Fəzail Ağamalı: ”Siyəzəndə aksiyanı Müsavat Partiyası təşkil edib”

Pənah Hüseyn: “Hakimiyyət bu aksiyaları müxalifətlə əlaqələndirməməlidir”

Source:

Pənah Hüseyn: “Hakimiyyət bu aksiyaları müxalifətlə əlaqələndirməməlidir”

“Gözlənilirdi ki, hökumət devalvasiyanın fəsadlarının müəyyən qədər aradan qaldırılması üçün zəruri tədbirlər görəcək. Bu tədbirlər isə ortada yoxdur. Belə vəziyyət həyəcana səbəb olur və insanlar arasında kütləvi hərəkətlənmənin meydana gəlməsini şərtləndirə bilər. Kreditlərlə bağlı yaranmış vəziyyəti də görməzlikdən gəlmək mümkün deyil. İnsanlar bilmirlər krediti ödəsinlər, yoxsa ailəni dolandırsınlar. Bu durum narazılığı bir qədər də artıran amildir”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında AXP sədri Pənah Hüseyn deyib.

Rayonlarda baş qaldıran etiraz aksiyalarına münasibət bildirən partiya sədri deyib ki, konkret hansı rayonlarda etiraz aksiyalarının keçirildiyi barədə onda dəqiq informasiya yoxdur. Amma bilir ki, ölkədə manatın devalvasiyasından sonra başlayan böyük bahalaşma, işsizlik kütləvi həyəcana səbəb olub. Hökumətin təcili antiböhran tədbirlərinə başlamaması isə insanlarda ümidsizliyi və narazılığı bir qədər də artırıb. Bu narazılığın etiraz aksiyaları formasında üzə çıxması təəccüblü olmamalıdır.

P.Hüseyn vurğulayıb ki, hakimiyyət bu aksiyaları müxalifətlə əlaqələndirməməlidir. Çünki artıq bu kimi məsələ öz əhəmiyyətini itirib: “Əslində yerlərdə əhalinin etirazlarını müxalifətlə bağlasalar da, heç bir əhəmiyyət daşımayacaq. Beş-altı müxalifətçini həbs etməklə məsələ həll olunası, əhalinin güzəranı düzələsi deyil. Müxalifətçilərin həbsi çıxış yolu deyil. Bu addım vəziyyəti bir qədər də kəskinləşdirə bilər. İnanmıram ki, hakimiyyətdəkilər buna getsinlər. Hazırda hökumət müxalifətlə yox, cəmiyyətin problemləri, bu problemlərdən əziyyət çəkən insanlarla üz-üzədir. Əsas məsələ problemin həll edilməsi, yumşaldılmasıdır. Əks təqdirdə, etirazlar qaçılmaz olacaq”.

Deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a bildirib ki, araşdırma aparıb və yalnız Siyəzəndə kiçik bir aksiyanın olduğu bəlli olub. Kiçik bir aksiyanın baş verməsini isə bəzi saytlar və qurumlar şişirdib başqa cür təqdim edirlər: “Siyəzəndə 25-30 nəfər unun bahalaşması ilə bağlı etiraz edib. Bizim partiyanın yerli təşkilatından dəqiq məlumat aldım ki, bu aksiyanı təşkil eləyən Müsavat Partiyasının Siyəzən rayon təşkilatıdır. İnsanları həmin təşkilat qızışdıraraq meydana gətirməyə çalışıb. Sonra etirazçılarla rayon icra hakimiyyətinin rəhbərliyi görüş keçirib, onlar dinlənilib. Qaldırılan məsələ ilə bağlı tədbir görülməsi üçün onlara vəd verilib. Sonra isə icra hakimiyyətində müşavirə keçirilib, məsələlər müzakirə edilib”.

F.Ağamalı bəyan etdi ki, yaranmış vəziyyətdən, xalqın tarıma çəkilmiş əsəblərini dövlətçilik əleyhinə yönəltməkdən şərəfsiz, ləyaqətsiz heç nə ola bilməz: “Bu gün dünyada baş verən proseslər hər kəsə aydındır. Dünya od tutub yanır, iqtisadi böhran bütün dünyanı bürüyüb. Azərbaycan təbii ki, bu proseslərdən kənarda qala bilməzdi. Nəzərə alsaq ki, neftin qiyməti artıq 30 dollar səviyyəsinə enib və ola bilsin yenə də enəcək, belə bir vəziyyət öz təsirini iqtisadiyyatımıza göstərməlidir. Çünki iqtisadiyyatımızın ciddi bir hissəsi neft amili ilə bağlıdır. Bu, indiki iqtidarın utanc yeri deyil, çünki nefti dünya bazarına çıxaran və ölkəyə milyardlarla vəsait gətirən indiki iqtidardır. Ancaq neftin qiymətinin müəyyənləşməsi iqtidardan və dövlətimizin iradəsindən asılı məsələ deyil. Tamamilə əminəm ki, bu situasiyadan istifadə edib xalqı dövlətin və iqtidarın əleyhinə qaldırmaq istəyən insanlar antimilli qüvvələrdir. Xalqımız müdrikdir və əminəm ki, dünyada gedən prosesləri dərk edir, hər zaman olduğu kimi yenə də cənab prezidentin siyasətini dəstəkləyir və dəstəkləyəcək. Xalqımız avantürist çağırışlara, çıxışlara mənfi cavab verəcək”.

Lənkəranda baş verən etiraz aksiyası ilə bağlı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin deputatı olan Rüfət Quliyev isə

modern.az

 saytına açıqlamasında deyib ki, bir qrup insan kommunal xidmət haqlarını verə bilmir. İşıq və qaz idarəsinin əməkdaşları mənzillərə qaz və işıq verilişini dayandırıb. Əhali ilə rəsmilər arasında razılıq əldə olunub. Qərara alınıb ki, əmək haqları alınan zaman insanlar borclarını ödəsinlər. Məsələ bununla da bitib.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə F.Ağamalının ittihamlarına cavab verib. O, “Yeni Müsavat”a deyib ki, baş verən narazılıqlar əhalinin indiki iqtisadi siyasətdən, düşdükləri ağır durumdan irəli gələn hadisələrdir: “Bu proseslər yəqin ki, bütün ölkədə davam edəcək. Müsavat Partiyasının respublikanın bütün ərazisində yerli strukturları mövcuddur.

Azərbaycan xalqının ağır duruma düşdüyü məqamda Müsavata, onun yerli strukturlarına, ayrı-ayrı nüfuzlu müsavatçılara müraciət etməsinə də təbii yanaşmaq lazımdır. Ancaq konkret olaraq son günlərdə keçirilən aksiyaların təşkilatçısı Müsavat Partiyası deyil. Biz bu məsələləri müzakirə edirik. Həm ölkə ərazisində, həm Bakı şəhərində kütləvi aksiyalar keçirmək barədə qərarlar qəbul edərkən qərarlarımızı ictimaiyyətə açıqlayacağıq”.

Ana səhifəXəbərlərFəzail Ağamalı: ”Siyəzəndə aksiyanı Müsavat Partiyası təşkil edib”