FIFA rəsmiləri “Mavi Qız”-ın ölümünün ardından İrana səfər edəcək

“Human Rights Watch” FİFA-dan Səhərin ölümündən sonra atılacaq addımlar haqda məlumat verməsini istəyib

Source: Google


“Human Rights Watch” FİFA-dan Səhərin ölümündən sonra atılacaq addımlar haqda məlumat verməsini istəyib

FIFA qadınların kişilərin futbol oyunlarında iştirakına icazə verilməsi yönündə aparılan hazırlıqları nəzərdən keçirmək üçün İrana səfər edəcək, – sentyabrın 11-də dünya futbol idarəetmə orqanının sözcüsü “Reuters” və AFP-yə deyib.

FİFA rəsmilərinin yaxın iki həftə ərzində gözlənilən ziyarətinin əsas səbəbi 29 yaşlı gənc qadının futbol matçına qatılmaq istəməsindən sonra ittiham edilməsi və ardından özünü yandıraraq öldürməsi ilə bağlıdır.

Sentyabrın 9-da İran mediası xəbər verib ki, sevimli komandası olan “İstiqlal”ın (Esteghlal) rənglərindən sonra “Mavi Qız” ləqəbi alan Səhər Xodayari (Sahar Khodayari) Tehranda xəstəxanada aldığı yanıq xəsarətindən keçinib.

Ancaq FIFA nümayəndəsi deyib ki, nümayəndə heyətinin ziyarəti birbaşa Xodayarinin ölümü ilə bağlı deyil, belə ki, qurum oktyabrın 10-da Kamboca ilə keçiriləcək Dünya Kuboku seçmə hazırlıqları ilə əlaqədar olaraq İrana səfər edəcək.

Sentyabrın 10-da FIFA bəyanat yayaraq “Mavi Qız”ın ölümü ilə bağlı başsağlığı verib və açıqlamasında deyib: “Bizim İran hakimiyyətindən istəyimiz odur ki, qadınların stadion qadağasına son qoymaq üçün mübarizə aparan hər hansı bir qadının azadlıq və təhlükəsizliyi təmin edilsin”.

FIFA prezidenti Gianni İnfantino bundan əvvəl İran hakimiyyətini iranlı və xarici qadınların oyunlarda iştirakına icazə üçün “konkret addımlar atmağa” çağırıb.

Bundan öncə isə qadınlardan ibarət sadəcə seçilmiş qruplar futbol matçlarını və ya digər kişi idman növlərini izləmək üçün stadionlara buraxılırdı.

İdman məkanlarında qadınlara qoyulan qadağa qanunvericiliyə aid deyil. Lakin bu qayda din adamları tərəfindən qadınların pis düşüncəli kişilərdən qorunması lazım olduğunu iddia edərək tətbiq edilir.

“Human Rights Watch” təşkilatının qlobal təşəbbüslər üzrə direktoru Minki Vorden (Minky Worden) “Twitter”də qeyd edib ki, İnfantino İrana qarşı qanun pozuntularını dayandırmaq üçün kifayət qədər təzyiq tətbiq etməyib.

“Onillərdir davam edən stadion qadağanına etirazın bəla ilə nəticələnə biləcəyi əvvəlcədən məlum idi,”- o deyib və FİFA-dan Səhərin faciəli ölümündən sonra atılacaq addımlar haqda məlumat verməsini istəyib.

Ana səhifəDünyaFIFA rəsmiləri “Mavi Qız”-ın ölümünün ardından İrana səfər edəcək