Zaur Mirzəyev özünü qismən təqsirli bilir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, nazirlikdəki iş otağında tabeliyində olan xanım əməkdaşlarla intim hərəkətlərini videoya çəkməkdə ittiham olunan polkovnikin mühakiməsi yekunlaşır. Onun işi üzrə uzun müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedir. Aprelin 26-da məhkəmə istintaqı yekunlaşıb.
Bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək deyib ki, Zaur Mirzəyevə qarşı ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. Prokuror FHN polkovnikinin 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
1979-cu il təvəllüdlü Zaur Mirzəyevin məhkəməsi qapalı keçirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bildiyini deyib.
Zaur Mirzəyev bildirib ki, görüntüləri özü gizli şəkildə çəksə də, yaymayıb. Onun sözlərinə görə, çəkməkdə məqsədi də gələcəkdə həmin qadınlar tərəfindən şantaj olunacağı halda, bunun qarşısını almaq idi.
Gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHN də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.
Polkovnik Zaur Mirzəyev 2022-ci il avqustun 17-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.
“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – O, istintaqa ifadəsində də xidməti asılılıqdan istifadə etmədiyini, heç kimi heç nəyə məcbur etmədiyini bildirib.