“Məhkəmənin gətirdiyi arqumentlər ümumi şablon yanaşma idi”
Fevralın 16-da Bakı Apelyasiya Məhkəməsi “Azadlıq” qəzetinin keçmiş maliyyə direktoru Faiq Əmirlinin səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılması barədə şikayətini təmin etməyib.
Bu barədə Meydan TV-yə Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib. Bildirib ki, məhkəmə Faiq Əmirli barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə şikayəti əsassız sayıb. Onun azad edilməməsi üçün məhkəmənin gətirdiyi arqumentlər ümumi şablon yanaşmadan başqa bir şey deyil:
“Ev dustaqlığı ilə bağlı növbəti dəfə iddia qaldıracağıq. Ümid edirdik ki, dövlət başçısının cəzanın humanistləşdirilməsi ilə bağlı fərmanından irəli gələrək, bu addımı ata bilərlər, amma olmadı”.
Vəkil Faiq Əmirlinin səhhətində müsbətə doğru heç bir dəyişiklik olmadığını bildirib:
“Uzun müddətdir mədə xəstəliyindən əziyyət çəkir. Həbs olunduqdan sonra xəstəliyi daha da şiddətlənib”.
“Azadlıq” qəzetinin keçmiş maliyyə direktoru Faiq Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin milli, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.
Faiq Əmirli ittihamları rədd edir, baş verənləri “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir.