…Və ya futbol təkcə oyun deyil (III yazı)
FİFA rəhbəri Yozef Blatter təzədən təşkilatın prezidenti seçilməyə hazırlaşmır. Musavat.com-un məlumatına görə, bu barədə CNN təşkilatdakı anonim mənbəyə istinadən xəbər verib.
FİFA həmçinin, onun İsveçrə nəşrinə istefaya getmədiyi haqda dediyi sözlərin həqiqiliyini təsdiqləyib. Həmin açıqlamada bildirilirdi ki, Blatter istefaya getməyib, sadəcə öz gələcəyini FİFA konqresinə tapşırıb. Bu üzdən KİV-lərdə belə xəbərlər dolamağa başlamışdı ki, o, təzədən seçilmək niyyətindədir.
Təşkilatın İcraiyyə Komitəsinin FİFA prezidentinin yeni seçkisinin tarixini müəyyən edəcək növbədənkənar iclası iyulun 20-də Sürixdə keçiriləcək.
Əslində ABŞ Zepp Blatteri postundan uzaqlaşdırmaq üçün bütün mümkün variantlara əl atdı. Ölkələri, ayrı-ayrı şəxsləri şantaj etdi. Nəhayət, istəyinə çatdı. Bundan sonra necə olacaq? Doğrudanmı DÇ-2018 və DÇ-2022-inin təşkilatçılıq hüququ Rusiya və Qətərdən alınacaq?
Qətərdən İngiltərəyə ironiyalı cavab
Əslində çoxu məhz bu ssenarinin gerçəkləşəcəyini güman edir. Amma Rusiya tərəfi olduqca arxayın görünür. Elə Qətər hakimiyyəti də əmindi. Əmindi ki, dünya çempionatı 2022-ci ildə bu ölkədə keçiriləcək. Hətta bu ölkənin rəhbərləri “mundialın təşkilatçılıq hüququ Qətərdən alınmalıdı” deyən ingilislərə ironiyalı cavab da vermişdilər: “Gedin, İngiltərə yığmasının problemlərini həll edin”.
Onu qeyd etmək lazımdı ki, FİFA təkcə Blatterdən asılı olan qurum deyil. Bu varlı təşkilatda xeyli “boz kardinal” var. Özü də ayrı-ayrı maraqlara xidmət edən “boz kardinal”lar. Onlar da ABŞ-ın və İngiltərənin maraqlarının nədən ibarət olduğunu yaxşı anlayırlar. Blatterin FİFA prezidenti postunda ən böyük xidməti o oldu ki, dünya çempionatlarının bütün qitələrdə keçirilməsini təmin etdi. Məhz bu amil Asiya və Afrika futbolunun dünya futboluna inteqrasiyasını sürətləndirdi. Amma Blatterin bu ideyası hegemon dövlətlərin marağına xidmət etmirdi. Çünki dünya çempionatlarından daha çox gəlir əldə etmək istəyən varlıların mundialı tez-tez keçirmək istəyinin üstündən xətt çəkilmişdi. Əvvəllər Avropa və Cənubi Amerika ölkələri növbəli şəkildə mundiala ev sahibliyi edirdilər. Belə olanda, varlı ölkələrin mundialı qəbul etmək şansı çoxalırdı. İndi isə Afrika və Asiya da buna iddialıdı. Demək, indi hansısa Avropa və Amerika dövlətinə mundialı qəbul etmək üçün 8 il yox, 16 il gözləmək lazım gəlir.
Bax, olduqca ciddi ittihamlara rəğmən, Blatter mayın sonunda keçirilən seçkilərdə məhz buna görə qalib gəldi. ABŞ və İngiltərənin müdafiə etdiyi İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn Asiyadan olsa da, bu qitənin nümayəndələri seçkidə Blatterə səs verdilər. Elə Afrikanın da təmsilçiləri isveçrəlini dəstəklədilər. Bunun üzərinə Rusiyanı və bu ölkənin nəzarətindən çıxa bilməyən dövlətləri də gəlsək, mənzərə daha da aydınlaşar.
Platini necə şantaj olundu?
Üstəlik, onu da nəzərə alaq ki, Avropanın da bəzi ölkələri ABŞ və İngiltərənin diqtəsini qəbul etmək niyyətində deyil. May ayında keçirilən seçkidən əvvəl İngiltərə mətbuatı UEFA prezidenti Platinini əməllicə şantaj etdi. Onu DÇ-2018-in ev sahibliyi məsələsində Rusiyaya dəstək verməkdə ittiham etdilər. Guya buna görə Platiniyə Pablo Pikassonun Ermitajda saxlanılan əsəri hədiyyə olunub.
