinə qatmaqla, aydındır ki, həmin birləşmələrin dövlət başçısından asılılığını gücləndirməyə yönəlib. Belə təmərküzləşmə adətən o zaman həyata keçirilir ki, iqtidar hansısa birləşmə, yaxud birləşmələrin ona qarşı istifadə edilə biləcəyindən ehtiyatlansın, onlara tam etibar etməsin. Hətta belə ehtimal varsa belə, sadəcə olaraq qoşun, silahlı birləşmə rəhbərlərinin, yaxud onların bilavasitə tabe olduqlarınazirliklərin, xidmətlərin rəhbərlərinin dəyişdirilməsi problemin daha sadə həlli olardı, daha buna görə Konstitusiyaya ciddi düzəliş etməyə ehtiyac yoxdur.



Təkliflər sırasında daha çox müzakirə doğuran  Konstitusiyanın 101-ci maddəsinə baxaq.Bu, prezidentlik müddətinin uzadılması və əlavə səlahiyyətlər verilməsilə bağlıdır. Məsələn, prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyətinin verilməsini demokratiya və beynəlxalq öhdəliklər baxımından necə qiymətləndirirsiniz? Hakim partiyanın üzvü, deputat Siyavuş Novruzov bu təklifi əsaslandırmaq üçün Fransanı misal çəkdi, amma Fransada 2002-ci ildən prezidentlik müddəti 5 illikdir. Bəli, Avropa Şurası üzvü olmayan Orta Asiya ölkələrində müddət 7 illikdir…

–  Razıyam ki, Azərbaycan bu cür dövlətlərlə bir sırada olmamalıdır. Çünki Avropa Şurasının üzvüyük və Avropa Birliyi ilə yaxın münasibətlərimiz var. Belə bir dövlət üçün Tacikistanı nümunə götürmək düzgün olmazdı. Fransada isə vəziyyət ötən əsrdəkindən fərqlidir. Ona görə deputatın Fransa təcrübəsinə istinad etməsi tamamilə yersiz və əsassızdır. Dövlət başçısının növbədənkənar prezident seçkiləri təyin etməsi hüququna gəlincə, bu, heç bir zərurətdən irəli gəlmir. Bu, ona gətirib çıxarar ki, həmin növbədənkənar seçkilər elə bir vaxta təyin olunar, məsələn, yay fəslinə, həmin vaxt əhalinin əhəmiyyətli hissəsi istirahətdə olar. İkinci, seçki kampaniyası üçün münbit şərait yoxdur və mövsüm də müsbət təsir göstərmir. Onsuz da say məhdudiyyəti olmadan eyni şəxsin prezident ola biləcəyə dövlətdə, səlahiyyət müddətinin artırılması artıq avtoritarizmdən çox, totalitarizmi xatırladır. Bu da hansısa zərurətdən irəli gələn təklif deyil.



Fuad bəy, təkliflər sırasında birinci vitse-prezident və vitse-prezidentlər postu yer alıb. Belə çıxır ki, 325 milyondan çox əhalisi olan Amerikada bir vitse-prezident var, 10 milyon əhalisi olan Azərbaycanda bunların sayı isə bilinməyəcək. Yeni təkliflər baxımından, bu barədə nə deyə bilərsiniz?

– Məni düşündürən heç də onların sayı deyil. Nəzərə alın ki, say da göstərilmir. Diqqəti bu təklifin bir məqamına yetirməliyik, məsələ ondadır ki, heç kəs tərəfindən seçilməmiş, dövlət başçısının fərdi qaydada təyin etdiyi şəxslər, hətta Baş Nazir, Konstitusiya və Ali Məhkəmə hakimlərindən fərqli olaraq parlamentin formal təsdiqini belə almamış şəxslər prezidentdən sonrakı ən mühüm dövlət postlarını tutacaqlar və bu cür təyinatlar, hətta etiraz doğuracaqları təqdirdə də mübahisələndirilə bilməz. Üstəlik, bir daha vurğulayıram vitse-prezidentlərin heç sayı da bilinmir! ABŞ-da cəmi bir vitse-prezident olduğu, əksər dövlətlərdə, ümumiyyətlə, belə vəzifə nəzərdə tutulmadığı halda, kiçik Azərbaycanda sayı bilinməyən vitse-prezidentlər olacaq. Onu da deyim ki, ABŞ-da prezident seçkilərində səs verənlər bilirlər ki, hansı prezidentliyə namizəd seçiləcəyi təqdirdə kim vitse-prezident olacaq, yəni faktiki vitse-prezidenti də seçirlər. Artıq Amerikada Respublikaçılar Partiyasının qurultayında Trampla bərabər onun seçdiyi vitse-prezident namizəd də tədqiləndi. Ona səs verənlər də Trampın vitse-prezidnetinin kim olduğunu biləcəklər. Yəni Trampın başına bir iş gəlsə, onu kimin əvəzləyəcəyini bilirlər. Amerikanın tarixinə baxaq, Kennedi öldürüldü, onu vitse-prezident əvəzlədi, yaxud Niksona qarşı impiçment olduqdan sonra Cerald Ford onun səlahiyyətlərini həyata keçirdi. 18 iyulda təqdim olunan layihədə isə prezidentin istədiyi şəxs vitse-prezident ola bilər, yəni təyin edilir, səsvermə yoluyla seçilmir, nə Milli Məclis, nə də xalq tərəfindən. Bu, çox ciddi məsələdir, çünki 155-ci maddə də göstərilib ki, Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci, 21-ci və başqa maddələrində dəyişikliklər, yaxud onların ləğv edilməsi haqqında təkliflər referenduma çıxarıla bilməz. Kimsə deyə bilər ki, 1 və 2-ci maddələrin mətninə dəyişiklik olunmur, xeyr, bilavasitə mətnə dəyişiklik təklif olunur. Konstitusiyanın birinci maddəsinin birinci hissəsində göstərilib ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. 2-ci maddənin ikinci hissəsində göstərilib: Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi, referendum və ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yoluyla seçilmiş nümayəndələr vasitəsilə həyata keçirir. Nəyi görürük? Bu maddələrə bilavasitə düzəlişlər olmasa da, mənbəyi xalq olmayan, xalqın səs vermədiyi, heç kəs tərəfindən seçilməyən, hətta parlamentin təsdiqini almayan vitse-prezidentlər təsisatı ilə həmin müddəalar əhəmiyyətli dərəcədə dəyişidirilir, mənasızlaşdırılır.



