Yağış dünən axşam, təxminən 21-22 arası başladı. Sadə, sakit kurort şəhərinin yay yağışı kimi başlayan yağış tədricən güclənsə də, heç nədən şübhələnmədik. Hətta leysanın başladığını görəndə, telefonla leysanı videoya da aldıq, elə-belə-sırf marağa…nə biləydik ki, sonrası belə əyləncəli olmayacaq bu leysanın!
Təxminən iki saat belə davam elədi. Gecə saat birdə yataqlarımıza uzandıq. Amma bir müddət sonra bizi yuxudan şəhəri ağzına götürmüş səs-küy, qışqırıq oyatdı. Həyətdən dəhşətli səslər gəlirdi. Pəncərəni açmaq isətəyəndə, bayırdan içəri dolan külək özü ilə az qala bir vedrə su gətirdi. Yox, küçədəki yağış deyildi, leysan da deyildi, tufan da. Bu, dünyanın sonu idi! Kanalizasiya “lyuk”larının ağzını təpələrdən gəlmiş qamqalaq, daş-kəsək tutduğundan, su getdikcə qalxırdı. Yer-göy sü içində idi. Küçənin o başından qışqırıq, nərilti, dəhşətli səslər gəlirdi. Çətirləri götürüb, evdən çıxmaq istədik. Tufan çətirləri bir anın içində sındırdı, ildırım sürətli külək sinəmizdən geri itələdi.
Evə qayıdıb, tez kompyuterləri açdıq. Xəbər lenti Kürün daşdığını, bir neçə maşının aşdığını, bir neçəsinin Kürə düşdüyünü, Kür sahilindəki daxmaların darmadağın dağıldığını deyirdi. Həmin saatlarda artıq onlarla ailə evsiz halda çöldə idi. Şəhərin başının üstündə vertolyotlar dövrə vururdu. Yarızirzəmi evlərdə yaşayan neçə sakin yuxulu olduğundan, evin içini su basmağından xəbər tuta bilməmişdi. Bəzilərinin ölüm xəbərini alırdıq.
Xəbər lentində oxuduqlarımız küçədən gələn vəhşi heyvan nəriltilərinin yanında heç nə idi. Bu səslərin hardan və niyə gəldiyini anlaya bilmirdik. Amma qəfildən şəhər zooparkının darmadağın olduğunu, bütün heyvanların şəhərə qaçdığını oxuduq. Bu, damarlarımızda qanı donduran xəbər idi! Zoopark evimizdən çox da uzaqda deyildi. Evin yuxarı tərəfi meşə idi. Deməli, indi o vəhşi heyvanlar pəncərəmizin o tayında idi. Biz düz pələnglərin, timsahların, filin, ayıların, canavar və ilanların qonşuluğunda idik!
Sürətlə qalxıb, bütün pəncərələrin bağlı olub-olmadığını yoxladıq. Suyun, küləyin gətirdiyi ilanlardan biri pəncərədən rahatca içəri girə bilərdi. Biz dəhşət içində idik. Yaxında yaşayan dostlardan xəbərsizdik, onların başlarına nə gəlmişdi?
Küçədən aramsız yayılan, səngimək bilməyən qışqırıqlar düşünməyə imkan vermirdi. Sadəcə ümid edirdik. Ümid edirdik ki, heç kimə heç nə olmayacaq. Ümid edirdik ki, dostlarımız sağdır, salamatdır. Ümid edirdik ki, indi evləri dağılan insanlara kömək edəcəklər. Ümid edirdik ki, indi küçələri gəzən, özlərinə yad ortamlarda çaşıb qalan heyvanlar da sağ qalacaq, heç kimə toxunmaycaq. Ümid edirdik ki, bu gecə, Markesin Makondosunun aqibətini yaşamayacaq.
Biz səhəri bu ümidlə açdıq. Səhər fili evimizin yanından tutub apardılar. Bir polis nəfəri bir pələngi güllə ilə vurmuşdu. Şəhərdə daha yeddi pələngin, dörd şirin, bir timsahın, bir begemotun, altı canavarın olduğunu deyirdilər. Televiziya insanlara müraciət edirdi ki, evdən çıxmasınlar. Gürcü dostlarımızdan bir səhər evinin yanında ayı gördüyünü yazırdı. Daha bir ayı evimizin yaxınlığındakı parkda seldən boğulub ölmüşdü.
Tiflis meri, Gürcüstanın baş naziri, ölkə prezidenti şəhəri gəzirdilər. Rəsmi deyil, gündəlik paltarlarda. Prezidentin geyindiyi mayka hətta çirkli və tərli idi. Çünki o saatlar idi ki, sel basan yerləri gəzir, bu fəlakətdə zərər çəkən, əyni-başı yaş və çirkli insanları bağrına basır və həyacandan tərləyirdi.
Dostlarımızla əlaqə saxladıq. Hamısı salamat idi. Bu gecə baş verən fəlakət bizdən və doğmalarımızdan yan ötmüşdü.
Amma bu səhər Tiflis darmadağın idi…