Fazil Mustafa: Dövlətə qarşı təxribatlar var

Deputat çıxışında qeyd edib ki, bu gün ciddi təhlükələrdən biri sosial şəbəkələr üzərindən hansısa təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir


“Tibbi maskanın qiymətini də 5 qəpik etmək lazımdır ki, heç kimin bəhanəsi qalmasın”

“Lazım olsa, Milli Məclisin iclaslarını da təxirə salmaq istiqamətində düşünməli və onlayn iş sisteminə keçməliyik”.

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 19-da keçirilən plenar iclasında deputat Fazil Mustafa belə deyib. O, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyətin kritik olduğunu deyib.

Deputat vurğulayıb ki, insanlarda virusa qarşı inamsızlıq var:

“Çünki hazırda ölkəmizdə insanların qarşısına çıxaraq açıqlama, izahat verəcək tibbi kadrlar, xüsusilə də virusoloqlar yoxdur. Bu səbəbdən başqa ölkələrdən bu sahənin mütəxəsislərini dəvət etmək vacibdir”.

Fazil Mustafa əlavə edib ki, iki həftəlik sərt karantin rejimi müddətində qaydalara əməl edilməsə, ciddi fəsadlar üzə çıxa bilər. Onun sözlərinə görə, virusla mübarizə hamının vəzifəsi olmalıdır:

“Pandemiya ilə bağlı bütün məsuliyyəti polisin üzərinə atmaq olmaz. Polisin işi ictimai asayişi qorumaqdan ibarətdir. Karantin rejiminə səhiyyə işçiləri nəzarət etməlidirlər. Bütün dünyada bu işi səhiyyə sistemi görür. Hesab edirəm ki, 2 həftəlik karantin rejiminə tam ciddi şəkildə əməl etməliyik. Çox ciddi qərarlar alınmalı, hər kəs bu məsələdə əlindən gələni etməlidir. Məsələn, əgər marşrutda maskasız sərnişin varsa, sürücü avtobusu idarə etməsin. Tibbi maskanın qiymətini də 5 qəpik etmək lazımdır ki, heç kimin bəhanəsi qalmasın”.

fazil mustafa 2504.jpg
Fazil Mustafa

Deputat çıxışında qeyd edib ki, bu gün ciddi təhlükələrdən biri sosial şəbəkələr üzərindən hansısa təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir:

“Sosial şəbəkələr üzərindən Azərbaycan dövlətinə qarşı etimadsızlıq yaratmaq cəhdləri var. Bir neçə gün əvvəl polislə bağlı yaranmış vəziyyətdə biz bunun şahidi olduq. Dövlətin addımları ilə bu təxribatın qarşısı alındı, polis üzr istədi və digər addımlar atıldı. Bu təxribatları Dağıstanda baş verən hadisələr üzərindən etməyə çalışdılar. Ancaq dövlət başçısının müdrik siyasəti nəticəsində bu dalğanın da qarşısı alındı. Ancaq bu cür təxribatların davamı da ola bilər”.

Ana səhifəSiyasətFazil Mustafa: Dövlətə qarşı təxribatlar var