Uzun müddətdir bloqlarını oxuduğum kubalı bir qız var. Yoani Sançes. Yoani Kubadakı rejimi müntəzəm tənqid edir. Demək olar, dünyanın yarısı onu tanıyır. Bloqları 17-18 dilə, həmçinin mənə onunla tanış olmaq imkanı verən rus dilinə tərcümə edilir.
Yoani Kubadan xaricə çıxış icazəsini olduqca çətinliklə alır. Bir dəfə müsahibəsində demişdi ki, onun xaricə çıxmaq müraciətinə 22 dəfə “yox” cavabı verilib. Bununla belə, inadkar Yoani xaricə səfər edə bilir.
Onun ilk xarici səfəri barədə təəssüratlarını oxuyanda maraqlı bir məqama rast gəldim. Yazır ki, Almaniyada Kubadan olduğumu biləndə o dəqiqə soruşurdular ki, “Hə, sən Fidelin Kubasındansan?”. Mənsə cavab verirdim ki “Yox, mən Xose Martinin Kubasındanam”.
Bunu çoxdan oxumuşdum, amma yadıma bir daha ADO teatrı Tbilisiyə səfər edəndə düşdü.
ADO-çular “Stop” tamaşasını gürcü auditoriyasına (aralarında avropalı, amerikalılar da vardı) göstərəndə, mən maraqla tamaşaçıların üzünə, reaksiyalarına baxırdım. Tamaşada hadisələr inkişaf etdikcə, hiss edirdim ki, ortada kifayət qədər çaşqınlıq var. Azərbaycanı bir neçə kəlmə ilə ifadə edəcək “dolma”, “muğam”, “Qarabag bizimdir”, “namus-qeyrət”, “ana-bacı”, “allah prezidentin canın sağ eləsin”, “mən siyasətə qarışmıram”, “kabab”, “yaxşı oğlan”, “buta”, “Füzuli” və s. “brend”lərə alışmış, Azərbaycan barədə təsəvvürləri bununla məhdudlaşmalı olan gürcülər, avropalılar, amerikalılara ADO nə isə tamam başqa, o ölkəyə dəxli olmayan bir şey kimi görünürdü.
Qərblə məsələ aydındır onsuz da. Amma gəlin etiraf edək ki, qonşu gürcülərdə belə bizimlə bağlı stereotip var. Onlar bizi toplum olaraq siyasətdən, trendlərdən, sənət cərəyanlarından, yeni fikir axınlarından, bir sözlə sivil, zirək, yeniliyə açıq insanın həyatından yan keçməyən şeylərdən uzaq hesab edirlər. Nə etsinlər? QHT-lər gəlir, dolmadan danışır, dövlət teatrlarımız qastrola gəlir, səhnədə yenilik adında heç nə yox, gənclik gəlir, əlində son model telefondan, beynində avaralıqdan başqa heç nə yox, ailələr gəlir, ər-arvad kafedə oturmaq üçün kabinet axtarırlar, yerli azərbaycanlılar da ki, məlum məsələ. Bütün bunlardan sonra Azərbaycandan teatr gəlir və səhnədə sözün yaxşı mənasında min hoqqa çıxarır.
Bir ingilis dili müəlliməsi vardı, isveçrəli. Deyirdi, mən dərs verməyə başladığım adamlarla əvvəl onların arzuları barədə söhbət etməyi xoşlayıram. Azərbaycanda da bir müddət dərs demişdi. O danışırdı ki, azərbaycanlıların arzuları onların yaşadığı ölkədən və puldan qırağa çıxmır. Volontyorluq, səyahət, aktivlik, eventlər, macəra, etiraz-zad çox uzaq söhbətlərdir. Ev almaq, maşın almaq, ev almaq, maşın almaq…Heyrətlə deyirdi ki, mən ömrümdə ilk dəfə səyahət etmək istəməyən gənclər gördüm sizin ölkədə…
Nə isə. Uzaqlaşmayaq mövzudan.
ADO-nun tamaşasından sonra qəribə hisslər keçirdim.
Bu hisslərin arasında fəxr də vardı, çaşqınlıq da, kədər də.
Mən bu uşaqların paltarlarına, rekvizitlərinə, qaldıqları ucuz hostelə, dolanışıqlarına, bir sözlə, həyatlarına baxıb, kədərdən sıxılırdım. Həm də bu qədər mərhumiyyətə, çətinliyə baxmayaraq, yenə də bu işi atmayıb, sözün həqiqi mənasında sənətlə məşğul olan bu gənclərin əzminə görə fəxr duyurdum. Əlimdən isə heç nə gəlmirdi. Azərbaycanlı mühacir tamaşaçılara baxırdım. Neft və milyonlar səltənətinin ziyalıları qaçaq, teatrları yoxsul, gəncliyi həbsdə, sürgündə, təzyiq, terror altında…Orda, bizim ölkəmizdə milyonları Formula 1 yarışına xərcləyir, dünyanı bu ölkəyə gəlməyə dəvət edirlər. O ölkənin sənəti, elmi, ədəbiyyatı, fikri, ürəyi isə həbsdə, sürgündə, depressiyada…Bütün bunlar necə də kədərli idi…
Ölkədə neft milyonları yeni sənət cərəyanlarına bir damcı dəxli olmayan tamaşalara, pafoslu və gülünc filmlərə, heç kimin oxumadığı kitablara yatırılır. Ölkəni tanıtmaq üçün xalqın pulu hansısa qlamur proyektlərə, kiminsə kilsəsinin təmirinə, heç kimin gəlmədiyi yarışlara, oyunlara xərclənir. Amma dünya çapına çıxarılacaq, istənilən abırlı festivala göndəriləcək, dünya mətbuatında xəbər ola biləcək mədəniyyət hadisəsi, bir teatr ölkə üçün ögey övladdır. Nə məmurun vecinədir, nə iş adamının, nə tamaşaçısının…
Bununla belə, sənətin gücü elə böyükdür ki, neft milyonlarının təbliğ etdiyindən min dəfə, milyon dəfə daha yaxşı, effektli, fərqli tanıda bilər bir ölkəni. ADO-nun tamaşası illərdir neft pulları ilə təbliğat aparanların siyasətini bircə saata dağıda bilir. Bəli, sizin tanıdığınız, gördüyünüz ölkə tək neft görməmişlərindən, dolmadan, yalançı mentalitetdən ibarət deyil. Hardansa, hansısa balaca və yoxsul otaqlardan çıxır o ölkənin əsl mədəniyyət, sənət işartıları…
Heç nə belə qalmayacaq. Bu günki balaca teatr sabah məktəb, məbəd olacaq, bu günki sürgün həyatı yaşayan ziyalılara gələcək nəsillər təşəkkür edəcək, bu gün mühacirətdə, qürbətdə ölən əsl vətəndaşların məzarları sabah ziyarət yeri olacaq. İnsanlar hansı heykələ lağ edəcəklərini, hansı heykəlin ayağına gəlib, könül borcu verecəklərini həmişə biləcəklər…
Həmçinin, kimin ölkəsindən olduqlarını da…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.