Fetoçu, saxta pul kəsən, dini ekstremist – Qubad İbadoğluna qarşı irəli sürülən ittihamlar

Dünyanın məşhur universitetlərində dərs deyən iqtisadçı və ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycanda niyə həbs olundu? Ölkə daxilində və xaricində buna necə reaksiya verildi?

Avqustun 25-də artıq bir aydan çoxdur ki, həbsdə olan Qubad İbadoğluya qarşı daha bir ittihamın irəli sürüldüyü məlum oldu. Bu dəfə iqtisadçı “dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə”də ittiham olunur.

Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşı İradə Bayramova ilə Sumqayıtdan Saray bağları deyilən ərazidən öz bağına qayıdarkən saxlanılıb.

Onları Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin (MCBMİ) əməliyyatçıları həbs edərək idarəyə aparırlar. Həmin gün axşam saatlarında iqtisadçının Nərimanov rayonunda yerləşən keçmiş evində, hazırda isə sadəcə ofis olaraq fəaliyyət göstərən ünvanda axtarış aparılır və 20 000 dollar civarında saxta dollar əskinası aşakarlanaraq götürülür.

Elə həmin gün İbadoğlu həbs edilir və ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülür. Bu maddə ilə onu 8 ildən 12 ilə qədər həbs cəzası kəsilə bilər.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

Qubad İbad oğlu Bayramov 1951-ci ildə Fizuli rayonun Aşağı Güzdək kəndində anadan olub. O, 20 ilə yaxın müddətdə İqtisad Universitetində “İqtisadi təhlil” kafedrasında çalışıb.

2004-2005-ci tədris ilində Budapeştin Mərkəzi Avropa Universitetində, 2008-2009-cu tədris ilində ABŞ-ın Çapel Hil Şimali Karolina, 2015-2016-cı tədris ilində Dyük Universitetində, 2017-2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018-2021-ci illərdə Nyu Cersidə Ratgers Universitetində elmi tədqiqatlarla və pedoqoji fəaliyyətlə məşğul olub. Son iş yeri London İqtisadiyyat və Siyasi Elmlər Məktəbidir.

Siyasi fəaliyyətinə Müsavat Partiyası ilə başlayan İbadoğlu 2015-ci ildə oradan uzaqlaşıb, 2015-ci ilin fevralında yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsisçilərindən olub. Elə həmin il də hərəkatın sədri seçilib. 2021-ci ildə hərəkat rəsmi olaraq partiyaya çevrilib.

İqtisadçı uzun illər vətəndaş cəmiyyətində, müxtəlif QHT ilə sıx əməkdaşlıq edib. Belə ki, 1995-1999-cu illərdə “Ekonomiks” iqtisadiyyat qəzetinin baş redaktoru, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi dərgi olan “Ekspert”in baş redaktoru olub. 2002-ci ildə İqtisadi Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, 2007-ci ildən ictimai birliklərin Mədən Sənayesində Şəfafflığın Artırılması Koalisiyasının əlaqələndiricisidir.

2008-ci ildə qərargahı Londonda yerləşən “Ödədiyini Açıqla” Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun, 2009-cu ildə Qara Dəniz QHT Forumunun İdarə Heyətinin, 2013–2019-cu illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü olub.

Bağ yolunda əməliyyat

Qubad İbadoğlu ilə birgə saxlanılaraq Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə aparılan həyat yoldaşı İradə Bayramova hadisənin şokundan hələ də çıxa bilmədiyini deyir:

“Biz kanalın üstü ilə gedirdik, yolda bir maşının bizi izlədiyini, sonra isə keçməyə çalışdığını gördük. O yol çox dar yoldur, əkstərəfli hərəkət zolağı var. Arxadan gələn maşın bizi sıxmağa başladı, yolun digər tərəfi isə kanal idi. Biz maşını kənara çəkdikdə avtomobil düz bizim qarşımızda saxladı və mən qəfil dayanmaya görə sürətlə irəliyə doğru əyildim. Təhlükəsizlik kəmərini bağlamasaydım, yəqin ki, maşından çölə düşərdim. Maşını saxlayan kimi arxada da bir neçə avtomobil dayandı”.

