Əli Əkbərin “Gilə”sini hələ kitab işıq üzü görməmiş oxudum. Bir gecəyə, bir neçə saata, birnəfəsə…Əsəri oxuyanda yaşadığım iki hiss vardı – təəccüb və maraq. Hadisələrin sonra necə inkişaf edəcəyi, əsərin sonunun necə bitəcəyi sualı bir an da tərk etmirdi. Amma bu sualla yanaşı, ikinci sual da rahatlıq vermirdi: “Əli Əkbər bu əsəri necə yazıb?”….
Sözün açığı, mən Əli Əkbərin “Gilə” kimi bir əsər yazacağına heç vaxt inanmazdım. Ona görə yox ki, hansısa ədəbi sahədə ya mövzuda, üslubda onun yazar bacarığına şübhəm var, yox. Ona görə ki, düşünürdüm, əyalət qızının hekayəsini yazmaq ona heç vaxt maraqlı olmaz. Amma əsəri oxuyandan bir müddət sonra müəllif və bu mövzu barəsində niyə belə fikirdə olduğumun ən ciddi səbəbini tapdım: bizim yerli yazarlar, əyalətdən gəlmiş və doğrudan da yaxşı qələm sahibi olan yazarlar əyaləti, kəndi, kənd insanını heç vaxt dünyaya çıxara bilməriblər. Xüsusilə, müasir yerli ədəbiyyatda kəndin, kənd insanının, əyalətin urbanizasiya ilə dialoqu, münasibətləri ya heç qurulmayıb, ya da olduqca uğursuz, suni alınıb. Bir az da şablon ifadələrlə fikrimi ifadə etsəm, biz heç vaxt kəndiimizi, kən insanımızı, kənd insanının yaşantılarını, hekayətini, faciəsini bəşəriləşdirə, dünyaviləşdirə bilməmişik. Buna görə də, əyalət, kənd barədə yazılan mətnin özü də “kəndçi” olur. Mən Əli Əkbərə kənd mövzusunu deyil, kəndçi mətni yaraşdırmamışdım. İndisə, “kəndçi” olmayan, amma əyalətə dəxli olan mətn, özü də yerli qələm adamından, mənim üçün yenilik idi.
“Gilə” dünya tarixində baş verən proseslərin bir Laçın kəndi ilə sanki dialoqudur. İkinci Dünya Müharibəsi Avropa həyatı ilə Laçın kəndi arasında bir körpü, bir əlaqə yaradır, dünya tarixi bir laçınlı oğlanın həyatının axarını dəyişir. Hadisələr Avropada, özü də olduqca realistik təsvirlərlə başlayır, oxucu özünü Avropanın ortasında hiss edir, tədricən hadisələr Azərbaycana, Laçına qayıdır və Laçın kəndinin, Laçın kəndlilərinin inanalmaz dərəcədə rəngli təsvirləri başlayır. Kəndə yanaşma, kəndə yaxınlaşma bucağı olduqca gerçək, inandırıcıdır.
“Gilə” barədə yazılan rəylərdən birində belə bir sual vardı: İsveçrədəki qatar stansiyalarının, Laçın kəndlərinin adlarının, uzun-uzadı təsvirlərin nə mənası var və bu kimə lazımdır?
