Fevralın 1-də Azərbaycanda səfərdə olan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT-EITI) Beynəlxalq İdarə Heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MHŞT Beynəlxalq Katibliyinin rəhbəri Yonas Moberq vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşüb.
Heç bir irəliləyişin olmadığını bildirdik
Görüş barədə “Facebook” səhifəsində məlumat paylaşan hüquqşünas Akif Qurbanov qonaqların əvvəlcə ölkə başçısı İlham Əliyevlə təmaslarının qısa təəssüratlarını bölüşdüyünü qeyd edib: “Sonra isə vətəndaş cəmiyyətinin üzləşdiyi real vəziyyət, MSŞA Koalisiyasındakı son durum müzakirənin əsas hissəsini təşkil etdi. Mən və həmkarlarım QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş 2013-2014-cü il məhdudlaşdırıcı dəyişikliklərdə və EITI Idarə Heyətinin son qərarlarında irəli sürülən 3 tələbə dair heç bir irəliləyişin olmadığını bildirdik. Həmçinin də son addımların texniki xarakterli və daha çox beynəlxalq ictimai rəyi çaşdırmaq üçün oynanılan növbəti siyasi oyun olduğunu qonaqların diqqətinə çatdırdıq. Bu problemlərin aradan qaldırılması üçün QHT, Qrant və Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanunların mütləq dəyişdirilməsinin vacibliyi qeyd olundu. Daha sonra vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün, həmçinin MHŞT prosesində onların (MSŞA Koalisiyanın yaradılması haqqında Memorandumun və MHŞT-nin Standartınını tələblərinə uyğun olaraq) müstəqil tərəf kimi gerçək iştirakı üçün nə hüquqi, nə də praktik fəaliyyət imkanları yaradılmadığını, bunun başlıca amillərindən birinin müstəqil məhkəmə sisteminin olmaması, azad medianın sıradan çıxarılması və maliyyə qaynaqlarının yalnız hakimiyyətdən asılı vəziyyətə salınmasını vurğuladıq. Eyni zamanda QHT-lərin qeydiyyat problemləri, müstəqil vətəndaş cəmiyyəti liderlərindən bəzisinin ölkədən çıxa bilməməsi, hələ də sərhəddə yoxlamanın davam etməsi, onlara qarşı cinayət işlərinin tam aradan qaldırılmaması, tədbir keçirməyə imkan verilməməsi, reyestrdən çıxarışı ala bilməmələri, köhnə qrantların belə hələ də qeydə alınmaması qeyd olundu. Söylədik ki, bizi bundan sonra nə gözləyəcəyini, hətta ola bilər ki, görüşdən cıxandan sonra nə ilə üzləşəcəyimizi bilmirik. Hətta misal olaraq 4 ildir qanunsuz həbs yatan siyasi məhbus, EITI-nin yaradıcılarından olan NRGI-ın Məsləhət Şurasının üzvü İlqar Məmmədovun rəhbəri olduğu ReAL Hərəkatının İH üzvlərinə qarşı qonşu ölkənin diplomatı ilə açıq görüşdüklərinə görə Baş Prokurorluq tərəfindən başladılmış təhqiqata görə davamlı dindirməyə çağırıldıqlarını, “Facebok” statusuna görə keçmiş Şura üzvü Fuad Qəhrəmanlının qanunsuz olaraq 10 il həbsə məhkum olunduğu dedik”.
Fredrik Reinfeldt tələblərinin ciddiliyini aydın ifadə etdi
Akif Qurbanov görüşdə rəsmilərin müstəqil vətəndaş cəmiyyəti üzvlərinə qarşı baxışının tamamilə dəyişməsini, onları düşmən obrazında görmələrini, “5-ci kolon üzvləri”, “anti-milli ünsürlər” ifadələri işlətməklə heç bir əndazəyə sığmayan münasibətinə son qoyulmasının vacibliyini xatırlatdıqlarını bildirib:
“Təbii ki, hakimiyyətin siyasətini dəstəkləyənlər, onlardan mədət umanlar da öz “arqumentləri”ni söyləyərək ölkədə baş verən bütün neqativlərin arxasında elə bizim durduğumuzu, dediklərimizin hamısının guya yalan və ara-qarıdırmaq məqsədilə edildiyini, beynəlxalq vəziyyətin QHT-lərin gerçək inkişafına obyektiv olaraq imkan vermədiyini, EITI guya sığınacaq yeri və hakimiyyətyönlülərə qarşı təhdid vasitəsi kimi istifadə etdiyimizi çatdırdılar. Sonda Fredrik Reinfeldt deyilənlərə öz şərhini ifadə edərək açıq mesajlar verdi. Əslində ölkədə nəyin baş verdiyinin fərqində olduqlarını, onların isə tələblərinin ciddiliyini aydın ifadə etdi”.