Ətraflarında çoxsaylı eyni geyimli şəxsləri görən İradə Bayramova nə baş verdiyini anlamayıb. O, özünə gəlməmiş qapının açıldığını və tanımadığı şəxsin özünü təqdim etmədən təhlükəsizlik kəmərini açaraq onu avtomobildən düşürdüyünü deyir:

“Bu adamlar hüquq-mühafizə orqanı əməkdaşından çox qurldurlara bənzəyirdilər. Məni avtomobildən düşürdükdən sonra baxdım ki, ətrafımda bu cür 5-6 nəfər qara qısaqol köynəkli və qara şalvarlı şəxslər dayanıb. Məni digər avtomobilə oturtduqları zaman gördüm ki, avtomobilin qapılarını bağlayırlar, o zaman nə baş verdiyini anladım və özümü avtomobildən yerə atdım. Avtomobilin qapısını tutub insanları köməyə çağırmağa, yaşlı və xəstə insan olduğumuzu, bizim orqanlarımızın da heç kimə yaramayacağını deyib qışqırmağa başladım. Mənə elə gəlirdi ki, bu şəxslər ya quldur, ya da orqan alverçiləridir. Başqa heç nə düşünə bilmirdim”.

İradə Bayramovanın avtomobilin qapısından yapışıb müqavimət göstərməsi onun bir neçə əməkdaş tərəfindən zorakılıqla avtomobilə oturdulması ilə nəticələnir. O, özü də bədənindəki zorakılıq izlərinin sonradan fərqinə varır.

“Oğlum dollar görsə, tanımaz”

İyunun 24-də Qubad İbadoğludan başqa FETÖ ilə əlaqədə şübhəli bilinən daha üç nəfər saxlanılıb, onların da barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Guya ki, FETÖ ilə əməkdaşlıq edən həmin adamlar da öz ifadələrində Qubad İbadoğlu ilə əlaqələrinin olduğunu bildiriblər.  

Anar Əliyevin anası Çimnaz İmanova isə Meydan TV-yə müsahibəsində nə Q.İbadoğlunu tanıldıqlarını, nə də oğlunun dolları tanıdığını deyir.

Anarın dolları olsaydı, xəstə anasının kreditlərini ödəyərdi”,deyən Ç.İmanova Binəqədinin əsasən kasıb əhalisinin yaşadığı dar dalanlarından birində, kiçik girişi və ikigöz otağı olan evdə yaşayır.

Anar Əliyevin anası uzun illər Bakının Nəsimi rayonundakı 19 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Hazırda təqaüddədir. Oğlunun sürücü işlədiyini deyir.

Oğlunun həbsinə gəlincə isə ana bildirdi ki, oğlu iyulun 20-si axşam saatlarında evdən çıxıb və gəlməyib.

Ayın 21-də oğlunun harada saxlanmasından narahat qalan ana bütün polis idarələrinə zəng vurub, oğlunun atası ilə birgə onu axtardığını deyir:

“Hələ də bilmirəm ki, balam nə üstdə gedib. Görüş üçün də polis özü gəlmişdi, dedi ki, Anar səni görmək istəyir. Şəkərim var, ürəyim də xəstədir. Dedim ki, ay oğul, bu, nə iş idi mənim başıma açdın? 3 nəfər müstəntiqin yanında Anarla görüşdüm, nə ağ, nə qara, heç nə danışa bilmədim. Orada da halım pisləşdi, dərman içdim, bir az da oturdum gəldim. Gələn də „Banditzm“dən gəlmişdi”.

“Azərbaycan hakimiyyəti nəzarət etmədiyi bütün şeylərdən qorxur”

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

“Qubad bəy sıradan bir şəxs deyil. Ölkədə uzun illər ictimai-siyasi fəaliyyətlə məşğul olan bir şəxsdir. Çoxsaylı araşdırmaların müəllifidir, son zamanlar siyasi hərəkat yaradıb və siyasi iddiasını ortaya qoyub. Demokratiya və Rifah hərəkatının lideridir. Belə bir şəxsin qondarma ittihamlarla həbs olunması istər-istəməz onun siyasi motivlərlə həbs olunmasına dair rəy yaradır”, – hüquq müdafiəçisi Anar Məmmədli deyir. – Məsələnin digər tərəfi – Qubad bəyin həbsinə Azərbaycandakı uzun illər davam edən siyasi repressiyaların müstəvisində baxmaq lazımdır. Qubad bəy siyasi motivlərlə həbs olunan nə ilk, nə də sonuncu şəxsdir. Ölkədə elə bir siyasi mühit yaradılıb ki, insanlar fərqli fikirlərinə görə, hətta “Facebook”da yazılan filkirlərinə görə polis tərəfindən saxlanılırlar, qorxuya, təzyiqə məruz qalırlar”.

