1. Tanrı-Anaların və peyğəmbər qadınların fahişələşdirilməsi
Qadın üçün deyilən söyüşlərin önündə ərəblərdən bizə miras qalan, olduqca ağır, alçaldıcı, əksildici “fahişə” sözü gəlir. (Buradaca deyim, nə sirrdirsə, dilimizdəki bu tipli söyüş sözlərin demək olar ki, hamısı – “fahişə”, “qəhbə”, “ibnə” “arvad” və s. bizə ərəblərdən keçib). Suallar yaranır:
a. Fahişə niyə ən pisdir, bədənindən pul qazandığına görəmi? Ancaq bədənindən pul qazanan başqa adamlar da var, manekenlər, modellər, kulturistlər, şikəst yerlərini göstərib mərhəmət oyandıran dilənçilər və s. Onlar fahişə qədər “şudra” (hind kasta sistemində ən murdar, toxunulmaz sinif) deyillər.
Nə üçün qadın bədəni həz vasitəsi kimi satıla bilən mal halına düşürüldü ki, onun alıcıları da meydana gəldi? Axı iqtisadiyyatın qızıl qanunlarından biri də budur ki, “təklif tələb yaradır.” Elə isə bunun əksinə, yəni kişi bədəninin həz vasitəsi kimi satışa çıxarılması tarixən mümkün idimi?
b. Yoxsa fahişə, həyatından çox adam keçdiyinə görəmi pisdir? Bu pisdirsə, eyni kriteri kişilərə niyə tətbiq edilmir? Həyatındakı qadınların sayıyla açıq və gizli şəkildə öyünməyən nə qədər kişi var? Nəyə görə və nə zamandan etibarən tərəflərdən birinə partnyorlarının çox olması az qala baş ucalığı gətirdiyi halda, o birinə əksiklik, gözükölgəlilik, hətta ölüm gətirir? Çox partnyoru olmaq nə üçün kişi üçün deyil, qadın üçün həm hərfi, həm də mənəvi mənada ölümcül günah sayılır? Şərq ölkələrinin mədəniyyətində xüsusilə. Bunun (pre)historik-kulturoloji səbəbləri nədir?
Müxtəlif dillərdə qadına ünvanlanan söyüşlərin etimoloji köklərini araşdırarkən bu sözlərin bir zamanlar əsla söyüş deyil, əksinə, ən hörmətli, urvatlı, müqəddəs məna və status daşımaları heyrətləndiricidir. Gəlin, bir neçə belə sözə baxaq:
Qədim şumerlilər ana-tanrının (şumercəsi: dingir-ama) müqəddəs rahibələrinə “nu-nig”, yəni, “ləkəsiz”, akkatlar isə “qadiştu”, yəni, “günahlarından arınmış” deyirdilər. Bu günkü terminologiya ilə onları “müqəddəs fahişə” adlandırırlar. Sual yaranır: müqəddəsliklə fahişəlik, bir-birinə zidd olan iki söz bir yerdə necə olur? Özü də bu qadınlar həmişə ölkənin və məbədin əsas simaları kimi aristokrat zümrədən seçilirdilər. O dövrün insanlarının – nüfuzlu saray qadınları bir qırağa qalsın – özlərinin ən uca ana-tanrılarına, öyünclə “Göylərin müqəddəs fahişəsi” titulu vermələrinin səbəbi nədir?
Qədim insanların təsəvvüründə cinsi birləşmə – artımı, bərəkəti, yaranışı təmin edəcək dini ayinlərin bir parçası idi. Belə ayinlər təxminən 15 min il qədər yaşı olan, Qırğızıstanda Saymalıdaş qaya rəsmlərində də təsvir edilir. Şumerdə ana-tanrı İnanna ilə tanrı Dumuzidən ta Yunanıstanda ana-tanrı Hera və tanrı Zevsə qədər uzanan bu ayin, yunanlarda “Hieros Gamos” yəni, “müqəddəs birləşmə” adlanırdı.
Bu sahə üzrə ekspertlərin intersubyektiv uzlaşmasına görə bir zamanlar qadınlar tərəfindən yaradılış, yenidən doğuluş, bərəkət və s. ilə bağlı ayinlər keçirilirdi və bu ayinlərin əsas personaları ana-tanrılar olurdu. Ancaq görünür ki, cinsi birləşmə və doğum arasında əlaqənin kəşfindən sonra bu ayinlərə mifik qəhrəman kimi kişi partnyorlar (Dumuzi, Tammuz, Baal, Dionis, Bakhus və s.) daxil edilməyə başlayır. Məsələn, Zevs artıq bütünlüklə patriarxallaşmış yunanlarda, baş tanrı olsa belə, “Hieros Gamos”, yəni “müqəddəs birləşmə” festivallarında hiyerarxik olaraq ana-tanrı Heradan sonra gəlirdi. Başqa bir yandan, istər qədim Yunanıstanda, istərsə də qədim Romada da bu tipli ritual və festivalların əsas təşkilatçıları, iştirakçıları qadınlar idi (sonralar buraya qadın paltarı geyinib qatılan kişilər bu festivalların məzmununu dəyişdirdilər).