Siyasətlə məşğul olmağa siyasi partiyalar var
Hüquqşünas hesab edir ki, hakimiyyət qeyd olunan problemlər istiqamətində mart ayına qədər real addımlar atmasa, vəziyyət heç də yaxşı olmayacaq. İndiki vəziyyət davam etsə, ölkənin statusunun dayandırılması qaçılmazdır.
Görüş iştirakçılarından Sabit Bağırov Azadlıq Radiosuna müsahibəsində koalisiyada parçalanmanı istisna etmədiyini və bunun fərqli mövqe daşıyıcılarının olmasıyla əlaqələndirib: “Deyə bilmərəm üzvlərin neçə faizi hansı tərəfdədir, amma fəal qisim iki hissəyə bölünüb”. Sabit Bağırov hökumətin problemlərin həllinə çalışdığını da deyib. Amma S.Bağırov koalisiya üzvlərinin insan haqları məsələsini qabartmasını bölüşmədiyini bildirib: “Sədr Fredrik Reinfeldt də bir daha təsdiqlədi ki, MSŞT insan hüquqlarına böyük hörmətlə yanaşır, amma həmin sahədəki problemlərin buraya gətirilməsinin əleyhinədir. Bu, standarta uyğun deyil. Təəssüflər olsun ki, bizim koalisiyada bu standartla razılaşmaq istəmir, vətəndaş cəmiyyətinin problemlərini bura gətirirlər. Lap vətəndaş cəmiyyətini qırağa qoyaq. Koalisiya üzvü olan dostlardan, tanışlardan kimsə həbs olunursa, onun sanki məhz koalisiyada iştirakına görə tutulduğunu deməyə çalışırlar. Bu, düzgün deyil. Hər şeyin öz yeri var. Siyasətlə məşğul olmağa siyasi partiyalar var”.
Martda Azərbaycan üçün elə də asan olmayacaq
Meydan TV Sabit Bağırov söylədiklərilə bağlı görüş iştirakçısı Qubad İbadoğlu ilə əlaqə saxlayıb.
Q.İbadoğlu S.Bağırovun müsahibəsilə tanış olmadığını deyib:
“Bəli, Fredrik Reinfeldt MSŞT-nin insan haqlarını qoruyan təşkilat olmadığını dedi. Amma vətəndaş cəmiyyətilə görüşdə fikirlərin haçalanması təbiidir, çünki müxtəlif baxışlı insanlar iştirak edirdi, müstəqil və hökumətin mövqeyindən çıxış edənlər vardı”.
O, Fredrik Reinfeldtlə görüşün normal keçdiyini deyib:
“Xüsusilə Akif Qurbanovla Hafiz Həsənov son dövrlər qanunvericilikdəki dəyişikliklərin müstəqil QHT-lərin fəaliyyəti üçün imkanlar yaratmadığını dedilər. Əsasən də üç qanunun – “Qrant haqqında”, “QHT-lər haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanunların təkmilləşməsindən sonra vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühit yarana biləcəyini ifadə etdilər. Eyni zamanda maliyyələşmə məsələsi qabardıldı, xatırladıldı ki, 2016-cı ilin aprelin 30-da ümumi yığıncaqdan sonra QHT-lərə Dövlət Dəstəyi Şurası koalisiyaya əvvəl ayırdığı institusional qrantı ləğv edib, yeni imkanlar da yoxdur və bu, koalisiyaya təzyiqdir. Fredrik Reinfeldt bizi dinləyir və qeydlərini aparırdı. Belə başa düşdük ki, mart ayında Azərbaycanla bağlı məsələ geniş müzakirə olunacaq, cənab Reinfeldt Bakı görüşlərində aldığı məlumatları bölüşəcək. Onun dediklərindən belə anlaşıldı ki, martda Azərbaycan üçün elə də asan olmayacaq”.
Q.İbadoğlu bildirdi ki, görüşdə bəziləri qaldırılan problemlərin vətəndaş cəmiyyətinə xeyri olmaması fikirlərinə etiraz edib: “Söylədim ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü ayrıca olaraq inkişaf etdirə bilməyəcəyik, bu, ümumilikdə vətəndaş cəmiyyətinin durumundan asılıdır. Həm də qeyd etdim ki, ölkədə azad mətbuatın, müstəqil məhkəmənin olmadığı zamana qədər vətəndaş cəmiyyətinin problemləri qalacaq. Problemlərin həlli isə qanunvericiliyin təkmilləşdirilməsindən, əlverişli mühitin yaradılmasından asılı olduğunu söylədim. Təbii ki, Oqtay Gülalıyev koalisiya üzvləri Fuad Qəhrəmanlının, Asif Yusiflinin həbslərini qaldırdı. Biz məhz Qəhrəmanlının ifadə azadlığına görə 10 il azadlıqdan məhrum olunduğunu bildirdik. Düzdür, cənab Reinfeldt Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün insan haqlarını müdafiə təşkilatı olmadığını desə də, biz təşkilat üzvünün həbs edildiyini onları narahat etməli olduğunu bildirdik”.