Ancaq başqa arqument də qoya bilərlər, məsələn, deyə bilərlər ki, vitse-prezidentləri xalqın seçdiyi prezident təyin edir. Necə ki, Siyavuş Novruzov deyir…

– Siyavuş Novruzov çox şey deyə bilər.


– O, hüquq üzrə professordur…

– Ola bilər. Ancaq mən Konstitusiyaya istinad edirəm və Ana Yasa deyir ki, Azərbaycanda dövlət hakimiyyətinin mənbəyi xalqdır.



Fuad bəy, yeni təkliflər sırasında 98-ci maddədə prezidentin Milli Məclisi buraxmasını necə dəyərləndirirsiniz? Bu, dövlət başçısının səlahiyyətlərini gücləndirmirmi? Bu təklifi düzgün hesab edən həmkarlarınız da var…

– Bu müddəa dövlət başçısının səlahiyyətlərini genişləndirir. Ümumiyyətlə, 18 iyul layihəsi prezidentin səlahiyyətlərini xeyli dərəcədə artırmış olur.  Mən layihənin bir məqamına diqqət göstərilməsini istərdim, orda yazılır: Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə, bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır”. Məsələ ondadır ki, Konstitusiyada Milli Məclisin Nazirlər Kabinetinə etimadsızlıq barədə qərarı tövsiyyə xarakteri daşıyır. Onun heç bir hüquqi məcburiyyət kəsb edəcək əhəmiyyəti yoxdur. Söhbət ondan gedir ki, Nazirlər Kabinetinə etimadsızlığa görə Milli Məclis buraxıla bilərsə, parlamentin qərarı da məcburiyyət xarakteri daşımalıdır. Reallıqda hətta hansısa hadisələr nəticəsində Milli Məclisin tərkibi balanslaşdırılmış (az-çox xalqın iradəsini ifadə etmiş) olsa belə, bu müddəa imkan yaradır ki, hakim partiyanın deputatları özləri sərfəli vaxtda süni olaraq etimadsızlıq barədə məsələ qaldırsınlar və etimadsızlıq göstərsinlər ki, Milli Məclis buraxılsın, sonra da daha sərfəli tərkibdə “seçilsin”.


– Milli Məclisin komitə sədri Əli Hüseynli yeni təklifləri əsaslandırmaq üçün bildirir ki, konstitusiya canlı orqanizm olduğundan cəmiyyətlə birlikdə inkişaf etməlidir. Müxalifət isə bu təkliflərlə Azərbaycanda monarxiyanın legitimləşdirildiyini söyləyir. Siz deyilənləri necə qiymətləndirirsiniz?

– Birincilərdən fərqli olaraq mən Konstitusiyanı canlı orqanizmlə eyniləşirməyi düzgün hesab etmirəm. Belə bir oxşatma etmək olar, bəli, Konstitusiya canlı orqanizmi xatırladır, cəmiyyət inkişaf etdikcə, Ana Yasa da dəyişikliklərə uyğunlaşdırılır. Belə bir ifadə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında tez-tez göstərilir. Deyilir ki, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya 1950-ci ildə qəbul olunmasına baxmayaraq, onun müddəları əvvəllər bir şəkildə yozulurdusa, zaman keçdikcə başqa şəkildə də yozula bilər. Çünki konvensiya canlı orqanizmi xatırladır və s.i.  Müxalifətin narahatlığına gəlincə, təkliflərdə vitse-prezidentlər təsisatları konkret göstərilmir. Lakin 2002 və 2009-cu il dəyişikliklərini və Milli Məclisin son 10 ildə qəbul etdiyi bir sıra qanunvericilik aktlarını nəzərə alsaq, ciddi düşünməyin vaxtıdır. Bu minvalla Azərbaycanda düşünən beyinlərin xaricə axınından ehtiyatlanıram.  Mən bundan çox ehtiyatlanıram.

Ana səhifəVideoFuad Ağayev: Ciddi düşünməyin vaxtıdır