”İmtinanın səbəbi ona qarşı irəli sürülən qanunsuz ittihamlardır”
Sentyabrın 29-da vəkili Aqil Layıcov “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli ilə görüşüb.
Vəkil F.Əmirlinin səhhətində problemlər olduğunu deyib.
A.Layıcov qeyd edib ki, F.Əmirli istintaqa ifadə verməkdən imtina edib: “İmtinanın səbəbi ona qarşı irəli sürülən qanunsuz imamlıq etmək, dini ayinlərin gedişini pozmaq kimi ittihamlardır. Müstəntiq isə Faiq Əmirliyə “Azadlıq” qəzetinin satışı, imzaların kimə məxsus olması, qəzetin maliyyə qaynaqları barədə suallar verir. Biz də hesab etdik ki, istintaq hərəkətləri mahiyyətə uyğun deyil və odur ki, imtina etdik”.
F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.
AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.