Katrin Kolonna Bakıdakı brifinqdə səsləndirdiyi fikirləri Yerevanda da təkrarladı
Fransa Bakının Qarabağda yaşayan ermənilərlə danışıqlar aparmasını istəyir.
Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Katrin Kolonna aprelin 28-də “Armenpress”ə müsahibəsində belə deyib.
Katrin Kolonna hesab edir ki, “Dağlıq Qarabağ” nümayəndələri ilə danışıqlar üçün şərait yaradılmalıdır:
“Dağlıq Qarabağ nümayəndələri və Azərbaycan hakimiyyəti arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə əhalinin hüquq və zəmanətlərinin məzmununa dair danışıqlar başlamasını istəyirik. Bu, o deməkdir ki, bu danışıqlar üçün əlverişli şərait yaradılmalıdır, həmçinin Laçın dəhlizindən sərbəst hərəkət bərpa edilməlidir”.
Nazir vurğulayıb ki, Fransa “Dağlıq Qarabağ”ın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlayaraq, orada təhlükəsiz yaşamağa davam edə bilməsini təmin edəcək istənilən qərarı dəstəkləyəcək:
“Bu, onların toxunulmaz hüququdur”.
Diplomat həmçinin qeyd edib ki, Paris Bakının Laçın dəhlizində maneəsiz hərəkəti təmin etməsini istəyir.
O bildirib ki, Beynəlxalq Məhkəmənin bu haqda qərarı məcburidir və Azərbaycan qərarı icra etməlidir:
“Qərar hər kəs üçün məcburidir və ona hörmət edilməlidir”.
Kalonna deyib ki, Fransa regionda yeni münaqişələr istəmir.
O qeyd edib ki, hətta Rusiyanın Ukraynaya təcavüzünün nəticələri də birgə qiymətləndirilməlidir:
“Biz bu gün yaşadığımız qitəyə müharibənin qayıtdığını görürük. Hər kəs öz məsuliyyətini anlamalı, sülhün ən böyük dəyər olduğunu dərk etməlidir. Bu, həlledici məqamdır. Fransa bütün mübahisələrin danışıqlar yolu ilə həllini istəyir. Bu, Fransanın Avropa İttifaqı ilə birlikdə üzərinə götürdüyü öhdəliklərin əsasını təşkil edir. Məhz bu çağırışı etmək, danışıqları bərpa etmək və qanuna hörmət etmək üçün bu həftə Azərbaycanda və Ermənistanda səfərdə oldum”.
K.Kalonna Ermənistan Müdafiə Nazirliyinin Baş qərargah rəisinin müşayiəti ilə Cermuk şəhərinə gedib.
O, 2022-ci ilin sentyabrında gedən döyüşlərin baş verdiyi ərazidə də olub.
Katrin Kolonna Laçın dəhlizi və Beynəlxalq Məhkəmənin qərarı ilə bağlı fikirlərini aprelin 27-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə də səsləndirmişdi.
Ceyhun Bayramov fransalı nazirin fikirləri ilə razılaşmayaraq, Azərbaycanın Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atdığını qeyd etmişdi.
“Laçın yolu açıqdır və istifadə oluna bilər. Biz bu gün Laçın yolundakı durumu da müzakirə etdik. Bu məsələ ayrılıqda götürülə bilməz, ümumi bir məsələnin komponentidir. Mən xanım Kolonnanı ermənilərin qanunsuz əməlləri barədə məlumatlandırdım. Laçın yolundan sui-istifadə hallarının ən ağrılı nəticəsi Ermənistandan Azərbaycan ərazisinə minaların daşınmasıdır. Təəssüf ki, mina qurbanlarının sayı ilə bağlı rəqəmlər, demək olar, hər həftə artır”, – deyə Bayramov vurğulamışdı.
Laçın dəhlizində nə baş verib?
Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.
Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:
“Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.
“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.