“Siyasi məhbuslara vəkillik etmək asandır”
Siyasi məhbusların vəkilləri hansı problemləri yaşayır? Siyasi işlər onları digər müvəkkillərindən uzaq salırmı? Məhbus ailələri ilə vəkillər arasında ən çox hansı problemlər yaşanır? Siyasiləşmiş vəkillər həbsdən qorxurmu? Suallarımızı siyasi məhbusların vəkilliyini edən Fariz Namazlı cavablandırır.
– Fariz bəy, insan ixtisasını adətən gənc vaxtı seçir. Təsəvvürləri, gözləntiləri olur. Çox vaxt da işə başlayanda, görür ki, təsəvvürləri ilə reallıq arasında necə fərq varmış. Siz vəkillik işini seçəndə, indi gördüyünüz işləri təsəvvür edirdiniz, yoxsa fərqli idi gözləntiləriniz?
– Mən hüquq müdafiə sahəsi ilə məşğul olmağa 22 yaşımdan başlamışam. Buna qədər bir müddət Polis İdarəsində müstəntiq köməkçisi işlədim. İttihamedici mövqedə durmaq daha asandır, amma müstəntiqlərin müstəqil olmadığını görüb bu sahədən uzaqlaşdım. Sonradan bir qeyri-hökümət təşkilatında pulsuz hüquqi yardım sahəsində çalışdım. Bu sahəyə yeni başlayanda məhkəmə proseslərinə çıxmırdım və məhkəmələrdə baş verənləri “görmürdüm”. Bu, mənə daha rahat gəlirdi və böyük həvəslə işləyirdim. Sonradan məhkəmə təcrübəsi yarandıqca, məhkəmə sisteminin vəziyyətini, tərəflərə münasibətin fərqli olmasını, hakimlərin müstəqil qərar verə bilməməsini, ən xırda məsələnin sədrlə, Apellyasiya və ya Ali Məhkəmə ilə məsləhətləşdiyini, onların razılığını aldığını gördükdə gözləntilər də ümidləri doğrulmadı. Amma hələ də bir ümid var. Leytenant Droqo kimi ümidlə yaşayıram.
– Sizi daha çox ölkədə siyasi motivlərlə təqib olunanların, hüquqları pozulanların vəkili kimi tanıyırıq. Buna “vəkil kimi siyasiləşmək” demək olarmı? Ümumiyyətlə, “siyasiləşmiş vəkil” kimi bir anlayış varmı?
– “Siyasiləşmiş vəkil” kimi bir anlayışı qəbul etmək olar, bu, vəkilin hansısa partiyaya, hərəkata aid olması, onun ideyaları uğrunda mübarizə aparmasıdır. Təbii ki, hər bir insanın müəyyən düşüncəsi, baxışı var. Bu baxışları vəkil məhkəmə müstəvisinə çıxarırsa, artıq onu siyasiləşdirir. Hətta yadımdadır, bir vəkil məhkəmə çıxışını bitirdikdə Arif Hacılının namizədliyini dəstəklədiyini bildirmişdi.
Vəkil hüququ müdafiə edir, siyasətlə məhkəmə zalından kənarda məşğul olmalıdır. Amma bəzən hansısa siyasi baxışlarına görə həbs olunmuş şəxsin həbsini onun siyasi fəaliyyəti ilə əlaqələndirdikdə, hakimlər dərhal sözümüzü kəsir ki, işin mahiyyətindən danışın
– Siyasilərin vəkili olmağınız digər işlərinizə mane olurmu? Digər müştərilər bu fəaliyyətinizi özlərinin işlərinə təhlükə kimi görürlərmi?
– Hər hansı maneə yoxdur. Ümumiyyətlə, siyasi və ya qeyri-siyasi işlərin müdafiəsində də fərqlər yoxdur, hamısına yanaşma eynidir. Əksinə bəzi müştərilər başqalarına vəkilinin hansısa məşhur siyasi məhbusun vəkili olması haqda danışırlar.