Qubad İbadoğlunun həbs səbəbləri arasında müzakirə olunan əsas məqamlardan biri onun təsisçilərindən biri olduğu və yaxın günlərdə Böyük Britaniyada qeydiyyata alınan təhsil fondu ilə əlaqələndirilir.

Fond iyulun 14-də Qubad İbadoğlu, Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan keçmiş diplomat Arif Məmmədov tərəfindən təsis edilib. Təsisçilərdən biri olan Cəmil Həsənlinin Meydan TV-yə bildirdiyinə görə, fondun məqsədi azərbaycanlı gənclərin xaricdə təhsil almasına dəstək verməkdir.

Belə bir fikir var ki, Qubad İbadoğlunun həbsinə əsas səbəb onun xaricdə azərbaycanlı məmurların müsadirə olunan vəsaitlərinin bu fonda yönləndirilməsi ilə bağlı ictimaiyyətə açıqladığı sözləri olub.

Cəmil Həsənlinin sözlərinə görə isə sanksiyaya məruz qalan vəsaitlərin bu fonda yönləndirilməsi sadəcə kiçik bir epizoddur:

“Bütün xeyriyyə fondları ianələr əsasında fəaliyyət göstərir. Onu Qubad bəy təqdim edəndə bir epizod kimi qeyd etmişdi ki, bu pulların mənbəyi Azərbaycan olduğu üçün müsadirə prosesində o vəsaitlərin bir hissəsi də fonda yönəldilə bilər. Çünki fondun əsas məqsədi də Azərbaycan gənclərinin təhsil məsələsidir. Amma bütövlükdə fond bunun üzərində qurulmayıb axı. Bir elementdir, bu”.

Prosedur baxımından bu məsələni qeyri-mümkün hesab edən Cəmil Həsənli bildirir ki, müsadirə olunmuş vəsaitlər və yaxud xaricdə aşkaralanan, mənbəyi şübhəli olan vəsaitlər hansı ölkədən çıxarılıbsa, onu həmin ölkənin dövləti və hakimiyyəti, hüquq-mühafizə orqanları tələb edə bilər:

Cəmil Həsənli, Foto: Meydan TV

“Yəni ayrı-ayrı fərdlərin, qeyri-hökumət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının tələbi keçərli deyil. Məsələn, beş nəfər, on nəfər, və yaxud min nəfər vətəndaş bunu tələb edir, bu, keçərli deyil. Bu gün gözümüzün önündə Özbəkistan təcrübəsi var. Özbəkistanda bu necə baş verdi? Hakimiyyət dəyişildi və yeni hökumət dövlət səviyyəsində tələb edərək İsveçrədə keçmiş hakim ailəyə məxsus olan vəsaitləri qaytardı”.

“Ümumiyyətlə, Azərbaycan hakimiyyəti nəzarət etmədiyi bütün şeylərdən qorxur”, –  deyən tarixçi alimin sözlərinə görə,  fond qeydiyyatdan keçəndən sonra Azərbaycan hakimiyyətində belə bir fikir yarandı ki, bu adamlar orada özbaşına fondu qeydiyyatdan keçirə bilməzlər, bunun arxasında hansısa görünməyən qüvvələr var, adı təhsil fondu olsa da, təhsil adı altında ölkənin daxili işlərinə müdaxilə imkanları ola bilər. Halbuki istənilən vətəndaş rezident xeyriyyə fondunu qeydiyyatdan keçirə bilər”.

