Fermer: Prezident tapşırıb ki, gedin kəndlinin torpağını əlindən alın?

Heyvandarlıqla məşğul olan kəndlilər deyir, onlara bildirilib ki, bu torpaqlarda Kəmaləddin Heydərov əkinçilik və heyvandarlıq biznesi quracaq

Source:


Heyvandarlıqla məşğul olan kəndlilər deyir, onlara bildirilib ki, bu torpaqlarda Kəmaləddin Heydərov əkinçilik və heyvandarlıq biznesi quracaq

“Mən sahədə fəhlələrə yaxınlaşdım, kimlikləri ilə maraqlandım, dedilər “Gilan Holdinq”in işçiləriyik, müdirimiz Eldar adlı şəxsdir, Kəmaləddin Heydərovun adamıdır. İcra hakimiyyətində oldum, başçı da deyir, Kəmaləddin Heydərovun göstərişi var, mart-aprel aylarına kimi torpaqları boşaltmaq lazımdır”.

Bunu Meydan TV-yə İmişlinin Sərxanlı kənd sakini Elxan Tarverdiyev deyir. Onun sözlərinə görə, kəndlilərin qanuni istifadəsində olan otlaq yerlərinin bir hissəsi hələ 2 il əvvəl pambıq əkini adıyla əllərindən alınıb. Hazırda isə onlardan otlaq sahələrinin qalan hissəsi tələb olunur. Kənd sakininin sözlərinə görə, yerli icra hakimiyyətində həmin torpaqlarda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəxsi biznesinin bir qolu olaraq iri əkinçilik və heyvandarlıq təsərrüfatlarının yaradılmasını əsas gətirirlər.

Qalan torpaqlara da göz dikiblər

Kənd sakini sözünə davam edir:

“Kəndin ümumi otlaq sahəsində 70 hektar yerim vardı, iki il əvvəl traktorları saldılar sahəyə, 40 hektarını şumladılar. Dedilər, prezidentin göstərişi var, pambıq əkilməlidir. Qaldı 30 hektar… Ötən yaz gəlib əlavə 10 hektar da götürdülər, qaldı 20 hektar… İndi də deyirlər, yazadək yığışdır fermanı burdan, torpaqların qalanını da ver, Kəmaləddin Heydərov buralarda əkin sahələri yaradır, heyvandarlıq kompleksi yaradır. 40 hektar məndən, 30 birindən, 20 birindən… Beləcə, kənddə azı 30-40 adamın otlaq yerindən çox hissəsini şumlayıb götürdülər, az hissəsini adamlarda saxladılar. İndi o az hissələrə də göz dikiblər”.

Fermerin sözlərinə görə, kəndlilər bu torpaqları heyvandarlıq məqsədilə qış otlaq sahəsi kimi qanuni yolla istifadəyə götürüblər. Elə o özü də heyvandarlığı inkişaf etdirmək üçün İqtisadi İnkişaf Nazirliyi Yanında Sahibkarlığa Kömək Milli Fondundan (indiki Sahibkarlığın İnkişafı Fondu) iki dəfə kredit götürüb. Hazırda ikinci kreditinin müddəti hələ bitməyib. Yazadək söküləcəyi deyilən fermanın tikintisinə, su, işıq, istilik sisteminin qurulmasına 50 min manatdan çox pul xərcləyib. Üstəlik də dövlətə vergi ödəyir.

Pambıq bəhanəsiylə şumlayıb, taxıl əkdilər

“Onsuz da iki il əvvəl torpaqların bir qismi əlimizdən alınanda heyvanların sayını azaltmaq məcburiyyətində qalmışdıq. Bu da bizi xeyli zərərə saldı. İndi isə baltanı kökündən vurmaq qərarına gəliblər. Deyirlər, gedin, özünüzə başqa iş tapın, heyvandarlıq da, əkinçilik də, ümumiyyətlə, kənddə nə iş varsa, hamısı bizlikdir. Mənə maraqlı odur ki, əgər iki il əvvəl torpaqların bir qismini əlimizdən dövlət proqramı adıyla – pambıq əkmək üçün almışdılarsa, niyə pambığı ləğv eləyib sahələri taxıl, arpa əkininə çevirdilər? Torpağı pambıq əkmək adıyla şumlayıb sonradan taxıl əkdilər. İndi də göl qazırlar ki, ərazidə suvarma sistemi qursunlar, özləri əkin işlərini genişləndirsinlər, heyvandarlıq kompleksi tiksinlər. Arpa, soya, qarğıdalı əkmək fikrindədilər. Yəni bunlar demək istəyir ki, ay kəndlilər, siz malı, qoyunu yaxşı saxlaya bilmirsiz, gedin oturun evdə, bu işlə özümüz məşğul olacağıq. Və açıq-aşkar da deyirlər ki, bu işin başında Kəmaləddin Heydərov dayanıb. Guya Kəmaləddin Heydərov İmişliyə gələndə göstəriş verib ki, fermalar yazadək torpaqlardan çıxarılmalıdır. Bunlar adamların son çörək yerlərini də gəlib əlindən alıb özlərinin milyonlarını artıracaqlar, adamlar da ac qalacaq”, – Elxan Tarverdiyev deyir.

50 min manat xərc çəkdiyim fermanı hara daşıyım?


