Ailəsinin verdiyi məlumata görə, cərimə təcridxanasına salındığını söylədiyi üçün bu gün anası ilə görüşünə icazə verilməyib
14 gündür aclıq edən iqtisadçı Fazil Qasımov mayın 19-da Umbakı qəsəbəsində antisanitar şəraitdə olan cərimə kamerasına (karser) salınıb.
Ailəsinin bildirdiyinə görə, Fazil Qasımov bu barədə mayın 22-də keçirilən Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasında məlumat verib.
Ailə üzvlərinin sözlərinə görə, hakim Aqil Musayevin sədrliyilə keçirilən prosesdə məhkəmə tərkibinə etiraz təqdim edilib.
Fazil Qasımov bildirib ki, məhkəmə tərkibinin qərəzli olduğunu düşünür, lakin vəsatət baxılmamış saxlanılıb.
Qasımovun vəkili Nemət Kərimli məhkəmə baxışı keçiriləcəksə, orada bəzi istintaq işlərinin də aparılmasını tələb edib.
Vəkil bildirib ki, bu işdə digər şəxs – Qubad İbadoğlu dindirilməyib və həmin işin icraatı ayrılıb.
Nemət Kərimli qeyd edib ki, İbadoğlunun işdə mühakimə olunmuş Anar Əliyevlə görüşüb ona pul verməsi iddia olunan kamera görüntüləri həmin işdə saxlanılır.
Vəkil Qubad İbadoğlunun dindirilməli, kamera görüntülərinin alınıb tədqiq edilməli və əməliyyat-axtarış fəaliyyəti barədə qeydiyyat jurnalının Bakı Şəhər Baş Polis İdarəsindən alınmalı olduğunu bildirib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti baxış iclası iyunun 4-nə təyin edilib.
Bu gün Fazil Qasımova Mingəçevirdən onu görməyə gələn anası ilə görüşməyə imkan verilməyib.
Ailəsindən Meydan TV-yə bildirilib ki, Fazil Qasımov mayın 22-də məhkəmədə cərimə təcridxanasına salındığını söylədiyi üçün bu gün anası ilə görüşə icazə verilməyib.
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.
Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir.
O, həbsinə etiraz olaraq artıq ikinci dəfədir ki, aclıq edir.
İqtisadçı hazırkı aclığına 2025-ci il mayın 10-da başlayıb.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.
Qubad İbadoğlu 2024-cü il aprelin 22-də həbsdən ev dustaqlığına buraxılıb.