“Hakimiyyət insanları iki qrupa bölür: onun üçün təhlükə yaradanlar və təhlükə yaratmayanlar”

Q.İbadoğlunun həbsini təhsil fondu ilə əlaqələndirməyi doğru hesab etməyən hüquq müdafiəçisi Anar Məmmədlinin fikrincə, bu cür yanaşmanı gündəmə gətirməklə Azərbaycanda siyasi repressiyaların mahiyyətini və onun miqyasını azaltmış oluruq:

“Çünki Azərbaycanda bir insanın siyasi repressiyaların qurbanına çevrilməsi üçün onun hansısa fond və ya hansısa təşkilat yaratmasına ehtiyac yoxdur. Azərbaycan hakimiyyəti insanları iki qrupa bölür – onun üçün təhlükə yaradanlar və təhlükə yaratmayanlar. Qubad bəy bu gün Azərbaycan hakimiyyəti üçün dırnaqarası təhlükəli insanların siyahsında olduğu üçün həbsə məruz qalıb. Bu, onun bir fond yaratması, təsisçi olması ilə bağlı deyil, bu, onun uzun illər fəaliyyəti ilə bağlıdır.

Bu fond yaradılana qədər Qubad bəyin fəaliyyətinə baxsaq görərik ki, adam daim tənqidçi mövqedə olub. Tutaq ki, hökumətin fəaliyyətində şəffaflıq yaradılmasının çox ciddi təbliğatçısı olub. Uzun illər Mədən Sənayesində Şəffaflıq Koalisiyasında çalışıb. Eyni zamanda idarəçilikdə şəffaflığın, aşkarlığın təmin olunmasından yana olub. Ölkədə çoxsaylı araşdırmaların müəlliflərindən biri olub”.

Hüquq müdafiəçisi bütün bunların Azərbaycanda mövcud olan kleptokratik, korrupsiyaya uğramış bir rejim üçün təhlükə mənbəyi olduğunu deyir:

“Bir insan tutalım ki, hansısa bir addım atır, təşkilat yaradır, açıqlama verir dərhal həbs edirlər və hə, buna görə baş verdi deyirlər. Mən belə düşünməyin əleyhinəyəm”.

Beynəlxalq reaksiya

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və digər hüquq müdafiə təşkilatları iqtisadçı Qubad İbadoğlunun həbsindən, saxlanma və ağır həbs şəraitindən dərin narahatlıqlarını bildiriblər.

Təşkilat avqustun 8-də bununla bağlı bəyanat yayıb.

Bildirilir ki, İbadoğlu dövlətin maliyyə idarəçiliyi, düzgün idarəetmə və büdcə şəffaflığı ilə bağlı araşdırma aparan İqtisadi Tədqiqatlar Mərkəzi qeyri-hökumət təşkilatının aparıcı siması olub:

“2014-cü ildə hökumət İqtisadi Tədqiqatlar Mərkəzini zorla qapadıb”.

Bəyanata “Human Rights Watch” və “Human Rights House Foundation” da qoşulub.

İqtisadçının dərs dediyi London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) baş dəvətli elmi əməkdaş, doktor Qubad İbadoğlu ilə müqaviləni iki il uzadıb. Bu qərar onun beynəlxalq diqqət və narahatlıq doğuran son həbsindən sonra verilib.

“Amnesty İnternational” təşkilatı Qubad İbadoğlunun azadlığa buraxılması tələbi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Təşkilat bütün maraqlı şəxsləri onu imzalayıb, Azərbaycan rəhbərliyinə göndərməyə çağırıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi avqustun 25-də Qubad İbadoğluya yeni ittihamı elan edib. İndi o, həm də Cinayət Məcəlləsinin 167-3.1-ci ( Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsilə ittiham olunur.

Cinayət Məcəlləsinin 167-3.1 maddəsində 8 min manatdan 10 min manata qədər cərimə və ya 2 ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qubad İbadoğlunun qızı Jalə Bayramova hesab edir ki, atasına qarşı yeni ittihamın dinlə əlaqəli olması təsadüf deyil. Onun fikrincə, bu addımla ADR sədrinə beynəlxalq dəstəyi azaltmaq məqsədi güdürlər:

“Xarici təşkilatların Qubad İbadoğlu ilə bağlı artan dəstəyini gördükcə, onu dinə bağlamaq istəyirlər. Bunun məqsədi sadəcə beynəlxalq dəstəyi azaltmaqdır. Lakin Qubad İbadoğlunun evində “tank” da peyda olsa, bu, heç bir beynəlxalq təşkilatın dəstəyini azaltmayacaq…”.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoFetoçu, saxta pul kəsən, dini ekstremist – Qubad İbadoğluna qarşı irəli sürülən ittihamlar