– Bu günlərdə bir status paylaşmışdınız. Həbs olunanların yaxınlarından şikayət edirdiniz. Bu aydın məsələdir ki, bəzən siyasi baxışlarına görə həbs olunanların dəyərləri, prinsipləri ilə onların ailələrinin dəyərləri, baxışları üst-üstə düşmür. Bu da yəqin ki, vəkil işinə də müəyyən probemlər yaradır. Bu barədə nə deyə bilərsiniz? Ən çox hansı problemlərlə üzləşirsiniz?
– Əslində, siyasi işlərə çıxmaq çox rahatdır. Çünki siyasi məhbusun ailəsi, qohumları, özü işin nəticəsinin necə olacağını səndən soruşmur, çünki vəziyyəti bilir, nəyə görə həbs olunduğundan xəbərdardır. Ona görə bu tip işlərdə vəkillik etmək asandır, sakitcə müdafiə işini həyata keçirirsən. Amma qeyri-siyasi işlərdə az qala 7-ci qan qohumları da zəng edib nəticənin necə olacağını soruşur.
Siyasi işlərdə, xüsusən gənc fəallar həbs olunanda onların valideynləri, qohumları daha çox narahat olur, övladlarının siyasi baxışları ilə razılaşmırlar, onları qınayırlar və onları bu yoldan çəkindirməyi xahiş edirlər. Bir dəfə həbs olunan bir gənc fəalın qohumları hər gün məndən onu bu yoldan çəkindirməyi xahiş edirdi. Mən də hər dəfə onunla təcridxanada görüşəndən sonra profilaktik söhbətlər apardığımı deyirdim. Bir neçə gün sonra onun bir məktubu internetdə yayıldı. Orada peşman olmaması, siyasi fəaliyyətə davam etməyi barədə fikirləri qeyd edilmişdi. Bu da ailənin narahatlığına səbəb olmuşdu. Amma sonradan bu həbslərin ciddiliyini başa düşdülər və daha bu tip məsələlərdə narahat olmadılar.
– Bu qədər iş, stress, gərginlik, qorxu… Hərdən bu işə son qoymaq, daha rahat, qorxusuz, təhlükəsiz işə başlamaq barədə düşünürsünüz?
– Vəkillik fəaliyyəti ağır peşədir, amma qorxulu deyil. Əksinə, adama maraqlı gəlir. Yuxarıda da qeyd etdiyim kimi, siyasi işlərə çıxmaq daha rahatdır, heç kim səndən hesabat soruşmur, işin nəticəsinə zəmanət verməyi tələb etmir. Ona görə hələ ki, vəkillik məni yormayıb.
– Fariz bəy, nə vaxtsa həbs olunacağınızı düşünürsünüzmü? Sual bir az qəribə səslənə bilər, amma məncə, sizə qəribə gəlməz, çünki xeyli absurd ittihamla həbslərin şahidi olmusunuz.
– 2014-cü ildə ölkədə həbslər dalğası başlayanda həbslər göz önünə alınmışdı. Amma vəkillərin həbsi hələ ki, hakimiyyətin gündəliyinə salınmayıb, onları sadəcə zərərsizləşdirməklə məşğuldurlar. Bu da Kollegiyadan çıxarılma deməkdir.
Hazırda xırda bir nöqsan axtarırlar ki, Vəkillər Kollegiyasına müraciət etsinlər. Bu yaxınlarda məhkəmə iclasına gecikdiyim üçün hakim Vəkillər Kollegiyasına müraciət etmişdi. Problem ondadır ki, hakimlər müstəqil olaraq obyektiv qərar çıxarmağa ehtiyat edir, amma vəkilin hansısa bəhanə ilə Kollegiyadan çıxarılmasına çalışırlar. Sanki öz uğursuzluqlarını, asılı vəziyyətdə olmalarının, müstəqil qərar çıxara bilməmələrinin günahını vəkillərdə görürlər.
– Elə bir müvəkkiliniz olubmu cəsarəti, xarakteri sizi elə heyran etsin ki, özlüyünüzdə fikirləşəsiniz – kaş vəkil o, müvəkkil mən olaydım?
– Elə biri olmayıb. Amma Xədicə İsmayılın cəsarətinə heyranam. Özünəməxsus ironiya, sarkazmla məhkəmə və istintaq orqanını gülünc vəziyyətə qoymuşdu.