«Məqsədimiz bu idi ki, malımızı anbarlarda saxlayıb, qışda Rusiya bazarlarında sataq. Xeyli pulumuz gedib, malı da sata bilməmişik, indi fəhlələrin pulun da ödüyə bilmirik, xeyli borcumuz var» – deyən Göyçay rayondan olan iş adamı Mahir Əliyev, meyvə məhsullarının soyuducu anbarda düzgün saxlanılmaması səbəbindən xarab olmasından gileylənir.
Göyçayın Mahir Əliyev kimi meyvəçiliklə məşğul olan xeyli fermer və iş adamının Potu kəndindəki soyuducu anbarda ümumilikdə 180 min manatlıq 300 ton məhsulu xarab olub. Bu səbəbdən meyvəçiliklə məşğul olan fermerlər və bu sahədə çalışan iş adamları bu mövsüm Rusiya bazarlarına mallarını çıxara bilməyiblər.
“Camaatın üzünə baxa bilmirik, hamı deyir pulumuzu verin. İki “Kamaz” malım batıb. Malımızı alıblar, xarab edib veriblər üstümüzə. Bu malı indi mən neyləyim? Heç olmaya dəymiş ziyanı ödəsinlər” – digər iş adamı Əlağa Rəhimov belə deyir.
Göycaylılar əvvəllər də məhsullarını anbarlarda saxlayırdılar. Ötən il Potu kəndindəki anbarla da bağlı problemləri olmayıb. Fermer Rahim Məmmədov isə yaranmış vəziyyəti belə izah edir:
“Keçən il bu soyuducuya baxan mütəxəsis var idi və malımızı da yaxşı saxlamışdı. O da həmin şəxsə pul vermədilər, çıxdı getdi başqa anbara. Ona görə də vəziyyəti bu hala gəlib. Ona görə də biz hamılıqla yığışıb tələb edirik ki, bizim pulumuzu versinlər”.
Məhsulların saxlaınılması üçün fermer və iş adamları ümumilikdə soyuducu anbarın rəhbəri Fazil Hüseynova 51 min manat pul verdiklərini deyirlər.
“Gözüm baxa baxa malımı batırır. Burda hər yeşiyə 1 manat 70 qəpik pul alıblar” -iş adamı Rasim Mustafayev belə deyir.
Soyuducu anbarın rəhbəri Fazil Hüseynov isə günahı fermer və iş adamlarının özündə görür və həm də iddia edir ki, mal sahibləri ona anbarın haqqını ödəməyiblər:
“Xurma daş döyil, torpaq deyil, 3 ay müddətində anbarda saxlandıqdan sonra hər bir malın içində müəyyən qədər boşalma gedir. Ağacdan yığılan maldı, meyvədi, canında xəstəlik ola bilər. Bəlkə vaxtından əvvəl yığıblar, çöldə saxlayıblar. Üç ay malı anbarda saxlayıblar, fəhlələr işləyiblər, enerji sərf olunub, üstəlik dövlətə ordan vergi ödənməlidi, idi bunlar da bir qəpik pul verməyiblər”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, belə hallar artıq mütamadilik təşkil edir və tək Göyçayda baş vermir. Azərbaycanın digər rayonlarındakı soyuducu anbarlarda da donma, boşalma, çürümə kimi hallar qeydə alınır:
“Buna səbəb isə qeyri-peşəkar yanaşmadı. Bizim fermerlər və ya iş adamları müqavilələr bağlaya bilmirlər, sonra da hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Təsüflər olsun ki, bu məsələlər fermerlərlə razılaşdırılmayıb, xüsusi adamlara həvalə olunub. Yəni anbar tikmək üçün vəsaitlər əksər hallarda bu sahədən anlayışı olmayanlara həvalə olunub. Bunun da kənd təsərüfatına bir başqa ziyanı var. Fermer əgər məhsulunu saxlaya bilmirsə kənd təsərufatı məhsulunun istehsalında da maraqlı olmayacaq”.
Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, məsələdən xəbərdardılar. Hətta ziyan çəkmiş fermer və iş adamları nazirin özü ilə də görüşüblər.
“Onlara qanuni olaraq hüquqları izah olundu ki, məhkəməyə müraciət etsinlər. Səbəb isə, odur ki, iş adamları və fermerlərin soyuducu anbarın sahibi ilə müqavilələri yoxdur. Əgər müqavilə olsa idi, mütləq sığorta onlara dəymiş ziyan ödəyərdi. İndi onların əllərində heç bir hüquqi sənəd olmadığına görə, bu, artıq məhkəmə predmetidir”.
Murtuzəli Hacıyev bildirir ki, fermerlər, iş adamları soyuducu anbarlara məhsul qoyduqda mütləq şəkildə müavilə də bağlamalıdırlar, əks halda isə belə hallar qaçılmaz olur. Lakin ekspert Vahid Məhərrəmov deyir ki, anbar sahibləri müqavilə bağlamaqda maraqlı deyillər və buna səbəb də məhs onların riskləri öz üzərinə götürmək istəməmələridir.
Tural Müstafayev
Meydan TV