Fransua Oland: Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir

“Biz danışıqların bərpa olunmasını istəyirik”

Source:
Oland və Əliyev
Oland və Əliyev


“Biz danışıqların bərpa olunmasını istəyirik”

“Biz bu barədə danışdıq və qeyd etdik ki, Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir. Risklər var, ötən ilin aprelində insident baş verdikdə biz bundan əmin olduq”.

“Turan”-ın məlumatına görə, bu sözləri Fransa prezidenti Fransua Oland Parisdə İlham Əliyevlə görüşləri başa çatdıqdan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Olland Qarabağ nizamlanması üzrə danışıqların bərpası zərurətini qeyd edib:

“Biz danışıqların bərpa olunmasını istəyirik. Minsk Qrupunun həmsədri kimi digər həmsədrlər – ABŞ və Rusiyanın da bu prosesə töhfə verməsini istəyirik.

Hesab edirik ki, parametrlər məlumdur və bu uzanan münaqişənin həlli yolunu tapmaq olar”.

İlham Əliyev isə Ollandın Qarabağ məsələsindəki mövqeyindən məmnun qaldığını bildirib. Onun sözlərinə görə, birinci mərhələdə danışıqlar bərpa olunmalıdır:

“Ermənistan danışıqlardan yayınmamalıdır. Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk Qrupu ölkələrinin – Fransa, Rusiya və Amerika prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Biz də eyni şeyi deyirik, status-kvonun ən qısa zamanda dəyişməsini və münaqişəyə son qoyulmasını, regionumuzda sülhün təmin edilməsini, azərbaycanlı köçkünlərin doğma torpaqlarına qayıda bilməsini istəyirik”.

Olland Türkiyə ilə Avropa İttifaqı ölkələri arasında münasibətlərin gərginləşməsini də şərh edib.

“Biz Avropa və Türkiyə arasında münasibətlərin sabitləşməsinə töhfə verməliyik. Bütün digər məsələlərdə olduğu kimi, biz dialoqu təşviq etməliyik”.

Ana səhifəXəbərlərFransua Oland: Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir