Fədayə Laçın oktyabrın sonunda azadlığa çıxacaq

Müğənninin cəzası azaldıldı

Source:


Müğənninin cəzası azaldıldı

Həbsdə olan müğənni Fədayə Laçının (Məmmədova) cəzası 5 ildən 2 ilə endirilib. Sentyabrın 30-da Bakı Apelyasiya Məhkəməsində onunla bağlı yeni qərar verilib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi məhkəmə Fədayə Laçınla yanaşı, daha 12 nəfərin də apelyasiya şikayətinə baxıb. Onların hamısı 2017-ci ilin oktyabrında Lənkərandan Bakıya qaytarılarkən xüsusi vaqondan iki dustağın – “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçmasına görə məhkum edilib. Təqsirləndirilən şəxslər arasında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovniki Bəhruz Abdullayev də var. Apelyasiya məhkəməsi onun da cəzasını azaldıb – B.Abdullayevin həbs müddəti 9 ildən 3 ilə endirilib.

Hadisə baş verən qatarda qarovul rəisi olmuş Ceyhun Səmədovun cəzası 8 il 6 aya, onun müavini Tural Poladxanovun cəzası isə 8 il 3 aya endirilib.

Təqsirləndirilən şəxslər arasında F.Laçından başqa daha bir qadın var – Günay Atakişiyeva. “Qoca” qatardan qaçandan sonra bir gün onun evində qalıb, ertəsi gün onunla birlikdə Qazax istiqamətində gedəndə Ağstafada polislər onların olduğu taksini saxlayıb. Bu zaman “Qoca” qaçıb, G.Atakişiyeva və taksi sürücüsü tutulub.

G.Atakişiyevaya Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il həbs cəzası kəsmişdi. Apelyasiya məhkəməsi müddəti 5 ilə endirib. Taksi sürücüsü Məhəmməd Hacıyevin cəzası da azaldılıb – 7 ildən 4 ilə salınıb.

Digər təqsirləndirilən şəxslərdən “Qoca”nın dostu olmuş Aqil Nəcəfovun cəzası 9 ildən 8 ilə, İsrafıl Soltanov, Tərlan Zeynalov və Anar Əsgərovun cəzası 7 ildən 4 ilə, Fuad Hacıyevin cəzası 8 il 6 aydan 4 ilə endirilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə irəli sürülmüş ittihama da xitam verilib.

Cinayət işinin materiallarına əsasən, “Qoca” vaqonun pəncərəsini açdığı açarı münasibətdə olduğu Fədayə Laçın vasitəsilə əldə edib. Müğənni açarı “Qoca”ya onun dostu Aqil Nəcəfov vasitəsilə çatdırıb. A.Nəcəfov, F.Laçın və “Qoca”nın tanışı olan başqa bir qadın Günay Atakişiyeva onunla təcridxanada, polis idarələrinin müvəqqəti saxlama yerlərində dəfələrlə görüşüblər, hətta Lənkərana qatarda aparılıb-gətirilərkən dəfələrlə onunla birlikdə gedib-gəliblər

Təqsirləndirilən şəxslər arasında olan, vaqondan qaçmış Əli Ağami “Qoca” və daha üç nəfərlə birlikdə qəsdən adam öldürməkdə ittiham olunurdu. Qaçma olayından əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror ona və “Qoca”ya 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Hadisədən sonra məhkəmə ona elə bu qədər də cəza vermişdi. Bu hökmlə onun həmin cəzası ilə qaçmasına görə təyin edilən cəza birləşdirilib və ona ümumilikdə 20 il azadlıqdan məhrumetmə cəzası verilib.

“Qoca” isə hadisədən təxminən on gün sonra onun tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüb.

Bu iş üzrə ən az cəza alan F.Laçının iki illik həbs müddəti oktyabrın sonunda başa çatacaq.

Ana səhifəXəbərlərFədayə Laçın oktyabrın sonunda azadlığa çıxacaq