Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Vəkil: ”Biz növbəti vəsatətimizi verəcəyik”

Source:


Vəkil: ”Biz növbəti vəsatətimizi verəcəyik”

Fevralın 8-də Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin ev dustaqlığına buraxılmasl barədə vəsatətə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclas qapalı keçirilib. İclas başlamazdan əvvəl məhkəmə nəzarətçiləri iclasa gələn şəxsləri binanın həyətindən uzaqlaşdırıblar və həyətə girmələrinə heç bir səbəb olmadan icazə verməyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil A.Layıcov Meydan TV-yə deyib ki, vəsatətin təmin olunmamasına baxmayaraq şikayətlər dayanmayacaq:

“Biz növbəti vəsatətimizi verəcəyik”.

Vəkil bildirib ki, qanunvericilikdə həbs müddətinin artırılması var, təxminən 7-8 ay, ondan artıq mümkün deyil:

“Amma Faiq Əmirov az ağır cinayət törətmiş sayılır. Respublika Prokurorluğu isə heç bir zərurət olmadan bundan Faiq Əmirova qarşı sui-istifadə etmək istəyir. Məsələ ondadır ki, Əmirovla bağlı istintaq hərəkəti aparılmır”.

Aqil Layiçov Faiq Əmirovun səhhətinin ağır olduğunu söyləyib: “O, hazırda normal qidalana bilmir, yediklərini isə qaytarır. Hətta məhkəməyə torba ilə gəlmişdi ki, qaytarsa lazım olar”.

F. Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.

F. Əmirov barəsində həbs qətimkan tədbiri ilk dəfə ötən il avqustun 22-də Nəsimi rayon Məhkəməsi tərəfindən seçilib. Sonradan həmin müddət bir dəfə artırılıb. F. Əmirli ittihamları qəbul etmir və saxta adlandırır.

Ana səhifəXəbərlərFaiq Əmirli ev dustaqlığına buraxılmadı