Yenə qədim Şumerə qayıdaq. Burada hər il yazda (Novruz bayramı bu ayinlərin qalığıdır) ana-tanrıyla tanrının nəhəng festival şəklində evliliyini qeyd edirdilər. Baş rahibə, yəni ölkənin kraliçası – ana-tanrını, bir rahib isə tanrını təmsil edirdi.
Şumer miflərinə görə, tanrı yeraltına gedəndə (öləndə) təbiət ölür, tanrı yeraltından qayıdanda isə təbiət yenidən dirilirdi. Hər il bir rahibi tanrının əvəzedicisi kimi yer altına göndərir (qurban edir), onun üçün ağlayıb şivən qoparırdılar. (Mütəxəssilərin fikrincə, hazırda yəhidilərin “Ağlama divarı”nda axıtdıqları göz yaşları həmin ayinlərlə bağlıdır). Yazda yenidən dirilən tanrıyla (təzə rahiblə) ana-tanrını (baş rahibəni, kraliçanı) evləndirirdilər. Zaman ötdükcə hakimiyyət kraliçalardan krallara keçdi. Krallar ilk vaxtlar həqiqətən də qurban edilsələr də, sonralar hakimiyyəti, müvəqqəti olaraq onları əvəz edən bir rahibə təhvil verirdilər və ayin zamanı həmin rahibi “o dünya”ya göndərirdilər. (Bu barədə ola bilsin ki, M.F. Axundovun məlumatı olub, çünki o, həmin nüansı “Aldanmış kəvakib” povestində süjet xəttinə çevirib; I Şah Abbasa Novruz bayramı ərəfəsində (!) xəbər verilir ki, 15 gün sonra onun hakimiyyəti devriləcək. Bundan çıxış yolu kimi həmin müddət ərzində hakimiyyətə Yusif Sərracı gətirirlər ki, qurban gedəcək adam Yusif Sərrac olsun.)
Hakimiyyət maskulinləşdikcə hər il dəyişilən rahib-kral, hər il dəyişilən rahibələrlə əvəzləndi. Yəni, krallar ancaq “qurban getmə dövründə” taxt-tacı tərk edirdilər və hakimiyyətdə bir illik deyil, sonacan qalırdılar. Beləliklə, qadınların deyil, kişilərin həyatında çox partnyorunun olması və bunun kişilər üçün normal və üstün bir şey kimi düşünülməsinin tarixi burdan başlayır.
Etimoloqlara görə, fahişə mənasında farscadan Türkiyə türkcəsinə keçən “orospu” sözü “ruspid” sözündən meydana gəlib, mənası “alnı açıq, üzü ağ” deməkdir; ru: üz, sepid: ağ; beləliklə: rusepid > ruspid > ruspi > orospu. Yəni, cəmiyyət içində çox hörmətli, alnı açıq, üzü ağ olan kəs. Əminliklə deyə bilərəm ki, “hörmət” mənasını bildirən alman, ingilis, fransız dillərində “respect”, ispan dilində “respeto”, italyan dilində “rispetto” sözləri ilə “ruspid” eyni köklüdür. Buyurun, hörmətli, alnı açıq üzü ağ olanın (ana-tanrının təsəccümünün) necə fahişəyə çevrilməsinin şahidi olun!
İlk təktanrılı din olan iudaizmdə ana-tanrılara və onun simvollarına qarşı amansız bir savaş başladığını görürük. Tövratda bu ana-tanrılar lənətlənir, onlara tapındığına görə yəhudilər dönə-dönə Rəbb tərəfindən cəzalanırlar. Yəhudu qadınlarından isə israrla sədaqət, iffət və bəkarət tələb edilir, bunlara əməl etməyənin cəzası isə daşqalaqdır. Çoxpartnyorluluq qadınlara yasaqlansa da, kişilərə yaraşdırılır, məsələn, Süleyman peyğəmbərin 700 arvadından, 300 cariyəsindən elə bəhs edilir ki, sanki, bir insanın həyatında bu qədər qadının olması əxlaqsızlıq deyil, hətta təqdirəlayiq bir şeydir.
