”Faktiki müflis banklar hələ də fəaliyyət göstərir”

Əmanətçilərə 728 mln 27 min manat kompensasiya ödənib

Source:


Əmanətçilərə 728 mln 27 min manat kompensasiya ödənib

Bağlanan 11 bankın əmanətçilərinə 728 mln 27 min manat kompensasiya ödənib. Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda belə deyilir.

Məlumata görə, “Parabank” ASC-nin əmanətçilərinə 43 mln 202 min (kompensasiyanın 98,5%-i), “Zaminbank” ASC-nin əmanətçilərinə 54 mln 625 min (76%), “Kredobank” ASC-nin əmanətçilərinə 27 mln 771 min (99,9%),  “Dekabank” ASC-nin əmanətçilərinə 3 mln 087 min (98,7%) manat kompensasiya verilib.

“Atrabank” ASC-nin əmanətçiləri 14 mln 288 min (98,1%), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçiləri 1 mln 974 min (94,4%), “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 mln 161 min (97%), “Gəncəbank” ASC-nin əmanətçiləri 976 min 440 manat (94,%), “Texnikabank” ASC-nin əmanətçiləri 120 mln 433 min (98,2%) manat, “Bank Standart” ASC-nin əmanətçiləri 436 mln 771 min (99%) manat, “Yunayted Kredit Bank” əmanətçiləri 982,132 min manat (46,4%) kompensasiya alıb.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, hazırda bir neçə bank aylardır ki, əmanətləri qaytarmır. Əmanətçilər məhkəməyə müraciət edir, prosesi udur, amma vəsait yenə ödənilmir. Əmanətçilər Palataya şikayət edir, əmanəti qaytarmayan bankı müflis elan etməyi tələb edir, amma Palata onlara heç cavab da vermir:

“Çünki bank müflis elan olunarsa, maksimum 6 ay ərzində Fond əmanətləri tam kompensasiya etməli olacaq. Yəni Fond yenə Mərkəzi Bankdan kredit götürməli olacaq və bankirlərin korrupsion və quldur fəaliyyətinin bədəlini yenə dövlət ödəməli olacaq. Dövlət ödəmək istəmir. Buna görə də faktiki müflis banklar hələ də fəaliyyət göstərir”.

Əkrəm Həsənov deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər bankların müflisliyinin rəsmiləşdirilməsinin bir neçə il təxirə salınmasına imkan verəcək.

Qanunda bunun üçün müxtəlif üsullar nəzərdə tutulub:


1) Ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulması;


2) Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən başqa banka köçürülməsi;


3) Körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması;


4) Ödəmə qabiliyyətini itirmiş bankın investora satılması.

Əkrəm Həsənov

Ekspert deyir ki, bütün bu prosedurlar əmanətçilərin razılığı olmadan həyata keçiriləcək. Bu zaman əmanətlərin qaytarılması dondurulacaq:

“Özü də bir prosedurdan sonra digəri də aparıla bilər. Bir sözlə, əmanətçilərə deyəcəklər ki, gözləyin, səbrli olun! Ən maraqlısı da odur ki, bankın hansı aktiv və öhdəliklərinin başqa banka ötürülməsini faktiki Palata özü müəyyən edəcək. Bu isə korrupsiyaya yol açır. Məsələn, faktiki müflis bankın real aktivi 100 mln., öhdəlikləri isə 200 mln. manatdır. Palata cəmi tələbləri 50 mln. manat təşkil edən hansısa kreditorların maraqlarını təmin etmək üçün onların öhdəliklərini və bankın sağlam 50 mln. aktivini başqa banka ötürür və həmin kreditorların tələbi həmin digər bank tərəfindən tam təmin edilir. Yerdə qalan kreditorlara isə bankın tör-töküntüsü qalır”.

Əkrəm Həsənov deyir ki, qalan əmanətçilərin ən yaxşı halda bankın müflisləşməsi əsnasında tələblərinin cüzi hissəsi təmin edilir:

“Bir sözlə, kreditorlar arasında ayrı-seçkilik üçün rəsmi şərait yaradılıb!”

Ana səhifəXəbərlər”Faktiki müflis banklar hələ də fəaliyyət göstərir”