İqtisadçı: “Əslində yarmarkalar görüntü xarakteri daşıyır”
“Rayonda xiyarın kiloqramını 10 qəpikdən satırıq, pomidor 1 manata, çuğundur 40 qəpiyədir. Bakı bazarlarına birbaşa çıxışımız yoxdur. Vasitəçilər qapıdan alıb aparırlar”.
Bunu Meydan TV-yə şəmkirli fermer Ədalət Məmmədzadə deyib. Onun sözlərinə görə, yolpulundan əlavə bazara giriş üçün 80-100 manatarası pul ödənilməlidir:
“Üstəlik yolpulu, Bakıda qalmaq və yemək üçün xərclər də lazımdır. İri ticarət mərkəzlərinin özlərinə məxsus təsərrüfatları var. Maraqlandıq, dedilər ki, fermer iri ticarət şəbəkələrində məhsul satmaq istəyirsə, depozit qoymalıdır. Məhsul satılmasa, özümüzə geri qaytarılacaq. Yəni üstəlik bir də xərc çəkib satılmayan məhsulu geri qaytarmalıyıq”.
Ədalət Məmmədzadə qeyd edib ki, məhz buna görə də minbir əziyyətlə başa gələn məhsulunu dəyər-dəyməzə satmağa məcbur olurlar. Çox zaman qazancları xərclərinin bir hissəsini ödəməyə yetmir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Meydan TV-yə bildirib ki, fermerlərin iri şəhərlərdə bazarlara çıxışı məhduddur.
“Kənd Təsərrüfatı Nazirliyi vaxtaşırı yarmarkalar təşkil edir. Bununla da göstərmək istəyirlər ki, fermerlərin bazarlara çıxış imkanları var, məhsulları ucuz qiymətlərə sata bilirlər. Əslində isə yarmarkalar görüntü xarakteri daşıyır. Fermerlərin ölkənin böyük şəhərlərindəki bazarlara çıxış imkanları demək olar ki yoxdur”, – iqtisadçı deyib.
Bildirib ki, meyvə-tərəvəz, ət, süd və başqa ərzaqlar da ən azı 2-5 dəfə baha satılır. Fermerlərin iri şəhərlərin, xüsusilə də Bakı bazarlarına çıxışının məhdudlaşdırılması bu cür qiymət fərqinə gətirib çıxarır:
“Rayonlarda məhsul ucuz olur, Bakıda isə olduqca baha qiymətə satılır. Bu da inhisarçılığın əlamətidir”.
“Ölkənin bütün rayonlarında yarmarkalar təşkil edilməli, fermerlərin bazarlara birbaşa çıxışı təmin olunmalıdır. Fermerlərin bazarlara çıxış imkanı olsa, məhsul indikindən bir neçə dəfə ucuz satılar. Onsuz da kənd təsərrüfatı gündən-günə geriləyir, məhsulların yarıdan çoxu idxal olur. Bununla belə, istehsal olunan məhsulların bazara çıxışına da ciddi maneələr var. Beləliklə, vəziyyəti daha da çətinləşdirirlər”, – A.Nəsirli deyib.