Fikrət Hüseynlinin məhkəməsi yenə təxirə salındı

“Ola bilsin ki, gözləyirlər Azərbaycan hakimiyyəti məni oğurlasın”

Source:


“Ola bilsin ki, gözləyirlər Azərbaycan hakimiyyəti məni oğurlasın”

Kiyev Apelyasiya Məhkəməsi fevralın 8-də jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqata baxışı davam etdirib və prosesi fevralın 13-dək təxirə salıb.

Bu barədə “Turan” agentliyinə jurnalistin özü

bildirib.

Onun sözlərinə görə, yanvarın 17-də və 31-də məhkəmə iddiasından əl çəkməsi üçün işi prokurorluğa qaytarmışdı.

Fikrət Hüseynli Azərbaycanda nəşr olunan “Azadlıq” qəzetinin əməkdaşı olub. O, təqiblərlə üzləşdikdən sonra Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. 2017-ci il oktyabrın 14-də jurnalist Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında İnterpol xəttilə saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

F.Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apelyasiya şikayəti verib və onun həbs olunmasını tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.

Jurnalist məhkəmə baxışının dalbadal üçüncü dəfə təxirə salınmasını narazılıqla qarşılayır.

“Məhkəmənin uzadılması məni daha uzun müddətə Ukraynada saxlamağa hesablanıb. Görünür, Azərbaycan hakimiyyətindəki hansısa qüvvələrin Ukrayna hakimiyyətində kimlərləsə ciddi əlaqələri var. Bu əlaqələr vasitəsilə məhkəməni uzadırlar və nəticədə proses yekunlaşmır. Bu da mənim sənədlərimin Ukrayna Baş Prokurorluğuna göndərilməsini ləngidir və mən Ukraynada qalmağa məcbur oluram”.

O deyib ki, Ukraynada qaldığı müddətdə faktiki işləyə bilmir, işləmədiyi halda bütün xərcləri özü ödəyir.

“Bu səbəbdən həm də maddi zərərə düşürəm, borclarım getdikcə artır. Hazırda səhhətimdə ciddi problem var. Buranın tanınmış klinikasının həkimləri rəy veriblər ki, əməliyyata ehtiyac var. Təəssüf ki, o rəyi prokurorluğa təqdim etsək də nəticə yoxdur. Ola bilsin ki, gözləyirlər Azərbaycan hakimiyyəti məni oğurlasın, bunlar da desin bizim günahımız yoxdur. Proses yekunlaşmamış Fikrətin günahından onu oğurladılar. Çünki mənə bildirilir ki, məni oğurlamaq üçün plan hazırdır. Sadəcə, uyğun zaman gözləyirlər”, -o bildirib.

F.Hüseynli deyib ki, Niderland Xarici İşlər Nazirliyi onun işini daim diqqətdə saxlayır:

“Niderlandın Ukraynadakı səfirliyi ilə daimi əlaqəm var. Sadəcə, onlar məhkəmənin uzadılması məsələsinə qarışa bilmirlər. Çünki sistemi elə qurublar ki, guya, burada qanunsuz hər hansı bir şey yoxdur. Ukrayna qanununa görə, məhkəmələr yekunlaşmamış iş bağlanıb prokurorluğa göndərilə bilməz”.

Onun sözlərinə görə, Sərhədsiz Reportyorlar təşkilatı işi daim nəzarətdə saxlayır.

“Lakin onların da bu bürokratiyaya təsir göstərmək imkanları yoxdur”, – o qeyd edib.

Ana səhifəXəbərlərFikrət Hüseynlinin məhkəməsi yenə təxirə salındı