“Müqəddəs fahişə” və “küçə fahişəsi”nin fərqi 3500 il bundan qabaq bir Assuriya kralının yazdırdığı qanunlar toplusunda qoyulur: yalnız evli, dul və məbəd qadınları başlarını örtə bilər, qızlar, cariyələr və küçə fahişələri üçün örtü qadağandır. (Xristian rahibələri hələ də bu ənənəni davam edirlər. Eləcə də bizim bəzi regionlarımızda ərə gedən qadınlardan baş örtüsü tələbinin də kökü həmin qanuna gedib çıxır.)
Təkallahlı dinlərin paqan dinlərindəki ana-tanrıları taxtdan salmasından sonra görəcəyi iş ana-tanrıları və onların simvollarını məsxərəyə qoymaq, onlara qarşı ikrah oyatmaq üçün onları küçə fahişələriylə eyniləşdirmək oldu.
Ana-tanrı simvollarından biri də qədim romalılarda xüsusi imtiyaza malik dişi qurd idi. Məsələn, Roma şəhərinin qurulmasıyla bağlı əfsanədə deyilir ki, bir dişi qurd bu şəhərin qurucuları olacaq Remus və Romulusu çağa halında tapıb xilas edib. (Bu əfsanədəki dişi qurd əslində, qədim türklərin genezisində iştirak edən məşhur mifik boz qurddur, kökləri türk olan etrusklar vasitəsilə romalılara keçib.) M. Stouna görə Roma şəhərinin adı, heç də bu qardaşların – Remus və Romulusun adından deyil, qurd cildində onları xilas edən ana-tanrı Ruminanın adından götürülüb. (Yeri gəlmişkən, qadın adının şəhərə (ölkəyə, millətə və s.) qoyulması təkcə Roma ilə məhdudlaşmır, məsələn, yunanlar zəka ana-tanrısı Afinanın adını paytaxtlarına veriblər. Latın xalqının adı isə ana-tanrı Latia-nın adındandır, qırğız türkləri də özlərini “qırx qız” əfsanəsindəki qırx qızın soyundan gəldiklərinə görə qırğız adlandırırlar və s. Misalların sayını çoxaltmaq olar.) Ana-tanrı-Ruminanın simvolu olan dişi qurda romalılar “lupa” deyirdilər. Xristianlığın oturuşmasından sonra bu söz “fahişə” mənasında istifadə olunmağa başladı. B.Eldem bənzər örnəklərin Britaniyada da, arxaik ada kültüründə də olduğunu deyir. Bir Gal ana-tanrısı ikona və qabartmalarda dişi tazı, it simvoluyla göstərilir. Və xristianlıq Romada olduğu kimi Britaniyada da yayıldıqdan sonra ana-tanrının simvolu olan, qədim ingilis dilində “dişi it”, mənasına gələn “bicce” sözü, yenə də təhqir mənasında “fahişə” kimi istifadə edilməyə başladı. Bu sözü müasir ingilislər həm də homoseksuallara deyirlər, (bizdəki “ibnə” kimi). İngilis etimoloqlarına görə hazırda “bitch” kimi işlənən sözün kökü “pittja”dır və B. Eldem yazır ki, bu da yunanların ocaq ana-tanrı Pithya-dır. Yunan dilində Pithya Puta kimi tələffüz edilirdi, indi hazırda bu söz “putana”, yəni fahişə mənasında işlədilir.
Fransız dilində ana-tanrı Pithyadan törəyən sözü “putain” kimi fahişəyə deyirlər. Pithya anadolu türklərinin ağzında “pic”, bizdə isə “bic”, “bicbala” şəklinə düşüb, bu söz qeyri-qanuni doğulmuş uşaqlara ünvanlanır, başqa deyişlə fahişə uşağına deyilir.
Qədim türklərdə olduğu kimi (Asena), romalıların, qalların və yunanların ana-tanrıları Lupanın, Ruminanın, Pitjanın simvolları dişi qurd və ya dişi it idi. Və göründüyü lupa, puta, putain, bitch, pic, bic və s. kimi bu sözlər – fahişə və fahişə ilə əlaqəli sözlərə çevrildi.
“Fahişələşdirmə kampaniyası” ana-tanrılarla sərhədlənmədi, peyğəmbər qadınlara da yönəldi. Peyğəmbərlik də başlanğıcda qadınlara aid dini vəzifə idi, məsələn, babilli peyğəmbər qadınları “appiltu”, ya da “muhhtu” adlandırırdılar. İbranicədə isə “zonahm” – peyğəmbr qadın demək idi, amma sonralar bu söz küçə fahişələrinə deyildi.
