Ekspert: “Azərbaycan Türkiyə ilə birgə bu bu məsələyə həssas münasibət bildirməlidir”
Fransa Ermənistanla hərbi texnikanın verilməsinə dair müqavilə bağlamağa razıdır.
Bu barədə oktyabrın 3-də Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında danışıb.
“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Fransa Ermənistanla gələcək müqavilənin bağlanmasına razılıq verib. Bu müqavilə Ermənistanın özünü müdafiə edə bilməsi üçün hərbi texnika tədarük etməsinə imkan verəcək. Hazırda daha ətraflı məlumat verə bilmərəm”, – deyə nazir Kolonna əlavə edib.
Fransalı nazirin açıqlamasını Meydan TV-yə şərh edən hərbi ekspert Cəsur Məmmədov hesab edir ki, Fransanın Ermənistanı silahlandırmaq məsələsinə Azərbaycan Türkiyə ilə birlikdə həssas münasibət bildirməlidir:
“Çünki Fransanın bu hərəkəti Azərbaycanın 2020-ci ildə II Qarabağ münaqişəsində qələbəsini şübhə altına salmağa yönəlib. İkinci, Ermənistanı kapitulyasiya vəziyyətindən çıxartmaq məqsədi güdür və Ermənistanda yeni müharibə arzularının oyanmasına, revanşist qüvvələrin mövqelərinin güclənməsinə səbəb olacaq”.
Onun sözlərinə görə, qərar reallaşarsa, bu, Türkiyə kimi bir dövlətin NATO-nu tərk etməsinə gətirib çıxara bilər:
“Həmçinin regionda yarana biləcək uzunmüddətli sülhün qarşısını alacaq və uzunmüddətli hərbi-siyasi gərginliyin yaranmasına səbəb olacaq. Bundan başqa, Ermənistanın Türkiyə, Gürcüstan və Azərbaycana qarşı yeni və ənənəvi ərazi iddiaları irəli sürməsi ehtimalını artıracaq. Ən əsası regionda qüvvələr balansının dəyişilməsinə səbəb ola bilər”.
“Fransa hərbi sənayesinə görə Avropa Birliyində aparıcı dövlətlərdəndir, əsasən də 7 HSK müəssisəsi ilə artilleriya silahları, raketlər, təyyarələr, gəmilər və onların komponentlərini istehsal edir”, – deyə Məmmədov fikrini tamamlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi Ketrin Kolonnanın açıqlamasını qəbuledilməz sayır.
Nazirliyin oktyabrın 4-də yaydığı açıqlamada qeyd olunur ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir:
“Parisin bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır. Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin 20%-ə yaxın hissəsini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid olduğuna diqqət çəkmək istərdik”.