Facebook gəncliyi

Utanmasalar, tualetdə olduqlarını da bildiriş kimi yayarlar…

Source:

Facebook-da bir xanım mənə eşq elan etmişdi. Guya məni bir dəfə təsadüfən küçədə görməklə aşiq olub və ərindən boşanıb. İndi də məndən onunla münasibət yaratmağımı tələb edirdi. Bəli, tələb!

Mənim üçün kimin isə haqqına girmək və qəlbini qırmaq ən alçaq iş sayılır. Həmişə bu məsələyə xüsusi həssaslıqla yanaşıram. Həmin xanımdan mədəni şəkildə imtina etsəm də, o məni alçaltmağa başladı. Facebook-dakı təhlükəszlik xidmətindən istifadə edib, onu “blok” etdim. Başqa profillərdən yazmağa başladı. Yenə “blok” etdim. Dostluğumda olan hansısa yaxın tanışımdan telefon nömrəmi və ünvanımı öyrəndiyini söylədi. Bunun ona 30 manata başa gəldiyini vurğuladı. Bəli hansısa tanışım məni 30 manata “satmışdı”. Xanım dedi ki, bilirsən mən dəliyəm, səndən də əl çəkən deyiləm.

Kiminləsə münasibətdə olarkən ən mühüm amillər-qarşılıqlı hörmət və anlayışdır. Hələ sevgini demirəm. Şəxsən sevgi mənim üçün çox böyük məhfumdur. Sevgini həmişə sağlam saxlayan qarşılıqlı hörmət və anlayışdır. Bu iki anlayışa əsas zidd və müxalif insanın şəxsi eqosudur. Eqoistliyin əsas əlamətləri:

1. Özünü haqlı hesab etmək.

2. Öyünmək.

3. Diqqəti cəlb etmə səyləri.

4. Səhv etmə qorxusu.

5. Tənqidə razı olmamaq.

6. Geri qalmaq kompleksi.

Bu 6 əlamət əgər bir şəxsdə formalaşıbsa və o, kiminləsə münasibətdədirsə, həm də bu münasibətin adı sevgidirsə, bu sevgi çətin ki, ayaqda qala. Psixoloqlar bildirir ki, hər bir insanın eqosu var. Sadəcə əsas məqam eqonu düzgün istiqamətləndirib, onu məhz nəfsinə qalib gəlməklə idarə etmək lazımdır.

Müvəqqəti olaraq, əlil arabasında oturmuşam. Ümid edirəm, nə vaxtsa yeriyəcəm. “Əlil arabasında oturmağa məhkumam” sözünü ona görə istifadə etmirəm ki, məhkum olmaq yaxşı şey deyil. Necə ki, gözləri zəif görən biri eynəkdən istifadə edir. Mən də gəzə bilmədiyim üçün bir vasitə olaraq əlil arabasından istifadə edirəm.

19 yaşımda keçirdiyim qəzadan əvvəl çox fəal olmuşam. 6 il futbol ilə məşğul olmuşam. İki ildən çox kapoeyra döyüş növü ilə məşğul olmuşam. Əlavə olaraq sərbəst güləş, cüdo və boksla da məşğul olurdum. Qaydasız döyüşlərə çıxmağa niyyətim var idi. Qismət olmadı.

Əlillik qazanmağıma qədər heç bir sosial şəbəkədən istifadə etmirdim. Indi isə oturaq həyat keçirdirəm. Günün çoxunu evdə olduğum üçün sosial şəbəkələrdən istifadə edirəm. Yazdıqlarımdan elə anlaşılmasın ki, sosial şəbəkəyə qarşıyam. Yox, sadəcə sutkanın çox hissəsini boş-boş burda keçirənlərə şiddətlə qarşıyam.

Baxın, gəzirsiniz, heç bir fiziki məhdudiyyətiniz yoxdur… Çox yaxşı olar ki, sosial şəbəkələrdə avaralanmağın yerinə gül və yaxud ağac əkəsiniz, insanlara nədəsə kömək edəsiniz. İndi məzlum şəkildə deyəcəksiniz ki, özümə kömək edən lazımdır. Halbuki könüllü olaraq əlilliyi olan insanlara kömək edə bilərsiniz. Söhbət maddi köməkdən getmir. Əlil arabasından istifadə edən insanların bir çoxu ölkədəki zay infrastruktura görə evlərindən bayıra tək başına çıxa bilmirlər. Çölə çıxmaq üçün kiminsə köməyinə, fiziki gücünə ehtiyac duyurlar. Görmə qabiliyyətini itirmiş şəxslərə hər gün bir-iki saat kitab oxuya bilərsiniz. Yaşlı və köməksiz insanların evlərini təmizləməyə kömək edə bilərsiniz və s.

Ay özünü müsəlman sayan insan, bütün bunları etməklə o, köməksiz insanların, könlünü xoş edib, Allah qatında böyük savab qazanmış olarsan.

