Fermerlər subsidiyanı indiyədək ala bilmədiklərini deyirlər

Pambıqçı, Ruad/Shutterstock

“Pambıqçılığın problemləri o qədər dərindir ki, bunu nazirliyin hansısa əməkdaşı ilə müzakirə edib, həll etmək olmaz”

Ötən mövsüm pambıq istehsalı gözləntiləri doğrultmayıb. Əksər bölgədə suvarma problemi, hava şəraitinin pambıqçılıq üçün əlverişli olmaması məhsuldarlığa təsir edib. Nəticədə fermerlər zərərlə üzləşiblər. Fermerlər deyirlər ki, məhsuldarlığın az olması bir yana, pambığın hər kiloqramına görə ödənilməli olan subsidiyanı indiyədək ala bilməyiblər.

Meydan TV-yə müraciət edən, adlarının açıqlanmasının problem yaradacağından ehtiyatlanan fermerlər deyiblər ki, dövlət tərəfindən verilən vədlər yerinə yetirilmir. Onların sözlərinə görə, ölkə üzrə pambıq istehsalı əvvəlki ildən 5 sentner aşağı olub. Fermerlərdən biri deyib ki, onlara aprelədək vəsaitin ödəniləcəyi vəd edilib.

“Çox da narazılıq edə bilmirik, çünki onsuz da müxtəlif bəhanələrlə subsidiyanı tam ödəmək istəmirlər. Ötən ildən qalan əkin subsidiyası gecikdirilib. Elə fermer var ki, ona 30-40 min, eləsi də var 2-5 min manat verilməlidir”,- fermer deyib.

O bildirib ki, məsələdən Kənd Təsərrüfatı Nazirliyi də xəbərdardır. Dəfələrlə müraciətdən sonra nazirliyin rəhbər əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Fermerlərə bildirilib ki, haqqı olan subsidiyanı alacaq:

“Çoxumuza alverçi damğası vurmağa çalışdılar. Guya pambığı alıb, satırıq”.

Digər fermer isə deyib ki, subsidiya vaxtında ödənilmədiyində zərərə düşürlər, çünki dərman preparatlarının qiyməti, o cümlədən digər xərclər ildən-ilə artır.

“Son 2 ildə məhsuldarlıq azalıb. Bunu havanın, suyun üstünə atmaq olmaz. Bu ildən subsidiyanın verilmə şərtləri dəyişdirilib. Pambıqçılığın problemləri o qədər dərindir ki, bunu nazirliyin hansısa əməkdaşı ilə müzakirə edib, həll etmək olmaz. Təsəvvür edin ki, bir ay içərisində 10-15 dəfə teleqramla, məktubla müraciət edirik. Yüzlərlə pambıqçı-fermer məhsula görə verilən, yəni hər kiloqram üçün ödənilən 10 qəpik subsidiyanı ala bilmir”,- fermer deyib.

Onların sözlərinə görə, narazılıq edənləri borclu çıxarmaq üçün bəhanə tapırlar. Kiminə deyirlər ki, əkin sahələrini düzgün göstərmirsən, bəzilərinə isə alverçi damğası vurulur. Buna görə də hələ ki gözləyirlər.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, ötən il 100,5 min hektar ərazidən 286,7 min ton pambıq yığılıb. Əvvəlki ilə nisbətən pambıq istehsalı 50 min ton, məhsuldarlıq isə 5 senter aşağı düşüb:

“Biz təklif etmişik ki, subsidiya vaxtından əvvəl verilsin. Yəni fermerlər həmin vəsaitdən istifadə edə bilsinlər, müəyyən xərclərini ödəsinlər. Təəssüf ki, hökumət öz bildiyini edir, subsidiyanı gecikdirir. Onsuz da fermerlər bu il ziyana məruz qalıblar, çünki bu il pambıq istehsalı azalıb”.

Məhərrəmli deyib ki, fermerlər ona müraciət edirlər. Bildirirlər ki, əldə etdikləri gəlir xərclərini ödəmir:

“Bu baxımdan onların subsidiyaya ciddi ehtiyacları var. Görünür, kimsə maxinasiya ilə məşğuldur”.

Ekspertin sözlərinə görə, ölkədəki pambıq-əkin sahələrinin yarıdan çoxu məmurlarındır. Təxminən 40-45 min hektar məmurlara məxsusdur. Oliqarx məmurların əkin apardıqları torpaqların heç də hamısı sənədləşdirilməyib.

Vahid Məhərrəmli qeyd edib ki, bu ildən pambıq sahəsinə görə subsidiya ödənilməyəcək. Subsidiya, əldə olunan məhsula görə ödənəcək:

“Əslində biz bunu təklif etmişdik. Ancaq bunu məhsuldarlığın aşağı düşdüyü vaxtda tətbiq etdilər. Hesablamalara görə, fermerlər bu mövsümdən həm şəkər çuğunduru, həm tütün, həm də pambığa görə əvvəlki illərdən daha az subsidiya alacaqlar. Yəni əvvəl həm əkin, həm məhsul subsidiyası, həm də dizel yanacağının bahalaşmasına görə hektara subsidiya verilirdi. Qaydaları ona görə dəyişdirdilər ki, məhsuldarlıq aşağı düşüb, bunlara sərf edir”.

Kənd Təsərrüfatı Nazirliyi ilə dəfələrlə əlaqə saxlanılsa da, məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgəFermerlər subsidiyanı indiyədək ala bilmədiklərini deyirlər