Daha bir NİDA Vətəndaşı Hərəkatının üzvü saxlanıldı
Yanvarın 16-sı günorta saatlarından xəbər alınmayan gənc fəal Rahim Vəliyevə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası verdiyi məlum olub. Bu barədə Meydan TV -yə Rahim Vəliyevin yaxınları məlumat verib.
O, səhər saatlarından Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra fəalın evinə baxış keçirilib, ona məxsus kompüter və telefon götürülüb.
Fəalın yaxınları
hesab edir ki
, o, “Facebook”dakı aktivliyinə görə saxlanılıb. Gənc fəal son “Facebook” statusunda bunları yazıb:
“Bu iqtidar biz gənclərin əlindən ala biləcəyi hər şeyini alıb. Təhsilini, sağlamlığını, gələcəyini, müstəqilliyini və eləcə də digər dəyərlərini. Oğurladıqları ilə kifayətlənməyib illərdir ki dostlarımızı da oğurlamağa davam edirlər. Növbəti oğurlanan hər birimiz ola bilərik. Qorxmuruq, çünki qazandığımızı qazanmışıq və itirəcəyimiz də heç nə yoxdur. Qazandığımızsa elə dəyər verdiklərimizdir təkcə. Sözüm ondadır ki, dəyər verdiyimiz insanların, dostlarımızın sayını oğurlamaqla azalda bilməyəcəklər. Bu ki büdcə deyil istədikləri kimi, öz kefləri üçün xərcləsinlər. Uzun sözün kəsəsi, qorxmalı olan oğrular, sizin oğurluqlarınızın hesabatını alacaq olanlarsa elə bizik”.