Sözün açığı, azərbaycanlı oxucunun ümumiyyətlə yazara, müəllifə, mətnə münasibətini çoxdan bildiyim üçün, adətən, belə suallara cavab vermək kimi bir istəyim də olmur. Amma əgər belə suallar çoxlarını düşündürürsə, qeyd edim ki, urbanistik, realistik mətn konkret təsvirlər, adlar, brendlər və s. tələb edir. Nəzərə alsaq ki, “Gilə” ömründə hansısa əyalətdən kənara çıxmayan oxucu üçün deyil, hamı, yəni avropalı, amerikalı, asiyalı, azərbaycanlı, laçınlı – bir sözlə, yerindən, yurdundan, dilindən asılı olmayaraq, hər kəs üçün yazılıb, müxtəlif dillərə çevrilib, müxtəlif ölkələrdən olan oxuculara təqdim olunacaq, onda, yer, stansiya, kənd adlarının əhəmiyyəti olduqca böyükdür. Məsələn, “Gilə”ni oxuyacaq bir isveçrəli üçün Sürixdəki stansiya adı doğma olacaq, əsəri oxuyacaq Laçınlınin da ürəyini Şəlvə dərəsinin adı titrədəcək…
Ümumiyyətlə, normal oxucu belə bir sual verməkdənsə, müəllifin bu qədər yer, stansiya, kənd adı ilə bağlı necə də məlumatlı olduğuna heyrətlənməli idi. Heyrətlənməli idi ki, urbanistikanın ortasında doğulub, böyümüş, hazırda Avropada yaşayan və Avropa həyatına inteqrasiya etmək yolunda uğurlu addımlarını atan bir yazar kənd həyatını, konkret bir regionu necə dərindən, yaxından öyrənib və bu məlumatı kifayət qədər modern bir mətndə necə ustalıqla isrifadə edib. Heyrətlənməli idi ki, “Gilə”ni Laçında, Laçın kimi əyalətlərdə böyümüş, burdan çıxmış qələm adamları deyil, paytaxtda doğulub böyüyən, Laçını bəlkə ömrünə bir dəfə də olsun, görməyən yazar yazıb.
Əli Əkbər “Gilə” ilə göstərdi ki, ədəbiyyat nə həyatın stenoqramıdır, nə iti müşahidə qabiliyyətidir, nə rəngli təbiət təsvirləridir, nə gözəl, axıcı dildir, nə də zəngin fantaziyadır. Göstərdi ki, ədəbiyyat bunların hamısıdır. Bir də üzərində doğru istiqamətdə çəkilən yazıçı zəhmətini, onun sahib olduğu və yerində istifadə eləməyi bacardığı informasiyaları gələndə, ədəbiyyat olur bütün bunlar.
“Gilə” həm də Əli Əkbərin yaradıcılığında yeni mərhələdir. Müəllif barədə az qala on ildir bir çox ortamlarda gəzən “o porno yazır”, “o söyüş yazır”, “o ancaq penisdən və vaginadan yazır” və bu kimi məsuliyyətsiz bəyanatlar, söhbətləri bu mətndən sonra öz gücünü itirdi. Ədəbiyyat və sənət tarixindəki bir çox mətnlərdə insanın bədən orqanlarının nəinki vulqarlıq, açıqlıq olmadığından, hətta yerində istifadə olunanda yüksək sənət nümunəsi hesab olunmağından xəbəri olmayan oxucuların üz, burun qırışdırmaları da bu əsərlə öz gücünü tamam itirdi. “Gilə” göstərdi ki, hansısa mətndə bir qızın döşündən, bir oğlanın penisindən söhbət gedirsə, o döşdən, o penisdən yapışıb, mətni “pornomətn”, “söyüşlü mətn”, “erotika” və daha hansısa yarlıqlarla bəzəmək olar, amma bununla həmin müəllifin yaradıcılığını qaralamaq, ələ salmaq, yuxarıdan aşağı baxmaq mümkün deyil.
Çünki yazıçı yaxşı yazmağı bacarırsa, heç bir açıq ifadəyə, təsvirə yer vermədən də yaza bilər. Amma bu o demək deyil ki, o həmişə belə yazmalı imiş, indi səhvini anlayıb, mətnini düzəldib. Yox, bu o deməkdir ki, əvvəlki mətnlər o üslübü, o ifadələri tələb edib, bu mətndə isə tamam başqa stil, tamam başqa ifadələr, təsvirlərdən istifadə edilməliymiş. Hansı mətndə hansı cür davranmağı, hansı ifadələrdən istifadə etməyi yazıçıya öyrətmək isə oxucu ədəbsizliyidir və özünə hörmət edən, ciddi oxucu belə şeyləri heç vaxt eləməz.
Əsərin bəddi kieyfiyyətinə, süjetin inkişafına, sonluğa, əsərin dilinə, bir sözlə, bütün mətnin məziyyətlərinə baxanda, “Gilə”ni azərbaycan ədəbiyyatında yeni hadisə hesab etmək olar.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.