Kəndlilər eşidəndə ki, torpaqların qalan hissəsi də əllərindən alınacaq, taxıl, arpa, soya, qarğıdalı əkiləcək, üz tutublar icra hakimiyyətinə… Ancaq burada da qulaqları ümidverici söz eşitməyib. Elxan Tarverdiyev:

“Başçıya bildirdim ki, o fermaya 50 min manatdan çox xərc çəkmişəm, kənd təsərrüfatı üçün götürdüyüm krediti hələ qaytarmamışam. Bəs mən nə işlə məşğul olacam? O kreditləri necə qaytaracam? Dedi, bu iş mənlik deyil. Kompensasiyadan söhbət gedə bilməz, ancaq başqa yerdə torpaq sahəsi verilə bilər. Mən də etirazımı bildirdim, 50 min xərc çəkdiyim fermanı başqa torpağa necə daşıyacam? O işi sıfırdan necə quracam? Buna illər və çoxlu pul lazımdır”.

Fermerin sözlərinə görə, bir müddət əvvəl onlar yığışıb Bakıya – Prezident Administrasiyasına da gəliblər. Burada onları prezidentin İmişli üzrə kuratoru Əflatun Rufiyev qəbul edib.

Dedi, hesab açılacaq, kompensasiya ora köçürüləcək


“Kurator da dedi ki, Nazirlər Kabinetinin qərarı var, torpaqlar əkin dövriyyəsinə qaytarılarkən ondan istifadə edən kəndliyə əvəzi olaraq başqa yerdə həcminə və keyfiyyətinə bərabər torpaq sahəsi, dəymiş zərərə görə isə kompensasiya ödənilməlidir. Əgər torpaqlarınızdan çıxarılsanız, fermalarınıza baxış keçiriləcək, əmlaklarınız qiymətləndiriləcək, adınıza bankda hər birinizin adına hesab açılacaq, pullarınız həmin hesaba köçürüləcək. Sevinə-sevinə qayıtdıq rayona, yenə icra hakimiyyətinə getdik, dedilər, nə vaxtsa əvəzi olaraq başqa yerdə torpaq ayrıla bilər, ancaq kompensasiya sözünü dilinizə gətirməyin. İkicə kəlmə də söz əzbərləyiblər – “dövlət proqramıdır”, “prezidentin tapşırığıdır”. Məgər o dövlət proqramı kəndlini acından öldürmək üçün hazırlanıb? Yaxud, prezident tapşırıq verib ki, gedin kəndlinin son çörək yeri olan torpağını əlindən alın? Prezident heç yerdə belə bir qərar, tapşırıq, fərman, sərəncam verməyib ki, camaatın fermasını sök, torpağını əlindən al, təsərrüfatını dağıt… Gəl torpağımı əlimdən al, özünə heyvandarlıq kompleksi yarat, əkin işini qur, kəndiyə də gözünü ağart ki, səsini çıxartma haa… Bunlar adamların son çörək yerlərini də gəlib əlindən alıb özlərinin milyonlarımnı artıracaqlar, adamlar da ac qalacaq”, – kəndli gileylənir.

İqtisad Məhkəməsinə müraciət olunmalıdır


İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, barəsində danışılan torpaq sahələrinin təyinatı dəyişdirilərək, “Gilan Holdinq”ə pambıq əkini üçün verilib:

““Dövlət torpaqları haqqında” qanuna əsasən, əgər torpaq dövlət ehtiyacı üçün lazım olarsa, o zaman həmin torpaqlar vətəndaşdan qeyri-şərtsiz geri alınır. Vətəndaşlar məhkəməyə müraciət edə bilərlər”.

Hüquqşünas Vaqif Alıyev deyir, Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 saylı qərarı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydaları təsdiq edilib:

“Mülkiyyətçidən, istifadəçidən (icarəçidən) torpağın alınması, yaxud onlara eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsinin verilməsi, həmçinin, kompensasiyanın ödənilməsi təmin olunmalıdır”.

Hüquqşünas deyir, icarəçi kimi istifadələrində olan torpaqları əllərindən çıxmış kəndlilər İqtisad Məhkəməsinə müraciət etməlidirlər.

Yeni jurnalist araşdırmaları ilə sübut olunub ki, ölkə başçısı İlham Əliyevin qızları

“Gilan Holdinq”

də böyük pay sahibidirlər.

“Gilan Holdinq”in mülkiyyət strukturuna dair mövcud yeganə sənəd şirkətin 2005-ci ildə yaradıldığını və onun Heydərovlar ailəsinə məxsus olduğunu göstərir.

Ancaq indi – Əliyevin qızlarının “Gilan Holdinq”də sahib olduğu böyük pay haqqında yeni açıqlamalar veriləndə məlum olur ki, Heydərovlar həm Əliyevlər ailəsinin vasitəçisi kimi fəaliyyət göstərir, həm də şirkətin idarəetməsi dəyişdirilib və ya satılıb.

Bir müddət öncə Qəbələ rayon sakini

Əlibaba Məmmədov

da ona məxsus torpaq sahəsinin “Gilan Holdinq” tərəfindən mənimsənildiyini deyirdi.

Ana səhifəBölgəFermer: Prezident tapşırıb ki, gedin kəndlinin torpağını əlindən alın?