Bu şantajlardan sonra Platini “ata-oğul” münasibətində olduğu Blatterə qarşı çıxdı. Seçkidən bir gün əvəl isə Mişel bəyanat verdi: “UEFA-nın üzvü olan bütün Avropa ölkələri Əli bin Əl-Hüseyn”ə səs verəcək”.
Əslində Platini bu bəyanatı verərkən öz dediklərinə inanmırdı. Sadəcə, onu bu bəyanatı verməyə məcbur etmişdilər. Ancaq UEFA-nın da dəstəyi şahzadənin qalib gəlməsinə kömək etmədi. Və məlum oldu ki, Platininin vətəni Fransa da seçkilərdə Blatterə səs verib. Elə İspaniya da. Rusiya və bu ölkənin təsir dairəsində olan dövlətləri də nəzər alsaq, Blatterin əleyhinə cəmisi bir neçə Avropa ölkəsinin çıxdığını deyə bilərik. Yeri gəlmişkən, Azərbaycn Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev də seçkidə Blatterə səs verib.
Rusiyaya nə təklif olunacaq?
FİFA-nın yeni prezidenti seçilərkən də maraqların toqquşması baş verəcək. Bu, birmənalıdı. ABŞ və İngiltərəinin apardığı kampaniya isə bu seçkilər zamanı Rusiyanı neytral mövqe tutmağa vadar etməkdi. Elə ona görə də, mətbuatda ciddi-cəhdlə DÇ-2018-in təşkilatçılıq hüququnun Rusiyanın əlindən alınacağı ilə bağlı piar aparılır.
Nəticə necə olacaq? Əminliklə deyə bilərik ki, dünya çempionatı Rusiyada keçiriləcək. Sadəcə tərəflər kompromis variant əldə etməyə çalışırlar. Güman ki, ABŞ və İngiltərənin Rusiyaya təklifi belə olacaq: Seçkilərə müdaxilə etmirsiniz, dünya çempionatını keçirməmək təhlükəsi də yaşamırsız”.
Əslində, belə variant Rusiya üçün məqbuldu. Bu ölkə DÇ-yə ev sahibliyinə bir də ən azı 50 ildən sonra iddia edəcək. Heç bir iddia qalmayıbsa, əlavə problem yaşamağa dəyərmi? Heç Qətər də narahat olmaya bilər. Bu ölkə mundiala ev sahibliyi edəcək. Amma Asiya və ya Afrikanın hansısa ölkəsinin bundan sonra dünya çempionatına ev sahibliyi etmək şansı olacaqmı?
ABŞ və İngiltərə nə qazanacaq?
Rusiya qalsın bir tərəfdə. ABŞ və İngiltərə seçkidə həm də bu qitələrə qarşı mübarizə aparmalıdı axı. Onlar maraqlarından asanlıqla imtina edəcəklərmi? Yeni namizəd hansı vədlərlə onları razı sala bilər? Hər halda, seçkilər ərəfəsində bu suala aydınlıq gələcək.
Amma bir sual açıq qalır axı: FİFA ətrafında baş verən qlobal korrupsiya qalmaqlı dünya futboluna nə verdi? Bu qalmaqladan kimlər qazandı? Bu əməliyyatların əsas məqsədi nə idi? Güman ki, Blatterdən sonra da FİFA-nın idaretmə sistemində ciddi dəyişiklik olmayacaq. Ola bilsin ki, növbəti mundialların ev sahibləri müəyyənləşərkən də qeyri-qanuni əməllərdən yararlananlar olsun. Zatən, həmişə belə olub.
Amma bir məqam tam aydındı. ABŞ və İngiltərə bu qalmaqaldan öz payını mütləq götürəcək. Necə? Böyük ehtimalla 2026-cil də dünya çempionatı ABŞ-da keçiriləcək. Daha bundan sonrası da aydın axı deyəsən… 2030-cu ildə keçiriləcək mundiala da İngiltərə ev sahibliyi edəcək.
Atalar məsəlində deyildiyi kimi: “Ayının min oyunu vardı, bir armudun üstündə”.
Armud ABŞ və İngiltərənin oldu. Həm də Rusiyanın. Bu mübarizədə nə qalib var, nə də məğlub. Tərəflərə də elə bu lazım deyildi?