Ann Buayon etimadnaməsini İlham Əliyevə hələ təqdim etməyib
Fransanın Azərbaycana yeni təyin etdiyi səfir Ann Buayon (Anne Boillon) artıq Bakıdadır.
Məlumatı Meydan TV-yə səfirlikdən təsdiqləyiblər.
Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da yeni səfirlə bağlı sərəncam imzalayıb.
Ann Buayon bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
Yeni səfir hələ etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etməyib.
Xanım Buayon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.

Zakari Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı.
Onun diplomatik missiyası 2022-ci ilin sentyabrında başa çatıb.
Oktyabrın 17-də Azərbaycanın Fransaya səfiri təyin edilən Leyla Abdullayeva iki həftə əvvəl Ann Buayon (Anne Boillon) ilə görüşüb.
Bu barədə azərbaycanlı diplomat “Twiter”də yazıb.
“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, – deyə Abdullayeva bildirib.
Ann Buayonun Azərbaycanla bağlı ətraflı məlumata malik olduğu, türk və Azərbaycan dillərini bildiyi deyilir.