””Facebook” şəxsiyyəti təsdiqləyən sənəd tələb etməlidir”

”Seçici siyahısındakı qeydiyyatı, pasport məlumatlarını daxil edənlər “Facebook”da ciddi qəbul olunsun”

Source:


”Seçici siyahısındakı qeydiyyatı, pasport məlumatlarını daxil edənlər “Facebook”da ciddi qəbul olunsun”

““Facebook” şəxsiyyəti təsdiqləyən sənəd tələb etməlidir. İstifadəçilərə internetdə anonimliyə icazə verilməsi texnologiya nəhənglərinin başına gələn iyrənc və qanunsuz halların kökündə durur”.

Edvard Lukas “The Times” qəzetində belə yazır. O, arqumentini sosial şəbəkələrin, özəlliklə də, “Facebook”-un hüquqi və mənəvi vakumda işləməsiylə izah edir.

Apreldə Böyük Britaniya parlamentarilərinin hazırladıqları hesabatda deyilirdi ki, sosial şəbəkə platformalarının manyak, terrorçu, eləcə də Rusiya kimi “xarici düşmən ölkələr” tərəfindən sui-istifadəsini əngəlləyə bilmirlər. Nəticədə sosial media saxta xəbərlərin, “kəşfiyyat pornoqrafiyası”nın yayıldığı bir məkana çevrilib. “Kəşfiyyat pornoqrafiyası” terminini ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceymis Komey təzəlikcə düzəldib, siyasi məqsədlərlə oğurlanan e-mail-ləri, sızdırılan digər materialları nəzərdə tutur.

Jurnalist yazır ki, müəllif hüquqlarının pozulmasına görə ən çox tənqid olunan “Facebook”dur. Məsələn, boksçu Anton Coshanın Vladimir Klitsko üzərində qələbəsini “Facebook Live”-da 400 min nəfər izləyib.

“Beləliklə, yarışmaya vaxtını, pulunu və sağlamlığını qoyanların intellektual mülkiyyəti oğurlanmış olub. Elə bilin ki, oğru onların geyinib-soyunma otağından əşyalarını çırpışdırıb”, – deyə məqalədə bildirilir.

Yaxud Avstraliyada sosial şəbəkədə seksist və antisemit münasibətlə üzləşmiş yəhudi məktəbli qıza şirkətdən bildiriblər ki, onların “ictimai standartları” pozulmayıb. Müəllif qurbanların “Facebook” rəsmiləri ilə dərhal ünsiyyət qura bilmədiyini, onların ləng hərəkətə keçdiyini də vurğulayır.

Texnologiya nəhəngləri artıq hüquqi və siyasi baryerlərlə üzləşməli olurlar. Məsələn, Almaniya saxta xəbərlərin yayıldığı sosial media şirkətlərinə cəza tətbiq etməyə hazırlaşır. “Facebook”-un həmtəsisçisi Mark Zukerberq də bildirib ki, zorakı kontentə nəzarət məqsədiylə əlavə 3 min nəfər işçi götürəcək.

Müəllif bunun da problemi yoluna qoya bilməyəcəyini, əsas əngəlin anonimlikdən qaynaqlandığını deyir:

“Bir neçə saniyəyə “Facebook” hesabı yaradılır və real ad, ünvan tələb olunmur. “Sivilizasiya bir-birini yaxşı tanımayan adamların inamlı əlaqə yaratmasından asılıdır. Real dünyada hisslərimiz köməyimizə gəlir. Bu adam normal görünürmü? Normal danışırmı? Normal qoxuyurmu? Bu suallara cavab tapmağa çalışırıq”.

“Twitter” problemi birtəhər yoluna qoymağa çalışır, “təsdiqlənmiş” istifadəçilərin adlarının qarşısında mavi “quş” qoyulur. Məsələn, @realdonaldtrump hesabından tvit atan ABŞ prezidentinin özüdür ki var. @darthputinKGB isə Kremlin başında duran şəxsin adından yaradılmış parodiya hesabıdır.

Müəllifin fikrincə, “Facebook” da belə etməlidir. Sosial şəbəkəyə özü haqqında kredit tarixçəsi, mobil telefon ödənişləri, seçici siyahısındakı qeydiyyatı və pasport məlumatlarını daxil edənlər “Facebookland”də ciddi qəbul olunmalıdırlar.

“Həqiqiliyini nə qədər güclü formada təmin edərsənsə, daha çox hüquq qazana – canlı video yayımı edə, mesaj göndərə, gündə dəfələrlə material yaya bilərsən. Həm də elədiklərinə görə məsuliyyət daşımalısan. Anonimliyini saxlamaq istəyənlər də istəklərinə uyğun davrana bilərlər, amma özünü təqdim etməyə hazır olanların hüquqları onlara aid olmamalıdır”, – müəllif vurğulayır.

Siyavuş Novruzov

2017-ci ilin martında Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov “Facebook”-da şərh yazmaq üçün pasportla qeydiyyatın tətbiq olunmasını təklif etmişdi. Təklif parlamentdə “İnformasiya, informasiyalaşma, informasiyanın mühafizəsi haqqında” Qanunun müzakirəsi zamanı səslənmişdi. O zaman həmin fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açmış, tənqidçilər bunu hakimiyyətin müstəqil fikirliləri nəzarətə almaq niyyətiylə izah etmişdi.

Bundan başqa, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, internetdə saxta adla böhtan atanın, təhqir edənin cəriməsinin yuxarı həddi 500 manat da artıb, 2 min manata qaldırıla bilər.



Mənbə: Azadlıq Radiosu

Ana səhifəXəbərlər””Facebook” şəxsiyyəti təsdiqləyən sənəd tələb etməlidir”