Eyni aqibət Türkiyə türkcəsində mövcud olan “yosma” sözünün də başına gəldi, bu söz ciddi əxlaqlı sayılmayan qadınları göz önünə gətirir, ancaq etimologiyasına görə us (ağıl) kökündən yaranıb, “ağıllı, bilikli qadın” deməkdir. Böyük ehtimal ki, “yosma” xüsusi dini qadın personaların adı olub. Bayaq haqqında bəhs olunan “bic” sözünün dilimizdə ikinci mənası “çoxbilmiş” deməkdir. Olsun ki, sonralar bilikli qadınları gözdən salmaq üçün coxbilmişliyə fahişəlik donu geyindirildi. Öncəki yazıda vurğuladığım kimi, “ibnə” sözü də bizdə həm bədənini satan kişiyə, həm də həddindən artıq coxbilmiş qadına deyilir. Qadın çoxbilmişliyinin söyüşlük mənası “ifritə” sözündə də özünü göstərir.
2. Bilikli qadınların cadugər və ifritələrə çevrilməsi
Qadınları nəzərdə tutan söyüşlər içində “ifritə”, “cadugər” sözləri təhqir çəkisinə görə “fahişə”dən bir az geri qalır. Dünyanın ən qədim dini dünyagörüşü sayılan şamanizmin deformasiya edilmiş fiqurları olan cadugərlər də monoteist dinlərdən sonra qaralanmağa başladı. Rus dilində cadugər, ifritə, yaxud küpəgirən qarı mənasında işlədilən “vedma” sözü də bir zamanlar söyüş deyildi, bilikli, bilici qadınlara deyilirdi. Sözün kökü olan “ved, “vid”, indi də rus dilində biliklə, sezmə ilə, müdrikliklə və idarəediciliklə bağlı bir çox sözlərin əsasında dayanır: “Videt” sözü görmək, duymaq, sezmək, başa düşmək, bilmək deməkdir, “vedayuşşiy” sözünün həm “bilən”, “xəbərdar olan”, həm də “idarə edən”, “baxan” kimi mənaları var. Eləcə də “veduşşiy” sözünün aparan, idarə edən, qabaqda gedən mənaları da bilikli insanla, daha doğrusu qadınla əlaqədar olaraq yaranıb. Mənası “dünyagörmüş” olan “vidalıy” sözünün də kökü “vid”, yaxud “ved”dir.
Hind fəlsəfəsində mərkəzi yer tutan “veda” sözü də “ved” yəni bilik, daha doğrusu müqəddəs, dini bilik mənasına gəlir.
İngiliscə “witch” sözü də bilik sözünün kökü olduğu halda, həm də küpəgirən qarı, cadugər, ifritə mənalarında işlənir. “Witch” sözü, alman dilində də mənası “bilmək” demək olan “wissen“ sözü ilə eyniköklüdür. Həmçinin almanca alim sözünə də “Wissenschaftler” deyilir.
Ancaq göründüyü kimi, istər rus dilində (vedma), istər də ingilis dilində (witch) – bilikli qadın cadugər, ifritə qismində təqdim edilir. Bu təsir bizim nağıllarımızdan da yan ötməyib; alt dodağı yer süpürən, üst dodağı göy süpürən küpəgirən (cadugər) qarılar mənfi qəhrəmanlardır, ən sonda qaynar təndirlərə atılır. Cadugərlər bizlərdə nağıllarda yandırılsa da, Orta əsrlər Avropasında tam min il boyunca inkvizisiya tonqallarında hərfi mənada yandırılıblar. Bu gün də Afrikada və Hindistanda cadugərlikdə günahlandırılanları yandırırlar.
İrlandada bilici qadınlara “puthones” deyirdilər. Bu söz, ingilslərdə həm peyğəmbər, həm də cadugər deməkdir.
Bilikli qadını cadugər gözündə görmək Türkiyə türkcəsində bir atalar sözündə belə ifadə edilir: “Adamın okuyanı kadı, kadının okuyanı cadı olar.” Yəni, kişinin oxuyanı qazı, qadının oxuyanı cadugər olar.
Bir zamanlar Babil karnavallarında ana tanrı İştarın roluna girən rahibəyə “satari” deyilirdi. Hazırada Türkiyə türkcəsində “soytarı” sözü kimi kloun, oyunbaz, mütrüf mənasında işlənir (Y.Cıbıroğlu).
Beləliklə, müxtəlif dillərdə olan orospu, lupa, puta, putain, bicce, bic, vedma, soytarı, yosma, və s. kimi söyüş və təhqir mənası daşıyan sözlərin etimologiyası, bir yandan bu sözlərin bir zamanlar ana-tanrılara, peyğəmbər və bilici qadınlara aid edilərək onları ucaldan sözlər olduğunu göstərdi, başqa bir yandan isə qadınlara qarşı əksildici münasibətin tarixini aydınlaşdırdı.
(ardı olacaq)
Yazı müəllifin şəxsi fikirlərini əks etdirir…