İqtisadçı: ”Təşkilatın hesabatı beynəlxalq aləmdə Azərbaycana investisiyanın cəlbi üçün əsas istinad mənbələrindən sayılır”
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt (borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsinin mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılması) reytinqi üzrə proqnozuna yenidən baxıb.
Reytinq üzrə proqnoz “stabil” olaraq “BB+” səviyyəsində təsdiq olunub.
Məlumatı APA yayıb.
Bildirilib ki, reytinqin “BB+” səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında “Fitch” xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib.
Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı deyib ki, əsasən ötən ildən başlayaraq milli valyutanın sabitləşməsi, xüsusilə Azərbaycanın qeyri-neft sektorundakı ötən illərlə müqayisədə cüzi ixrac imkanlarının dəyişməsi, yaxın illərdə Cənub Qaz Dəhlizi və Bakı_Qars-Axalkalaki dəmir yollarından valyuta daxilolma diapazonunun genişlənəcəyi ilə bağlı avantajlar “Firch”in qiymətləndirməsində manatın dəyər itirmək risklərini aşağı salacağı təhlilini doğurub:
“Təşkilatın hesabatı beynəlxalq aləmdə Azərbaycana investisiyanın cəlbi üçün əsas istinad mənbələrindən sayılır. Amma manatla bağlı nəzərə alınmayan çoxsaylı nüanslar var ki, bunlar eyni zamanda riskyaradıcı təsir dairəsinə daxildir. Bu zaman biznesin həm daxili, həm də xarici mühit amilləri ilə birbaşa bağlıdır”.