Gəncliyinizi və enerjinizi nə üçün sosial şəbəkələrə xərcləməlisiniz? Əlilliyi olan insanları müəyyən qədər anlamaq olar. Onlar sırf oturaq həyat tərzi sürdüyü üçün günlərinin çoxunu sosial şəbəkələrdədirlər. Mən fiziki məhdudiyyətli şəxslərin bütün günü sosial şəbəkələrdə yatmağının tərəfdarı da deyiləm.Gün ərzində ən azı bədənlərinin keyləşməməsi üçün müəyyən fiziki hərəkətlər etməli və beyinin inkişafı üçün mütaliəni də unutmamalıdırlar.

Nə vaxt facebook-a girirəm, xüsusi adamlar var, görürəm ki, online-dırlar. Öz depressiv və pessimist statusları ilə və ya ən düşük paylaşımları etməklə adamda ikrah hissi oyadırlar. Təbii ki, indi qəbul etməyəcəklər dediklərimi. Deyəcəklər ki, telefonda bütün günü facebook-u açıq saxlayırıq ki, guya “ciddi” bir mesaj gəlsə, xəbər tutaq. Bu insanların 90 %-i bütün günü internetdə yatdıqları üçün, qızlı-oğlanlı kökəlib, boçka boyda olublar. Səhər tezdən gözlərini açan kimi, taa yatana qədər gözlərini kompyuter və telefonla məhv edirlər. İmkanları olsa hamamda çiməndə və yuxuda olanda da sosial şəbəkələrdə olarlar. Tualeti demədim, zatən tualetə telefonla girdikləri üçün 5 dəqiqədən sonra çıxmaq əvəzinə 15 dəqiqəyə çıxırlar ordan. Utanmasalar facebook-da tualetdə olduqlarını da bildiriş kimi yayarlar dostlarına.

Yemək bişirmə və ev yığışdırma qabiliyyəti olmayan qızlar 20 və 30 il əvvəli fikirləşsinlər. O vaxt qadın və qızlarımız zavodlarda fəhlə işləyir, bəziləri tarlada pambıq yığır, bu işlərədən əlavə hələ uşaq saxlayır, evdə əlavə məşğuliyyət kimi tikmə-toxuma işləri ilə məşğul olub, ev şəraitində dibçəkdə gül, ləklərdə göyərti əkirdilər.

Nə olub axı sizə, qızlar? Niyə real həyata həvəsiniz ölüb? Ümumiyyətlə, həyatınızda məna və məqsəd var sizin? Niyə ancaq telefon, kompyuter oynadıb, geyinib, bəzənib sosial şəbəkələrdə paylaşımlarla xoşbəxt görüntü yaratmağa çalışırsınız? Qızların çoxu indi üzümə bozaracaq ki, bəs indi zavod və fabrik yoxdur ki, gedib işləyək. Mən demirəm ki, hamınız evdar və ictimai fəal qadın olun. Demirəm ki, küçələrə, mitinqlərə çıxıb etiraz edib, şüarlar səsləndirin. Dediyim odur ki, qız və qadın olduğunuzu unutmayın. Sabah sizin normal övlad yetişdirməyiniz şübhə altındadır.

Sevdiyiniz oğlanla küçədə yeriyərkən, qarşılaşdığınız əli uşaqlı qadın və ya oynayan balaca uşaqları görəndə, o dəqiqə, oğlanın yanında özünüzü uşaqsevən kimi göstərib, qayğıkeş görüntü yaradırsınız. Amma heç biriniz gələcəkdə uşağı necə yetişdirmək barədə bir məlumat oxumur, və ya gələcək övladınıza bir balaca corab toxumursunuz. O sosial şəbəkələrdə fırlanmaq əvəzinə, bir dəfə əlinizə kitab alıb oxusanız və ya bir kino izləsəniz, qat-qat faydalı ola bilər.

Əziz oğlanlar bütün günü internetdə qız tutmaq əvəzinə, bir az ciddi olub pul qazanmağı və ya pulu necə xərcləməyi öyrənin. Bir az sevdiyiniz qadınlarla məşğul olun, onlara yaxşı şeylər öyrədib, maarifləndirin. Unutmayın ki, Azərbaycan qadını üçün sevdiyi oğlan üçüncü valideyn kimi sayılır. Çünki onu məhz kişi yetişdirməlidir. Mənə hələ də çox maraqlıdır saatlarla internetdən yapışan evli kişilər… Görəsən sizin arvad və uşağınız, onları necə saxlamağınız və qayğılarınız hansı formadadır?! Onlara vaxt ayırırsınız? Qayğılarını çəkirsiniz?

Alimlərin araşdırmasına görə kompyuterdən çox istifadə etmək insanı tez yaşlandırır. Babasil və impotentsiyaya tutulanların çox faizi oturaq şəkildə kompyuterdən istifadə edən insanlardır. Nəticə çıxarın!


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəFacebook gəncliyi