“Tamamilə yanlış, ziyanlı və dövlətçiliyimiz üçün təhlükəlidir”
“Azərbaycan” qəzetinin 22 dekabr tarixli sayında “Avropa Məhkəməsinin hökmü yerli məhkəmələr üzərində üstünlüyə malik deyil” başlıqlı məqalə dərc edilib. Müəllif Rusiya, Ermənistan, hətta Almaniya və Böyük Britaniya kimi ölkələrdən misal çəkərək, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə lüzum görmür.
Bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq Azərbaycan üçün yeni şərtlər irəli sürmək, bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühitinin formalaşdırlması ilə nəticələnməməlidir. Heç kimdə belə illüziya yaranmamalıdır ki, lazımi vəkillər vasitəsilə işini Avropa instansiyalarına daşımaqla cəzadan yayınmaq mümkün olacaq. Rusiya qanunvericiliyinə görə, beynəlxalq konvensiyaların şərtləri, qoşulmuş olduqları Qərb təsisatlarının aktları yalnız milli qanunvericiliyə zidd olmadıqda tətbiq edilə bilər. Avropa Məhkəməsinin hökmü də yerli məhkəmələr üzərində üstünlüyə malik deyil. Eyni hal Almaniya və Böyük Britaniya praktikasında da var. Bu ölkələr son illər ərzində Avropa Məhkəməsinin heç bir hökmünü icraata yönlətməmişlər. Bəzi ölkələr öz müqəddəratlarını müdafiə edərək məsuliyyətsiz beynəlxalq müdaxilələrin əvəzinə daxili qanunvericiliyi təkmilləşdirməyi və ona əsasən hərəkət etməyi üstün tuturlar. Nəinki böyük dövlətlər, hətta Ermənistan kimi kiçik ölkə də Avropa Məhkəməsinin qərarlarını icraata qəbul etmir.
Məqaləni Meydan TV-yə şərh edən vəkil Fuad Ağayev yazılanların əhəmiyyətini ciddi şişirtməyin tərəfdarı deyil: “Məqalənin başlığından görünür ki, müəllif hüquq elmi və təcrübəsi ilə yaxından tanış deyil. Əks təqdirdə, “Avropa Məhkəməsinin hökmü” deyə yazmazdı. Çünki Avropa Məhkəməsi hökmlər yox, qərarlar qəbul edir. Əgər məqalənin başlığında kobud səhvə yol verilibsə, məzmundan danışmağa lüzum yoxdur”.
Vəkil Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri xatırladaraq bildirdi ki, sabiq dövlət başçısı Heydər Əliyevin hakimiyyəti dövründə Avropa Şurasına daxil olarkən İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında konvensiya və ona aid protokollara qoşulmaqla götürdüyü öhdəliklərə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə borcludur: “Rusiya təcrübəsinə istinad etmək isə tamamilə yanlışdır. Birincisi, Rusiya təcrübəsinə istinad etmək son zamanlar o qədər də arzuolunan hesab edilmir. Yəni demokratiya və insan hüquqları məsələlərində Rusiya örnək ola bilməz. Rusiyanın Suriya türkmənlərinə münasibəti bir misaldır. Hətta Rusiyada belə,hüquqşünaslar qəbul olunan qərarların 0,01 faizinin icra olunmaması ehtimalından danışır. Bu hallarda da Rusiya Konstitusiya Məhkəməsinin qərarları ilə”.
Fuad Ağayev deyib ki, müəllif vəziyyəti şərh etmək niyyətində olmayıb, sadəcə, bəzi ölkələrin qərarları icra etməməsindən danışır: “Bəzi ölkələrin bəzi qərarları icra etməməsi müxtəlif səbəblərlə və yozumlarla bağlı olur. Amma hökm vermək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları yerli məhkəmələrdən üstün deyil, bu, tamamilə yanlış, ziyanlı və dövlətçiliyimiz üçün təhlükəlidir. Ona görə də məsələ araşdırılmalıdır ki, məqalə nə dərəcədə redaksiyanın ümumi mövqeyidir, yaxud hansısa özfəaliyyətin nəticəsidir”.