Qərarı hakim Şəlalə Həsənova çıxarıb
Martın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin və istintaqın müddəti uzadılıb.
Qərarı Nəsimi Rayon Məhkəməsi verib.
APA yazır ki, hakim Şəlalə Həsənova istintaqın müddətini 3 ay uzadıb.
F. Əmirov Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.
F. Əmirov barəsində həbs qətimkan tədbiri ilk dəfə ötən il avqustun 22-də Nəsimi rayon Məhkəməsi tərəfindən seçilib. Sonradan həmin müddət artırılıb.
Eyni zamanda partiyanın Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin həbs müddəti uzadılıb.
Fuad Əhmədli 2016-cı ilin avqustun 18-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.
Baş Prokurorluq və DTX-nın birgə məlumatında deyilir ki, “Azərfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri, qapalı məlumatları çıxarıb müəyyən adamlara ötürüb. F.Əhmədli həmçinin Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təqdim olunub, yaşadığı evdən Gülənə aid vərəqələrin tapıldığı iddia olunub.
Fuad Əhmədli özünü təqsirli bilmir və ittihamların da heç birini qəbul etmir.