Vüqar Bayramov: ”Qərar Azərbaycan manatına təzyiqləri azaltmayacaq”
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.
“APA-Economics”in xəbərinə görə, iclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,50 faiz diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.
Qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşır.
Federal Ehtiyatlar Sistemi (FES) ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4 faizdən 2,2 faizədək azaldıb.
Bu barədə FES-in rəhbəri Canet Yellen bildirib.
FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında C. Yellen qeyd edib ki, inflyasiya ilə bağlı proqnoz 1,2 faizədək endirilib. İşsizliklə bağlı proqnoz 4,7 faiz səviyyəsində saxlanılıb.
FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
Qərarı Meydan TV-yə şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, FES-in uçot dərəcəsini dəyişməməsi gözlənilən idi. Avropa Mərkəzi Bankının uçot dərəcəsini azaltması və dövriyyəyə əlavə 20 milyard avro emissiya etməsi qərarından sonra FES-in uçot dərəcəsini dəyişməyəcəyi güman olunurdu. Çünki FES uçot dərəcəsini dəyişəcəyi halda bu birmənalı şəkildə dolların möhkəmlənməsinə və nəticə etibarıyla ABŞ-ın iqtisadi imkanlarının zəifləməsinə gətirərdi. Beləliklə, FES son qərarıyla status-kvonu qoruyub saxladı.
İqtisadçı hesab edir ki, qərar qlobal valyuta bazarına və Azərbaycan iqtisadiyyatına təsir göstərir. Bu, bazarda dolların müəyyən qədər indiki mövqeyinin zəifləməsi və saxlanması formasında özünü göstərəcək. Dolların zəifləməsi həm də neft bazarına təsir edəcək, çünki neft də dollarla satılır. Amma qərar Azərbaycan manatına təzyiqləri azaltmayacaq. Hazırda auiksonlarda tələbin sifarişdən az olduğu və manatın dollara nisbətən cüzi möhkəmlənməsi sezilir. Amma bu heç də valyuta bazarının tarazlığı anlamına gəlmir. Hələlik bu tarazlıq tapılmadığından manata təzyiq olacaq. Düzdür, Mərkəzi Bank inzibati metodlarla dövriyyədəki manat bazasını azaltmaqla dollara tələbi azaltmağa çalışır. Bu, uzun müddətli dövr üçün effektli deyil. O baxımdan FES-in qərarından sonra manata təzyiqin azalacağını proqnozlaşdırmaq doğru deyil. Məsələ ondadır ki, manatın təzyiqin azalması və birbaşa “rahat nəfəs alması” ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. FES-in qərarı isə Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərmir. Azərbaycana daxil olan valyutanın həcmi yalnız neftin dünya bazarında kəskin artımıyla mümkündür.